Yuxarı

Ağ Evin "qara siyahısı”: Yeni prezidentin qərarı nələri dəyişəcək? - BİZİM TƏHLİL

Ağ Evin

Ağ Evin

Yəmən Husilərin beynəlxalq terror siyahısına salınmasını istəyir.

Bu barədə Yəmənin vitse-prezidenti Əli Möhsün Saleh Səudiyyə Ərəbistanının paytaxtında ABŞ Dövlət Departamentinin Yaxın Şərq üzrə nümayəndəsi Devid Şenker ilə görüşü zamanı bildirib. O qeyd edib ki, Yəmən və Səudiyyə Ərəbistanında dinc əhalinin yaşadığı bölgələrdə qanlı olaylar törədən bu qruplaşma mütləq terror təşkilatı kimi tanınmalıdır. Qeyd edək ki, ABŞ indiyə qədər İrana bağlı olan dörd hərbi birləşməni terror təşkilatı kimi tanıyıb.

Bunların ikisi Fələstinin azadlığı uğrunda silahlı mübarizə aparan "Həmas” təşkilatı və Livanda fəaliyyət göstərən "Hizbullah” hərəkatıdır. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və İraqdakı şiələrdən ibarət yaradılmış "Həşti-Şaabi” ordusunun adları isə Donald Trampın prezidentliyi dövründə "qara siyahı”ya salınıb.

İranın Yaxın Şərqdə əsas güc mərkəzlərindən sayılan "Ənsər-Allah” isə Yəməndəki vətəndaş müharibəsində şiə müsəlmanlara dəstək verir. Nəticədə, İran "soyuq müharibə”dən sonra birləşmiş Yəmənin yenidən parçalanmasına ə ölkənin yarısına nəzarəti ələ keçirməyə nail olub. Bu isə İrana Yəmən ərazisindən özünün köhnə düşməni Səudiyyə Ərəbistanına hərbi zərbələr endirmək imkanı yaradır. ABŞ-ın "Ənsər Allah”ı terror təşkilatı elan etmək səyləri ilk növbədə İrana Yaxın Şərqdə təzyiqləri artırmaq məqsədi daşıyır. Əgər Tramp administrasiyası sözügedən qərarı çıxartmalı olsa, bu, "Ənsər Allah”a hərbi zərbələr endirmək üçün ABŞ-a hüquqi zəmin yaradır. ABŞ analoji addımları artıq SEPAH-a və "Həştii-Şaabi”yə qarşı atıb. 2020-ci ilin yanvar ayında SEPAH-ın "Qüds” ordusunun komandanı Qasım Süleymani və "Həşti-Şaabi”nin komandan müavini Mehdi əl-Mühəndisi ABŞ Hərbi Hava Qüvvələri tərəfindən məhv edilib. Ona görə də Vaşinqton "Ənsər Allah”ı terrorçular siyahısına daxil edərsə, müəyyən müddətdən sonra Pentaqon Yəməndə hərbi əməliyyatlara qoşula bilər.

ABŞ mətbuatının yazdığına görə, "Ənsər Allah”ın terrorçu elan edilməsi planı hələ noyabr ayının ortalarında Prezident Trampın masasına gəlib. Ağ Evdə əvvəlcə İranın nüvə obyektinə zərbə endirmək təklifi gözdən keçirilib. Bundan imtina etdikdə isə İrana təzyiq vasitəsi kimi "Ənsər Allah” məsələsi üzərində dayınılıb. Belə ki, Prezident Donald Trampın administrasiyası İrana qarşı "vida" tədbirləri paketinə güc ssenarisini daxil etmək istəyib. "New York Times” qəzeti özünə yaxın mənbələrə istinad edərək məlumat verir ki, İranın Natanzdaki nüvə obyektinə qarşı əməliyyat ətrafında müzakirələr aparılıb. Müzakirə zamanı Trampın hərbi addımlar atmaqdan çəkindiyi bildirilsə də, o, Tehrana maksimum ziyan vurmaqda qərarlı olub. Masada Yəməndəki Husi hərəkatının və İrana yaxınlığı ilə seçilən "Ənsar Allah”ın terror təşkilatı elan edilməsi ilə bağlı variant da olub. Prezident Trampın Natanza hücum ideyasını irəli sürdüyü toplantı noyabrın 12-də keçirilib.

