Yuxarı

Ərdoğanın 2023-cü il planı: "AKP-nin hakimiyyətdə qalması region üçün ciddi uğurlar gətirəcək”-Politoloq

Ərdoğanın 2023-cü il planı:

Ərdoğanın 2023-cü il planı:

"2021-ci ilin iyun ayında ölkədə parlament seçkiləri keçiriləcək”. Bu iddia ilə Türkiyədə müxalifətdə olan İyi Partiyanın başqanı Meral Akşener çıxış edib. Partiya sədri hazırkı prezident üsul idarəsinin özünü doğrultmadığını bildirib. "Prezident üsul-idarəsi Türkiyə üçün əlverişli deyil. Türkiyə bu sistemi inkişaf etdirə bilmir. Bu sistem də Türkiyəni irəli apara bilmir. Bununla bağlı seçki olacaq. Bu seçki 2023-cü ilə qalmayacaq. Ərdoğan qışı sevmir. Böyük ehtimalla seçki iyunda olacaq”-Akşener belə deyib.

Qeyd edək ki, bu yaxınlarda Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu da növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edib. Onun bu çağırışı prezident Rəcəb Tayyib Ərdoğan və Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli tərəfindən kəskin etiraza səbəb olmuşdu.

Müxalifət isə hesab edir ki, ölkədə artan iqtisadi problemlər erkən seçkilərin keçirilməsini qaçılmaz edir. Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, hakim Ədalət və İnkişaf Partiyasının son zamanlar nüfuzunun artması onun digər siyasi təşkilatlarla müqayisədə irəli çıxmasına səbəb olub.

Ona görə də növbədənkənar seçkilər keçirilsə belə, AKP-nin qalib gəlmək şansı daha yüksəkdir: "Uzun müddətdir ki, AKP hakimiyyətdədir və koalisiya hökuməti formalaşdırmadan ölkəni idarə edir. AKP-nin 2023-cü il planı var. Bu plan güclü Türkiyə olmaq və ölkəni beynəlxalq münasibətlər sistemində gücləndirməkdən ibarətdir. Artıq AKP Türkiyəni inkişaf etdirib və demək olar ki, beynəlxalq nizamı müəyyən edən, əsasən müstəqil siyasət yürüdən bir dövlətə çevirib.

Düzdür, iki il əvvə keçirlən bələdiyyə və parlament seçiklərində istədiyi nəticəni əldə etməsə də hesab edirəm ki, hakim partiya səhvlərdən nəticə çıxarıb və növbəti mərhələdə qələbə qazanmağı qarşısına qoyub. CHP, İyi Partiyanın qalib gəlmək şansı zəifdir və burada MHP AKP-yə dəstək verməklə böyük elektorat formalaşdıra bilib. Bu illər ərzində ölkənin müdafiə qalibiyyətinin yüksəlməsi, terrora qarşı mübarizə nəticəsində PKK-nın zəifləməsi AKP-yə ciddi dəstək qazandırıb.

Türkiyə iqtisadiyyatında müəyyən geriləmələr müşahidə olunsa da, bu, regionda baş verən proseslərin nəticəsidir. AKP ölkə iqtisadiyyatının davamlılığını qoruyub saxlayır. Ona görə də AKP-nin hazırkı nüfuzu yüksəkdir. Burada Ərdoğanın şəxsi keyfiyyətləri də mühüm rol oynayır. Ərdoğan olan yerdə Türkiyə xalqı digər şəxsə səs verməyəcək. Meral Akşener, Kamal Klıçdaroğlu Ərdoğan kimi sevilmir və hazırda AKP Ərdoğana görə yenidən hakimiyyətdə qalmaq şansına sahibdir. Gələn il seçkilər olarsa, AKP növbəti dəfə hakimiyyətdə qalacaq. MHP də hakim partiyanı dəstəkləyəcək.

Nə CHP, nə də İyi Partiya ölkə miqyasında səs topalaya bilməyəcək. CHP-nin Kamal Kılıçdaroğluna görə hakimiyyətə gəlmək şansı yoxdur.

İyi Partiya populyar deyil və Meral Akşener Ərdoğanla müqayisədə çox zəifdir. Hesab edirəm ki, AKP-nin hakimiyyətdə qalması Türkiyə və region üçün ciddi uğurlar gətirəcək. CHP və İyi Partiya ölkədə siyasi böhrana gətirib çıxaran təşkilatlardır. Bu gün Türkiyə məhz prezident üsul-idarəsinə görə güclənib və terrora qarşı uğurlu əməliyyat aparır, Yaxın Şərqdə maraqlarını qoruyur. Türkiyə həssas və gərgin bir coğrafiyada yerləşir.

Parlament üsul-idarəsi bu ölkəni zəiflədə bilər. Çünki, siyasi böhran, çəkişmələr, hökumət böhranı ilə nəticələnə bilər. AKP çox uğurlu bir gediş edərək bu idarəetmə formasını ləğv etdi. Kamal Kılıçdaroğlunun və M. Akşenerin siyasi fəaliyyəti 1990-cı illərin siyasi sistemi ilə eynidir. Onların hakimiyyətə gəlişi Türkiyə üçün ciddi problemlər yarada bilər”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları