Yuxarı

Minsk qrupunun bir notalıq ömrü qalıb: "Artıq məsələ Azərbaycan-Türkiyə-Rusiya formatında həll olunur” - Sabiq nazir

Minsk qrupunun bir notalıq ömrü qalıb:

Minsk qrupunun bir notalıq ömrü qalıb:

Dağlıq Qarabağla bağlı danışıqlar vəziyyətin tam hüquqlu həlli üçün ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirilməlidir.

ATƏT-in fəaliyyətdə olan sədri, Baş nazir, Albaniyanın Avropa və Xarici İşlər Naziri Edi Rama belə deyib. ATƏT-in Xarici İşlər nazirlərinin 27-ci iclasında çıxış edən Edi Ramapa hərbi əməliyyatların dayanmasından razı qaldığını deyərək öhdəlikləri yerinə yetirməyin vaxtının çatdığını bildirib.

"ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında danışıqlar prosesini bərpa etmək təşəbbüslərinə tam dəstəyimi bildirirəm. Substantiv danışıqlar davam etməlidir”, - deyə Rama qeyd edib. Ancaq münaqişənin həllinin yekun mərhələyə daxil olduğu və Ermənistanın öz qoşunlarını işğal etdiyi əırazilərdən çıxartmasından sonra Minsk qrupu artıq öz funksiyasını itirmiş bir formata çevrilib.

Çünki ərazilərin azad edilməsi və kapitulyasiya sazişi Minsk Qrupunun heç bir iştirakı olmadan baş verib. Məsələnin diplomatik müstəvidə tənzimlənməsi isə Rusiya-Türkiyə formatı çərçivəsində həyata keçirilir. Eyni zamanda, Fransa Milli Assambleyasının Dağlıq Qarabağdakı qondarma rejimin müstəqilliyini tanıması barədə növbəti qərarı Minsk Qrupuna etimadsızlığı artırır.

Ona görə də yaranmış vəziyyət Azərbaycanın adıçəkilən qurumun vasitəçiliyindən imtina etməsi üçün ciddi siyasi və hüquqi arqumentlər yaradır.

Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov Cebhe.info-ya açıqlamasında ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasının öz aktuallığını itirdiyini deyib:

"Münaqişə Azərbaycanın ərazisində baş verdiyinə görə nizamlanma prosesinə vasitəçilik etmək üçün vaxtilə ATƏT-ə müraciət etmişik. Ancaq indi kiminsə köməyinə ehtiyac yoxdur. Danışıqlarda hansısa məsələlər qalıbsa, onun formatı Rusiya və Türkiyənin timsalında artıq mövcuddur. Bu da kifayətdir. Hesab edirəm ki, Minsk qrupunun gələcək fəaliyyəti Azərbaycandan asılı olan məsələdir. Əgər bu, bizə lazım deyilsə, Azərbaycan ATƏT-ə nota göndərərək təşəkkür edə bilər və bəyan edər ki, artıq bu vasitəçi formata ehtiyac yoxdur”.

Tofiq Zülfüqarov qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsi başa çatıb. Məsələnin siyasi müstəvidə həlli isə Rusiya-Türkiyə formatında baş verəcək:

"Bu prosesin məqsədi beynəlxalq müşahidəçilərin yerləşdiyi ərazilərdə Azərbaycan Respublikasının suverenliyini təmin etməkdir. Bu prosesin bərpası da Azərbaycan-Türkiyə-Rusiya format çərçivəsində olacaq”.

"Həmin prosesi həyata keçirməyin mexanizmi necə olacaq?” sualına cavabında sabiq diplomat qeyd edib, bu, Bakıda aparılacaq üçtərəfli danışıqlar səviyyəsində müəyyənləşəcək.

Fransa Milli Assambleyasının qərarına münasibət bildirən sabiq nazirin fikrincə, rəsmi Paris Azərbaycanın ərazi bütövlüyü üçün təhlükə yarada bilməz:

"Məsələyə real vəziyyətdən baxmaq lazımdır. Azərbaycan həm Ermənistanla, həm də İranla sərhəddə nəzarəti təmin edə bilib. Bu baxımdan, vəziyyət tam dəyişib. Belə olan halda hansısa ölkənin tövsiyə xarakterli qərarı heç nəyi dəyişmir. Azərbaycan da analoji qaydada Korsikanı müstəqil dövlət kimi tanıdığına dair bəyanat verə bilər. Yəni onun həyata keçirilməsi mexanizmi yoxdur. Artıq Qərbdə, Şərqdə kimin nə deyəcəyini gözləmək stereotipləri aradan qalxıb. Azərbaycan əsgəri bir çox ərazilərdə dövlətimizin suverenliyini təmin edib. Kiçik bir ərazi qalıb ki, orada da işləri həyata keçirmək üçün əsas kömək Rusiya və Türkiyədən olacaq. Amma buna Fransanın qoşula biləcəyini düşünmürəm”.

Tofiq Zülfüqarovun sözlərinə görə, hazırda Xankəndidə fəaliyyətini davam etdirən cinayətkar rejimin də mövcudluğuna tezliklə son qoyulacaq:

"Araik Arutunyanın zərbə almasından cəmi bir ay keçib. Azərbaycan bu məsələləri yoluna qoyacaq. Onların əlində real geopolitik vasitələr yoxdur. Hərbi üstünlük Azərbaycanın tərəfindədir. Türkiyə ölkəmizə lazım olan dəstəyi verir. Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Gəncədədir. Məsələyə təsir edən amillər bunlardır. Əlbəttə, ermənilər istərdilər ki, başqa qüvvələri də cəlb etməklə böyük bir proses yaratsınlar, danışıqlar aparılsın. Amma buna nail ola bilməyəcəklər. Rusiyanın missiyası isə Ermənistanın bəzi ərazilərdə qalmış hərbi qüvvələrini oradan çıxartmaq və yerli qanunsuz silahlı birləşmələri tərki-silah etməkdir. Həmin silahlar da Azərbaycana təhvil verilməlidir. Azərbaycan Dağlıq Qarabağda və Laçın dəhlizində hələlik təhlükəsizliyin təmini sülhməramlı qüvvələrə həvalə edib. Araik Arutunyan kimiləri də orada olmasın. Müşahidəçi missiyanın fəaliyyəti də dronlarla ərazidəki silahlı dəstələri müəyyənləşdirib tərk-silah etmək olacaq. Bu baxımdan, vəziyyət ümidvericidir. Azərbaycanın zəfər qazanmasında Türkiyənin dəstəyi, paralel olaraq Ermənistan-Rusiya əlaqələrinin böhranlı vəziyyətə düşməsi, onun fonunda isə Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etməsi mühüm rol oynadı. Biz belə faydalı siyasi trendləri inkişaf etdirməliyik. Türkiyə və Rusiya arasında əldə olunmuş razılaşmaları əsas götürməliyik. Hesab edirəm ki, əgər "F-16”-lar Azərbaycandadırsa, bu, üstünlüyü təmin etmək üçün yetərlidir. Türk əsgərinin də Azərbaycan əsgəri ilə yanaşı əli silahlı dayanmasına, yeni təmas xəttinin yaranmasına ehtiyac yoxdur. Azərbaycan ordusu lazım olan ərazilərə nəzarət edir. Türkiyənin baş verən hadisələrdə iştirakı Rusiya Federasiyası ilə razılaşmanın nəticəsi oldu ki, bu da yüksək səviyyədə qarşılıqlı əlaqənin göstəricisi və qələbəmizin əsas amillərindən biridir.

Ermənilərdən başqa, bu əməkdaşlığın əleyhdarları həmçinin bir sıra Qərb ölkələridir ki, onlar Türkiyə və Rusiyanın mövqelərindəki mövcud fikir ayrılıqlarını qəsdən şişirdərək bu əməkdaşlığı pozacaqlarına ümid edirlər. Bununla da türk hərbçilərinin təmas xəttində yerləşdirilməsi hər cür təxribatların törədilməsinə şərait yaradır. Ümumiyyətlə, Türkiyə hərbçilərinin Azərbaycan hərbçiləri ilə birlikdə münaqişənin Rusiya və Ermənistan iştirakçıları ilə üzbəüz yerləşdirilməsi fikri psixoloji baxımından qarşıdurma hissi yaradır və məhz bu konfiqurasiyaya uyğun olaraq soyuqluğun yaranmasına şərait yaradır. Bu isə bizim maraqlara cavab vermir”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları