Yuxarı

İran-İsrail qarşıdurması: Üçüncü qüvvə savaşa təhrik edir

İran-İsrail qarşıdurması: Üçüncü qüvvə savaşa təhrik edir

İran-İsrail qarşıdurması: Üçüncü qüvvə savaşa təhrik edir

İranla İsrail arasındakı münasibətlər getdikcə gərginləşməyə başlayır.

Xəbər verildiyi kimi, 27 noyabrda "İranın atom bombasının atası” adlandırılan Möhsün Fəxrizadə Tehran yaxınlığında öldürülüb. Fəxrizadə ballistik raketlər üçün nüvə başlığı hazırlayan "Amad” adlı məxfi layihəyə başçılıq edirdi. Onun ölümündə ABŞ ilə İsrail kəşfiyyatı günahlandırılırdı. Məsələdə ən çox ABŞ günahlandırılırdı. Çünki onun İranla münasibətlərindəki gərginlik və 2020-ci ilin 3 yanvarında general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsi bu şübhələri gücləndirirdi.

Qasım Süleymani İnqilab Keşikçiləri vardiyasının (SEPAH) ən güclü bölməsi olan Qüds qüvvələrinin lideri idi. Xatırladaq ki, Möhsün Fəxrizadə də İran İslam İnqilabı Keşikçiləri Korpusunun zabiti olub. Amerika bu Korpusu bütövlükdə terror təşkilatı elan edib. Bütün bu hadisələrin yaxınlığı şübhələri Amerika üzərinə çəkirdi. İran hökuməti də M. Fəxrizadənin qisasını alacağını bildirmişdi.

Qeyd edək ki, İran zamanında Qasım Süleymaninin də qisasını alacağını bildirmişdi. Lakin "Ediot Ahronot” və "Maan” agentlikləri fərqli bir məlumatla çıxış edib, bütün şübhələri İsrailin üzərinə çəkdi. Sözügedən agentliklər bildirirlər ki, İsrailin "Mossad” təhlükəsizlik orqanı İranın nüvə mütəxəssisi Möhsün Fəxrizadəni 1993-cü ildən izləyirmiş.

Digər tərəfdən isə İran tərəfi İsrailin paytaxtı Təl-Əvivdə "Mossad”ın yetkilisi Fahmi Hinavinin öldürüldüyünü iddia edib. İran mediasında yayılan xəbərlərdən aydın olur ki, Fahmi Hinavi qırmızı işıqda dayanarkən 15 atəşlə qətlə yetirilib. Məlumata görə, İran tərəfi bu qəsdin nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsinə cavab olaraq həyata keçirildiyini bildirib.

"”Mossad”la Fəxrizadə arasında hansısa kontakt olub”

"Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan "Cümhuriyət”ə açıqlamasında nüvə alimi Möhsün Fəxrizadənin ölümündə İranın birmənalı şəkildə İsraili günahlandırmadığını deyib:

"Möhsün Fəzrizadə İranın öldürülən sayca beşinci nüvə alimidir. Son günlər xəbər yayıldı ki, 27 il öncə "Mossad” Möhsün Fəxrizadə ilə təmas qurub və nüvə proqramının hərbi layihə olub-olmadığını öyrənməyə çalışırmış. Bu da o deməkdir ki, "Mossad”la Fəxrizadə arasında hansısa kontakt olub. Bu fikir daha öncə qətlə yetirilən nüvə alimləri ilə bağlı da bildirilmişdi.

Əgər "Mossad”la Fəxrizadə arasında əlaqə vardısa, nəyə görə İsrail informasiya kanalını bağlamalı idi. Nüvə proqramına Fəxrizadə özbaşına rəhbərlik etmirdi ki, İsrail kəşfiyyatı onu öldürməklə proqramı neytrallaşdırsın. Fəxrizadəni də ora təyin etmişdilər. Deməli, Fəxrizadə həmin nüvə proqramına İranın ali rəhbəri Seyidəli Xamneyinin göstərişi ilə rəhbərlik edirdi. Buna görə də İsrailin Fəxrizadəni öldürmə şübhəsi aradan qalxır.

Deməli, Fəxrizadənin öldürülməsi ilə bağlı başqa variant axtarmaq lazımdır. Bu şübhə İrandakı hakimiyyətdaxili qüvvələrində üzərinə də yönələ bilər ki, həmin qüvvələr Fəxrizadə ilə İsrail arasındakı kontaktı bildikləri üçün onu öldürüb, günahı İsrailin boynuna atmağa çalışa bilərlər.

Məqsəd isə İsrailin nüvə proqramı ilə bağlı informasiya kanalını bağlamaqdır. Çünki İsrail İranın atom silahı əldə etməsinə qarşı olan azsaylı dövlətlərdən biridir”.

"Bu cür terror aktları dövlətlər arasında ciddi silahlı münaqişələrə bəhanə ola bilər”

Politoloq hesab edir ki, dövlətlərin əsas füqurlarının terrorla aradan qaldırılması silahlı qarşıdurmaya səbəb ola bilər:

"İkinci bir məsələ isə İranın Möhsün Fəxrizadənin qisasını alacağı ilə bağlı məlumat yaymasıdır. İran indiyədək ölən əvvəlki alimlərinin də qisasını ala bilməyib. Baxmayaraq ki, əvvəl də onların qisasını alacağını bəyan etmişdi. İran İnqilabı Keşikçilərinin Qüds qolunun komandanı, general Qasım Süleymani ilə bağlı vəziyyət də eynidir.

Yəni İran onun da qisasını almayıb. Qasım Süleymaninin ölümü ilə bağlı İranın ABŞ-a edə biləcəyi hərəkət, yalnız onun boş hərbi bazalarını bombalamaq oldu. Süleymaninin, Fəxrizadənin və bu kimi digər şəxslərin öldürülməsi terror hadisəsidir. Bu alqışlanası və ya müdafiə olunası hadisə deyil. Bu bölgədə gərginliyi artıran və çox ciddi nəticələrə gətirib çıxaracaq hadisədir.

Tarixdən örnək gətirməli olsaq, Birinci Dünya Müharibəsinə Avstriya- Macarıstan şəhzadəsi Frans Ferdinandın öldürülməsi bəhanə oldu. Yəni bu cür terror aktları bəhanə ola bilər ki, dövlətlər arasında daha ciddi silahlı münaqişə və toqquşma baş versin. Ona görə də dövlət üçün əsas fiqurların aradan qaldırılması dövlətlərarası münasibətlərdə çox həssas məsələdir.

Amma bütün hallarda İranın gücü çatsaydı və ya əlində ciddi dəlillər olsaydı Fəxrizadənin qisasını alardı. Fəxrizadənin ölümündən sonra SEPAH-ın baş komandanı briqada generalı Səlaminin adında məlumat yayılaraq bildirildi ki, guya İranın nüvə aliminin ölümündə İsrail günahkardı. Lakin İnqilab Keşikçiləri Qvardiyası bəyanat yaydı ki, general Səlami belə bir söz deməyib. Yəni İnqilab Keşikçiləri Qvardiyası bu məsələni təkzib edir ki, biz Fəxrizadənin ölümündə İsraili ittiham etmirik”.

"Ola da bilər ki, bu qətli hansısa üçüncü bir qüvvə həyata keçirib”

Ekspert əlavə edib ki, İran daxilində İsrailə qarşı olan fikirlər birmənalı deyil:

"Bəs İsraili kim ittiham edir? Hakimiyyətdaxili başqa qüvvələr. Fəxrizadə özü də İnqilab Keşikçiləri Qvardiyasının yüksək rütbəli zabiti olub. Deməli, İranda Fəxrizadənin qətlinə münasibət birmənalı deyil. Bu isə İran hakimiyyəti daxilində İsrailə münasibətin birmənalı olmadığını göstərir. Ona görə də İranın bu tip məsələlərdə birmənalı hərəkəti də mümkün deyil.

Ola bilər ki, "Mossad”ın yetkilisi Fahmi Hinavinin öldürüldüyü doğrudur və bunda hansısa İran qüvvəsinin əli var. Amma bu İran İnqilabı Keşikçiləri Qvardiyasının elədiyi hərəkət deyil. Ola da bilər ki, bu qətli hansısa üçüncü bir qüvvə həyata keçirib, İranın üstünə atır ki, iki dövlət arasında münasibətləri daha da gərginləşdirsin. İran bundan reklam kimi istifadə edə bilərdi. Yəni guya ki, İran istədiyi zaman "Mossad” üzvünü də istədiyi yerdə öldürə bilir və s. Lakin bu İrana terrorçu imici qazandırır və həmin fikirləri gücləndirir. Məlum olduğu kimi, İnqilab Keşikçiləri Qvardiyası ABŞ tərəfindən terror təşkilatı elan edilib. Bu faktor da ABŞ-ın iddiasını gücləndirmiş olardı.

Digər tərəfdən "Mossad” kim tərəfindən üzvünün öldürülməsi ilə bağlı nə İsraildən nə də İrandan rəsmi bir fikir var. Əgər İran rəsmilərindən kimsə "Mossad” üzvünün İran tərəfindən qisas zəminində öldürüldüyünü bəyan etsəydi, buna inanmaq olardı. Amma bunların heç biri yoxdur. Qalanları isə ehtimaldır. Hamı bilir ki, İsraillə İran düşməndir. İranın sabiq prezidenti Mahmud Əhmədinejad bir dəfə ölkədəki quraqlığın səbəbkarı kimi Amerikanı göstərmişdi.

O iddia edirdi ki, ABŞ buludları başqa ərazilərdə dağıdır ki, İrana yağıntı düşməsin. Yaxud Urmiya gölünün qurumasını da Amerika ilə əlaqələndirirdilər. Yəni primitiv məsələlərdə belə Amerikadan şübhələnilir. İranda uzun müddətdir ki, baş verən müəmmalı hadisələrdə "ingilis barmağı” axtarılır. İndi də ingilisin iki barmağı var ki, onlardan biri ABŞ, digəri İsraildir. Ona görə də nə baş versə, İsraillə ABŞ-ın adı hallanır”.

"İran "qisas alacağıq” deyəndə adətən, terror törədir”

S.Soltan İranın "qisas planı”nın yalnız terrordan ibarət olduğunu qeyd edir:

"İran "qisas alacağıq” deyəndə adətən terror törədir. Çünki onun əlindən terrordan başqa bir iş gəlmir. Məsələn, ABŞ başqa bir dövlətdən qisas alanda və ya onu cəzalandıranda ya ordu yeridir, ya da iqtisadi sanksiya tətbiq edir. Beləliklə ölkə iqtisadiyyatını sıradan çıxarır. SSRİ Amerikanın sanksiyalarından çökdü.

Yaxud İrana 1995-ci ildən bəri ABŞ tərəfindən tətbiq olunan sanksiya İran iqtisadiyyatını çökdürüb və bərbad vəziyyətə salıb. İranın isə belə bir gücü yoxdur. İranın maraqlarına qarşı çıxış edənləri Tehran hakimiyyəti terrorla cəzalandırır.

Çünki İranın sanksiya tətbiq edib qisas almağa gücü yoxdur. İran ya terror törədəcək, ya da süi-qəsd hazırlayacaq. İran ən çox rəqiblərinə sanksiya tətbiq edən dövlətlərin bu siyasətinə qoşula bilər. Məsələn, tutaq ki, Çin və Rusiya birləşib ABŞ-a sanksiya tətbiq edərsə, İran da onların yedəyində olacaq”.

Əli Bədir





Həftənin ən çox oxunanları