"New York Times” qəzetinin yazdığına görə, Ağ Evin rəhbəri bu aylarda nüvə müəssisəsinə qarşı hansı tədbirlər görəcəyi ilə maraqlanıb. ABŞ vitse-prezidenti Mayk Pens, dövlət katibi Mayk Pompeo, həmin vaxt müdafiə naziri vəzifəsini icra edən Kristofer Miller, Silahlı Qüvvələrin Baş Qərargah Rəisləri Komitəsinin rəisi, general Mark Milli və yaxın ətrafı Trampı güc tətbiq etməkdən çəkindirib. Onlar qeyd edib ki, Natanz zavoduna vurulan zərbə Trampın ilk prezidentlik müddətinin son həftələrində Yaxın Şərqdə genişmiqyaslı qarşıdurmaya çevrilə bilər. Həmin məlumatlara görə, prezident raket hücumuna və ya kiber hücuma icazə verib. Bununla yanaşı, iclasda iştirak edən rəsmilər Trampın artıq güc tətbiq etməyi düşünmədiyinə əmin olublar.

"Foreign Policy” nəşrinin mənbələri isə Ağ Evin Yəməndəki Husi üsyançılarının adını xarici terror təşkilatları sırasında daxil edərək İranın bölgədəki müttəfiqlərinə zərbə vuracağını bildirib. Almaniya, İsveç və bəzi beynəlxalq təşkilatlar buna qarşı çıxır. Məsələn, BMT Baş katibinin Yəməndəki Xüsusi Nümayəndəsi Martin Qriffits ABŞ-ın Hüsi hərəkatına terrorçu statusu verməkdən imtina etməsində israr edir. BMT-nin Baş katibi Antonio Quterreş ABŞ-ın səfiri Kelli Krafta bu planlardan imtina edilməsi üçün müraciət edib. Vaşinqtonun özündə də bu mövzuda vahid bir baxış yoxdur. Məsələn, Pentaqon, Dövlət Departamentinin bir hissəsi və digər rəsmilər "qara siyahı”ların doldurulmasının əleyhinədir. Demokrat senator Kris Mörfi belə bir addımın Tramp administrasiyasının sülh danışıqlarını pozması üçün açıq cəhd olacağına diqqət çəkir. Onun sözlərinə görə, əsas məsələ İrana qarşı sanksiyaların tətbiq edilməsidir. Husi hərəkatının "Ənsar Allah”ı terrorçu kimi tanıması İran rəhbərliyi ilə dialoqu çətinləşdirəcək. "ABŞ Yəmənin mülki əhalisinə qəsdən ziyan vuran beynəlxalq subyektlərin siyahısını verəcəksə, Səudiyyənin rəhbərliyindəki koalisiya siyahının başında olmalıdır”,-deyə senator bəyan edib. Lakin İran hakimiyyəti Co Baydenin ABŞ-da prezident seçilməsindən sonra bu məsələnin gündəmdən çıxacağına ümid edir. Çünki Bayden ABŞ-ın və İranın nüvə proqramına dair 2015-ci ildə imzalanmış Hərtərəfli Fəaliyyət Proqramına qayıtmasını təklif edir. Ona görə də İrana bağlı dini-ideoloji və silahlı təşkilatları terrorçu elan etmək bu səyləri məhv edə bilər.

Yəni "Ənsər Allah”ın terrorçu qismində tanınması daha çox Tramp administrasiyasının mövqeyidir. Əgər belə bir qərar olarsa, bu, yanvar ayının 20-dək, yəni Donlad Tramp prezident kürsüsünü Baydenə təhvil verənə qədər baş tutacaq. Baydenə isə ilk növbədə, İranın nüvə proqramı ilə bağlı mərhələli şəkildə imtina etdiyi öhdəliklərə yenidən qayıtması lazımdır.

Digər səbəb Bayden administrasiyasının Trampdan fərqli olaraq, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmana rəğbət bəsləməməsidir. Co Bayden Donald Trampın milyardalarla dollar dəyərində silah satdığı və anti-İran koalisiyasında yer alması üçün jurnalist Camal Qaşıqçının qətlinə göz yuman Səudiyyə Ərəbistanına fərqli münasibət sərgiləyir. ABŞ-ın yeni rəhbərliyi krallıqla iş birliyindən tamamilə imtina etmədən onunla münasibətləri mümkün qədər rasional müstəviyə keçirməyə çalışacaq. Bu addım həm siyasi, həm də mənəvi səbəblərdən Vaşinqtonun vəliəhd Məhəmməd bin Salmana qeyd-şərtsiz dəstəyi çəkməkdən və Yəməndə əməliyyatlara dəstəyi azalmaqdan ibarət ola bilər.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları