Yuxarı

Krım üçün "xilas yolu”: Rusiyaya qarşı ciddi təzyiqlər gözlənilir”

Krım üçün

Krım üçün

Qərbin Rusiyaya qarşı təzyiqləri güclənməyə başlayır.

Bu günədək Rusiyaya qarşı bir çox həmlələr olub, lakin Qərb istədiyini tam əldə edə bilməyib. Son zamanlar müşahidə olunan odur ki, Qərb bu təzyiqləri kompleks səkildə həyata keçirməyə qərar verir və səthi bəyanatlardansa, praktiki həll variantına keçməyi planlayır.

Xüsusən Belarus olaylarından sonra bu mənzərəni daha aydın müşahidə etməyə başlayırıq. Qərb öncə Gürcüstan həmləsində geri çəkilməli olsa da, sonradan Sevastopolda NATO bazasının yerləşdiriləcəyini hiss edən Rusiya Ukraynanı cəzalandırmaq qərarına gəldi.

Nəticədə Krımı ilhaq etdi. Donbas və Luqanskı da Ukraynadan ayırdı. Qərbin yeni həmləsi isə Belarus üzərindən oldu. Belarus Rusiya üçün Qərbə qarşı duran yeganə qala, bufer zona idi. Ona görə də Rusiya burada heç cür qərbyönümlü qüvvələrin hakimiyyətə gəlməsinə razı olmaq istəmədi və ona görə də əlindən gələni edib Aleksandr Lukaşenkonu hakimiyyətdə saxladı. Qafqazda da öz mövqeyini gücləndirən Rusiya həm Qarabağ probleminin həllində vasitəçi oldu, həm də etiraf etmək lazımdır ki, bura girəndə öz maraqlarını qorumağı da əsas məqsəd hesab etdi.

Qərb Rusiyaya bir də Moldova cəbhəsindən təzyiqlərə başlayıb. Xüsusən Moldovada qərbyönümlü Maya Sandunun hakimiyyətə gəlişindən sonra bunu daha qabarıq görmək olur. Moldova rəhbərliyi Rusiya Rusiya sülhməramlılarının Dnestryanı ərazilərdən çıxarılması və ölkənin ərazi bütövlüyünün bərpası üçün lazım gələrsə, NATO ölkəsi olan Rumıniya ilə birləşəcəyini də istisna etmir. Rusiya demək olar ki, indiyədək bu təzyiqlərə məhəl qoymadı. Qərb bir sıra hallarda Rusiyanı işğalçı siyasətinə son qoymağa çağıran bəyanatlarla çıxış etsə də, bunun bir effekti olmurdu. Lakin artıq BMT bu məsələləri praktiki müstəvidə həll etməyə çalışır deyə bilərik.

Xəbər verildiyi kimi, Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyası Krım yarımadası haqqında qətnamə qəbul edib. Qətnamə Krım Muxtar Respublikası və Sevastopol şəhərinin, həmçinin Azov dənizi və Qara dəniz akvatoriyasının hərbiləşdirilməsi problemi ilə bağlı olub. BMT Baş Assambleyasının 75-ci sessiyasında qəbul olunmuş qətnamədə həmçinin Rusiyanın Krımı ilhaqı dayandırması çağırışı yer alıb.

Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli "Cümhuriyət”ə açıqlamasında BMT-nin Krımla bağlı qəbul etdiyi qətnaməni çox ciddi sənəd kimi dəyərləndirib:

"BMT Baş Assambleyasının Krımla bağlı qəbul etdiyi qətnamə çox ciddi sənəddir. Doğrudur, Krım ilk dəfə Rusiya tərəfindən ilhaq edilərkən də bir qədər mülayim tonda bəyanat səsləndirilmişdi. Amma bu qətnamə çox sərt və tələbkar formada Rusiyadan hərbi qüvvələrini yaxın müddətdə Krımdan çıxarılmasını tələb edir. Bu da o deməkdir ki, BMT artıq bu məsələni praktiki həll variantı ilə çözməyə çalışır. Bu qətnamədən sonra yaxın zamanda Krımla, hətta deyərdim ki, Donbasla bağlı Rusiyaya qarşı ciddi təzyiqlər gözlənilir. Bu təzyiqlərin həyata keçirilməsində Rusiyaya Amerikanın, Qərbi Avropa dövlətlərinin və bir sıra digər dövlətlərin ciddi təsirinin olacağını istisna etmirəm. BMT-nin bu qətnaməsi çox kəskin və təsirli bir qərardır. Əminəm ki, BMT bu məsələni daim diqqət mərkəzində saxlayacaq və bir müddət keçdikdən sonra yenidən həmin məsələyə qayıdacaq”.

Politoloq hesab edir ki, Rusiya bu qətnamədən sonra Qərbin sanksiyalarının ağırlığını çiyinlərində hiss edənədək sözügedən sənədi görməzdən gələcək:

"Rusiya isə həmişəki kimi yenə də saymazyana hərəkət edəcək. Sanki heç nə olmayıbmış kimi məsələyə reaksiya da verməyəcək. Lakin ona qarşı sanksiyalara tətbiq edilməyə başlayandan sonra narahatlıqları artacaq və reallığı dərk etməyə başlayacaq. O zaman reaksiyaları da görünəcək”.

Əli Bədir





Həftənin ən çox oxunanları