Yuxarı

Paşinyandan sonra: Üçtərəfli sazişə təhlükə varmı?

Paşinyandan sonra: Üçtərəfli sazişə təhlükə varmı?

Paşinyandan sonra: Üçtərəfli sazişə təhlükə varmı?

Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyətdə qalması bu günlərdə ölkədə keçirilən etiraz aksiyalarının miqyasından asılı olacaq.

Əgər müxalifətin vəd etdiyi kimi, ölkədə kütləvi itaətsizlik baş versə, o zaman Paşinyanın istefa verməkdən başqa yolu qalmayacaq. Ancaq vəziyyətin təhlili və yayılan məlumatlar göstərir ki, Nikol Paşinyan hələlik hökumətə rəhbərliyi əlində saxlamaq, öz maraqlarına uyğun stuasiya yetişdikdən sonra növbədənkənar seçkilərə getmək niyyətindədir. Ermənistan mətbuatının yazdığına görə, hakim "Mənim addımım” fraksiyası Baş nazirə erkən seçkilər keçirməyi təklif edib.

Lakin Paşinyan hakimiyyəti yaz aylarına qədər əlində saxlamağa çalışır. Əgər bu mümkün olarsa, seçkilər sonrakı mərhələdə də baş tuta bilər. Müxalifət isə Paşinyana hər gün təzyiqləri artırmaqla onu hakimiyyətdən uzaqlaşdırmağa çalışır. Baş nazirin Azərbaycanla müharibədə kapitulyasiya sənədini imzalaması və qoşunları işğal olunmuş ərazilərdən çıxartması siyasi strukturu tamamilə zəifləmiş Ermənistan müxalifətinin yenidən revanş götürməsi üçün ciddi amilə çevrilib. Son 30 ildə olduğu kimi, bu dəfə də Qarabağ kartı Ermənstanda hakimiyyət uğrunda mübarizənin əsas vasitəsinə çevrilib.

Paşinyanı istefa verməyə çağıran Ermənistan müxalifəti onu satqınlıqda, yəni kapitulyasiya sənədinə imza atmaqda ittiham edir. Ancaq həmin qüvvələrin heç biri hakimiyyətə gələcəyi təqdirdə Azərbaycan, Ermənistan və Rusiya arasında noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın icrasından imtina etməyəcəyini bildirir. Bu da aksiyalara təşkilatçılıq edən qüvvələrin siyasi palitrası ilə bağlıdır. Müxalifəti təmsil edənlərin adları müxtəlif olsa da onlar hamısı siyasi rənginə görə bir-birindən çox da fərqlənmir. Onların hamısı Rusiyaya bağlı qüvvələrdir. Bütün aksiyaların şüarları, şərtləri, Paşinyanı əvəz edəcək siyasətçinin kimliyi birbaşa Kremllə razılaşdırılır. Ona görə də Ermənistan müxalifəti Vladimir Putinin imzaladığı üçtərəfli sənəddən imtina etməyəcəyini qəzəbli kütlənin önündə belə, gizlətmir.

Hətta Ermənistanın Baş naziri postuna müxalifətin vahid namizədi Vazgen Manukyan da bəyanata sadiq qalacağını deyib:

"Birincisi, bu üçtərəfli bir razılaşmadır. Bu sənədlə heç vaxt barışmayacağıq, amma bu sənəd faktiki olaraq keçərlidir və biz onu rədd edə bilmərik. Bu, Azərbaycan və Türkiyə ilə müharibə demək olacaq, Rusiya sülhməramlılarına qarşı çıxmaq deməkdir. Nikola "təşəkkür edirəm" - heç bir təsir gücümüz yoxdur, hətta Sotku (Söyüdlü qızıl yatağı) saxlaya bilmərik”.

Ötən mitinqlərdə Vətən Partiyasının sədri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanesyan da üçtərəfli bəyanatı cırıb zibil qutusuna atsalar da, heç nəyin dəyişməyəcəyini, bu sənəddən imtinanın qeyri-mümkün olduğunu bildirib. Bu səbəbdən də bəzi siyasi ekspertlər müxalifətin cəmiyyətə ciddi alternativ təqdim edə bilmədiyi üçün Paşinyana qalib gələ bilməyəcəyini proqnozlaşdırır. Çünki hazırda həm Paşinyan hökuməti, həm də müxalifət atılacaq addımları Rusiya ilə məsləhətləşir. Bu baxımdan, Kreml üçün Ermənistanda kimin hakimiyyətdə olmasının fərqi qalmır. Lakin prezident Putin inqilabçı Paşinyana o qədər də etibar etmir. Ona Ermənistanda daha sədaqətli liderin hakimiyyətə gəlməsi lazımdır. Bu hədəfə çatmaq üçün Rusiyaya ilk növbədə, Ermənistanda sabit və əvvəlki kimi Moskvadan idarə olunan hakimiyyətin qurulmasını istəyir. Sözügedən plan Ermənistanda hakimiyyətin birinci mərhələdə ABŞ-a bağlı olan "sorosçular”ın nəzarətindən çıxarılmasını, növbəti aylarda isə referendum keçirilməklə parlament üsul-idaərisinin ləğvini nəzərdə tutur. Yəni Rusiya Ermənistanı yenidən prezidentli respublikaya çevirmək və növbədənkənar seçkilər yolu ilə öz namizədini dövlət başçısı postuna gətirməyi düşünür.

Ermənistanı belə idarə etmək Kreml üçün daha asandır. Ancaq hazırkı müxalifət partiyalarının demokratik seçkilər yolu ilə parlamentdə üstünlüyü qazana biləcəyinə təminat yoxdur. Hətta parlamentar sistemdə hökumətlərin tez-tez dəyişə bilir ki, bu da Rusiyaya öz adamını Ermənistanda istədiyi qədər hakimiyyətdə saxlamağa mane olacaq. Əslində, Ermənistanda parlamentar sistemin qurulması Avropa Komissiyasının, yəni Qərbin hazırladığı siyasi layihədir. Ona görə də bu sistem vasitəsilə Rusiyaya bağlı qüvvələrin hakimiyyətə gələcəyi şübhə doğurur. Parlamentar sistem Paşinyana hakimiyyəti ən pis halda özünə yaxın olan şəxsə ötürmək imkanı yarada bilər. Ermənistan mətbuatı Paşinyanın istefa verəcəyi halda, Baş nazir kürsüsünə parlamentin hazırkı spikeri Ararat Mirzoyanı gətirməyi planlaşdırdığını yazır. Mirzoyan hakim komanda daxilində Paşinyana ən sadiq şəxs sayılır. Buna nail olmaq üçün hakim fraksiyanın seçkilərdə yenidən qalib gəlməsi əsas şərtdir. Paşinyan müharibədə məğlub olduqdan sonra reytinqi xeyli aşağı düşsə də, müxalifət də özünə uğurlu namizəd seçməyib. Vazgen Manukyan müvəqqəti namizəd də olsa, Ermənistan cəmiyyətini birləşdirəcək siyasi fiqur deyil. Sorğular onun populyarlığına görə 3-cü və ya 4-cü yeri tutduğunu göstərir. Manukyan birinci Qarabağ müharibəsi dövründə müdafiə naziri vəzifəsini tutduğuna görə ona daha çox yaşlı nəslin nümayəndələri və Qarabağ klanının təmsilçiləri dəstək verir. Gənclər isə daha çox Paşinyanın mövqeyini müdafiə edir. Ümumiyyətlə, sorğular Ermənistan əhalisinin Paşinyanın istefaya getməsinin tərəfdarı olduğunu göstərir.

Lakin bu nəticələr müxalifətin reytinqinin də tam qələbə qazanması və keçid hökumətini təkbaşına formalaşdıracaq qədər yetərli olmadığını göstərir. "Gallup”ın keçirdiyi rəy sorğusuna görə, N.Paşinyanın reytinqi hazırda 36 faiz təşkil edir. "Xalqın səsi” ekspert klubunun 18-65 yaş arasında olan 1200 nəfər arasında keçirdiyi rəy sorğusunda iştirak edənlərin 54 faizi hesab edir ki, Paşinyan istefaya getməlidir. 46 faiz isə Baş nazirin öz vəzifəsini davam etdirməli olduğunu düşünür. Lakin Paşinyanın istefasını tələb edənlər də iki qrupa bölünüb. Respondentlərin 35 faizi hesab edir ki, Paşinyan dərhal istefa verməlidir. 19 faizi isə Baş nazirin müharibədən sonra yaranmış problemləri həll etdikdən sonra postunu tərk etməli olduğunu deyib.

Qeyd edilən göstəricilər müxalifətin elektoratının sabit olmadığını və azlıq təşkil etdiyini deməyə əsas verir. Yəni Paşinyanın 46 faiz, müxalifətin isə 35 faiz sabit elektoratı var. Hətta bu 35 faiz Paşinyanın reytinqindən də aşağıdır. 19 faiz isə hər iki siyasi düşərgə üçün qeyri-sabit seçici kütləsidir. Ona görə də rəqabət daha çox həmin 19 faiz elektorata sahib olmaq uğrunda gedə bilər. Bəlkə də Paşinyan üçün Ararat Mirzoyanı baş nazirliyə namizəd kimi irəli sürməsi narazı ictimai rəyi dəyişmək baxımından ciddi rol oynaya bilər. Müxalifət isə cəmiyyətin narazı hissəsinin dəstəyini qazanmaq üçün daha çox Qarabağ kartından istifadə etməyə çalışsa da bu, 1990-cı illərdə mövcud olmuş siyasi effekti vermir. Çünki müxalifət hərbi əməliyyatlardan sonra yaranmış yeni reallıqları qəbul etdiyini özü də etiraf edir. Ancaq cəbhədə və diplomatik müstəvidə baş vermiş məğlubiyyət hökuməti devirmək üçün bir sıra imkanlar açıb. Ermənistandakı siyasi qüvvələr bu imkanı əldən verməməkdə israrlı görünür. Manukyan, Vanesyan, Tsarukyanla yanaşı, siyasi oyunları hələlik pərdə arxasından idarə etməyə çalışan eks-prezident Robert Köçəryan da artıq prosesin geridönməz olduğunu yaxşı anlayır. Hətta müxalifət hakimiyyətə gəlsə belə, Ermənistan-Azərbaycan münaqişəsinin bərpası qeyri-mümkündür.

Artıq Dağlıq Qarabağın müstəqilliyi, Ermənistana birləşdirilməsi kimi ideyalar keçmişdə qalıb. Status-kvo isə ləğv edilib.

Lakin Ermənistan müxalifəti Paşinyanın istefasına nail olmaq üçün məğlub olmuş mühafizəkar erməni cəmiyyətinin dəstəyinə ehtiyacı var. Paşinyanın rəqibləri üçtərəfli bəyanatdan imtina etmək gücündə deyil. Ona görə də bəyanatı yerinə yetirəcəyini deyən V.Manukyan sənəddə bir sıra çatışmazlıqların olduğunu və gələcəkdə həmin qeyri-müəyyənlikləri Ermənistanın xeyrinə dəyişəcəklərini bildirməklə özünü siyasi cəhətdən sığortalamağa çalışır. Bununla yanaşı, onun çıxışının digər hissəsi müxalifətin prosesi ATƏT-in Minsk Qrupu çərçivəsinə qaytarmaq planından xəbər verir. Təhlükəsizlik məsələsinin vacibliyini dilə gətirən Manukyan Türkiyənin adını çəkib və ardınca Ermənistanın yenidən danışıqlar prosesinə qayıda bilməsi üçün Minsk Qrupunun formatını bərpa etməyin vacibliyini vurğulayıb. Bununla da müxalifətin namizədi Ermənistanın məğlub olmadığını və Minsk Qrupu çərçivəsində aparılacaq danışıqlarda Dağlıq Qarabağın statusu məsələsini yenidən gündəmə gətirəcəklərinə dair rəy yaratmağa çalışır.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları