Yuxarı

Paşinyanın hakimiyyətdə qalmaq şansı nə qədərdir? – AÇIQLAMA

Paşinyanın hakimiyyətdə qalmaq şansı nə qədərdir? – AÇIQLAMA

Paşinyanın hakimiyyətdə qalmaq şansı nə qədərdir? – AÇIQLAMA

Ermənistanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə itaətsizlik aksiyaları davam edir.

Etirazçılar İrəvanda Moldovanakan-Totonets küçələrinin kəsişməsində yolu başlayaraq nəqliyyatın hərəkətini iflic edib. Yolu açmaq və aksiyanı dağıtmaq üçün əraziyə polis qüvvələri cəlb olunub.

Eyni zamanda Paşinyanın istefasını tələb edənlər İrəvan metrosunda qatarların hərəkətinə maneə yaradıblar.

Bu arada "Çiçəklənən Ermənistan” Partiyasının sədri Qagik Tsarukyan bəyan edib ki, Nikol Paşinyanın rəhbərlik etdiyi hazırkı hökumət getməlidir, əks təqdirdə ölkə Qarabağın taleyini yaşaya bilər.

"Bu günlərdə vəziyyət çətindir, təhlükəlidir, uçurumdayıq. Beş-altı aydır Qarabağın uçurumun kənarında olduğunu söyləyirəm və Ermənistan haqqında da eyni şeyi deyirəm. Vəziyyəti dəyişdirmək üçün addımlar atılmalıdır - hökumət getməlidir”.

Lakin Paşinyan iqtidarı çox arxayın davranır və istefaya getməyəcəyini bildirir. Müxalifətin parlament və hökumət binalarının qarşısında mitinqlər keçirib inqilab etmək səyləri isə baş tutmadı. Aksiya iştirakçılarının sayı da səngiməyə başlayıb.

Hakim "Mənim addımım” fraksiyasının deputatı Babken Tunyan bildirib ki, Paşinyanın istefasını tələb edən insanlar və təşkilatlar xalqın özünü deyil, onun yalnız bir hissəsini təşkil edir.

Paşinyanın rəhbərlik etdiyi fraksiyanın digər deputatı Amazasp Danielyan da qeyd edib ki, əhalinin müxtəlif təbəqələri fərqli şeylər istəyə və tələb edə bilər. İnsanların əksəriyyətinin nə istədiyini müəyyənləşdirən yeganə mexanizm isə seçkilərdir. O, xalqın iradəsinin seçkilərdə formalaşdığını və bunun ölkə Konstitusiyasında açıq şəkildə vurğulandığını bəyan edib.

Paşinyanın istefası ilə bağlı tələblərə münasibətini açıqlayan Danielyan jurnalistlərə belə cavab verib:

"Hər bir vətəndaşın baxış bucağını, tələblərini və gözləntilərini dəyərli hesab edirəm. Lakin bu nöqteyi-nəzəri başqalarının öhdəliklərinə deyil, öz əqidəsinə əsaslanaraq ifadə edilməlidir”.

Ermənistanda mövcud prosesləri Cebhe.info-ya şərh edən politoloq İlqar Vəlizadə hesab edir ki, Paşinyanın hakimiyyətdə qalmaq şansı yüksəkdir:

"Paşinyan müxalifətə qarşı effektiv müqavimət göstərir. Görünür, Paşinyan hökuməti yaxın vaxtlarda hakimiyyəti təhvil vermək niyyətində deyil. Vəziyyət həm də müxalifətin kifayət qədər gücə malik olmadığını göstərir. Yəni aksiyalardan başqa, müxalifət hakimiyyətdaxili qruplardan faydalanacağına ümid edirdi. Əsasən də xüsusi xidmət orqanlarında çalışan insanlara söykənə biləcəklərini güman edirdi. Lakin Paşinyan həmin kadrları vaxtında vəzifədən kənarlaşdırdı. Ona görə də bu gün müxalifətin hakimiyyətin daxilində dayaqları demək olar ki, yoxdur, ya da çox zəifdir. Belə vəziyyətdə Paşinyanın istefası ilə bağlı konkret proqnozlar vermək çətindir. Paşinyan istefa vermək niyyətində deyil. Çox güman ki, onu xaricdə nüfuzlu siyasi dairələr dəstəkləyir. Yəni Qərb Paşinyanı dəstəkləyir. Yəqin ki, Qərb ölkələri siyasi dəstəklə yanaşı, hakimiyyət çevrilişi cəhdlərinin qarşısını almaq üçün xüsusi xidmət orqanları vasitəsilə də kömək edir. Paşinyan tək deyil və xaricdən ona dəstək var. Amma ölkədə siyasi qarşıdurma mövcuddur və bu silahlı formaya keçə bilər. Qarabağdan Ermənistana xeyli sayda silahlı insan qayıdıb. Mən onların silahları könüllü təhvil verdiyini düşünmürəm. Sadəcə olaraq, onlar həmin silahları işə salmaq üçün vaxt gözləyirlər. Müxalifət də silahlı qarşıdurmaya getməkdə tərəddüd edir. Çox güman ki, Rusiya buna mane olur. Çünki müxalifət Rusiyapərəst qüvvələrdən ibarətdir”.

Lakin politoloq hesab edir ki, hazırda Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinin baş verməsində maraqlı deyil:

"Çünki Paşinyan Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatın təminatçısıdır. Bu dönəmdə Paşinyanın qalması Rusiya üçün daha əlverişlidir. Hətta Rusiyapərəst olmasına baxmayaraq, müxalifət hakimiyyətə gələrsə, bəyanatdakı siyasi şərtlərə yenidən baxmağa çalışa bilər. Moskvanın hazırkı dönəmdə bunu istəyəcəyinə inanmıram”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları