Yuxarı

İrana qarşı "ikinci dalğa”? - Tehran gözləyir

İrana qarşı

İrana qarşı

Co Baydenin hakimiyyətə gəlişindən sonra ABŞ- İran münasibətlərinin yeni müstəviyə daşınacağı da gözlənilir.

Bir çox ekspertlər hesab edir ki, Bayden hakimiyyətə gələndən sonra Amerikanın sabiq prezidenti Barak Obamanın siyasi xəttini müəyyən korrektələrlə davam etdirəcək. Lakin baş verənlər bu məsələdə insanı bir az da düşünməyə məcbur edir.

Xüsusən İranın tanınmış nüvə mütəxəssisi, fizik Möhsün Fəxrizadə öldürülməsindən sonra İran- ABŞ münasibətlərinin gələcəyi haqqında fərqli fikirlər formalaşmaqdadır.

Xatırladaq ki, Amerika 2019-cu ilin yanvar ayında İnqilab Keşikçilərinin Qüds qüvvələrinin rəhbəri, general Qasım Süleymanini öldürtdürüb. Hətta bu İran-ABŞ münasibətlərində dərin böhrana da səbəb olmuşdu. İndi də İranın məşhur nüvə mütəxəssisinin qətlə yetirilməsi təsadüfi hadisə deyil. Məsələdə ABŞ-ın da maraqları olduğu bildirilir.

Qeyd edək ki, ABŞ-la İran arasında nüvə məsələsinə görə uzun müddət münasibətlərdə gərginlik yaşanıb. Əgər Möhsün Fəxrizadənin öldürülməsində də ABŞ-ın əli varsa, bu İran- ABŞ münasibətlərinin yenidən gərginləşəcəyi deməkdir.

Lakin İran Baydenin hakimiyyətə gəlişindən kifayət qədər məmnun görünür. ABŞ- İran münasibətləri Ağ Evdə hakimiyyətə gələn yeni iqtidar dönəmində necə inkişaf edəcək?

Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli "Cümhuriyət”ə açıqlamasında deyib ki, Möhsün Fəxrizadənin ölümündə ABŞ-ın yaxından iştirak etdiyi görünür, çünki Fars körfəzinə yaxınlaşan Amerika gəmiləri İran tərəfindən hansısa təhdidlə qarşılaşacağını güman edir:

"İranda öldürülən məşhur nüvə mütəxəssisi fizik Möhsün Fəxrizadə çox böyük alim idi. Əslən azərbaycanlı olan bu şəxs İranda nüvə tədqiqatlarına rəhbərlik edirdi və ciddi uğurlar da qazanmışdı. İndi həmin şəxsin öldürülməsi haqqında müxtəlif fikirlər var. Ərəb mətbuatı hadisədə İsrail kəşfiyyatının adını hallandırır. Fikirlərdən biri də odur ki, onun ölümündə Amerikanın marağı olduğu bildirilir. Yəni belə görünür ki, baş verən hadisə hər halda Amerikanın yaxın iştirakı ilə baş verir. Çünki Amerikanın gəmiləri də Fars körfəzinə doğru yaxınlaşır. Onlar hesab edirlər ki, hər hansı bir müharibə və ya İranın hansısa təzyiqi mövcud ola bilər. Amma İran özünü kifayət qədər sakit aparır”.

Politoloq hesab edir ki, İranın hazırkı davranışları ABŞ-dakı hakimiyyət dəyişikliyi ilə bağlıdır:

"İranın özünü sakit aparmasının səbəbi odur ki, ümidlərini Baydenə bağlayıb. Belə görünür ki, Bayden hakimiyyətə gəldikdən sonra vəziyyəti düzəltmək mümkün olacaq. Çünki Bayden Amerikanın "Altılar” sazişinə qayıda bilər. Eyni zamanda İran-Amerika münasibətləri də müəyyən qaydaya düşə bilər. Hətta Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyaların da qaldırıla biləcəyindən danışılmağa başlanıb. Möhsün Fəxrizadənin qanı batdı. Çox təəssüflər olsun ki, bu cür alimlər öz xalqı üçün yox, başqa millətlərə qulluq etməli olurlar.”

Əli Bədir





Həftənin ən çox oxunanları