Yuxarı

Ermənistanda siyasi təlatüm: Kremlin Paşinyana qarşı "X planı”

Ermənistanda siyasi təlatüm: Kremlin Paşinyana qarşı

Ermənistanda siyasi təlatüm: Kremlin Paşinyana qarşı

Ermənistan müxalifəti dekabrın 5-də ümumdövlət mitinqi təyin edib. Aksiyanın əsas təşkilatçıları "Daşnaksütyun” İnqilabi Federasiyası, Vətən Partiyası və Çiçəklənən Ermənistan Partiyasıdır.

Onlar Ermənistanı və Qarabağı xilas etmək üçün bütün erməniləri mitinqə qoşulmağa çağırıb. Etiraz tədbirinin əsas şüarı isə Baş nazir Nikol Paşinyanın istefası olacaq. Lakin son günlər Ermənistanda küçələrə çıxan insanlara polis zorakılığının tətbiqi Paşinyanın istefa vermək niyyətində olmadığını göstərir. Mediada isə Rusiya rəhbərliyinin Ermənistanda Baş nazir postuna yeni namizəd axtardığına məlumatların sayı artır.

Ermənistanın öz daxilində də son zamanlar reytinqi aşağı düşən N.Paşinyanın yerinə iddialı olan siyasətçilər arasında rəqabətin artması müşahidə olunur. Bu səbəbdən də Ermənistan müxalifətinin vahid namizəd müəyyənləşdirməsi çətinləşib. Hazırda baş nazir postuna əsas namizəd kimi Vətən Partiyasının sədri, Ermənistan Milli Təhlükəsilik Xidmətinin sabiq rəisi Artur Vanesyanın adı çəkilir. Rusiyanın məhz Vanesyanı dəstəklədiyinə dair məlumatlar yayılıb. Nikol Paşinyanın noyabrın 30-da Rusiyaya səfərinin baş tutmaması, Ermənistan prezidenti Serj Sarkisyanın danışıqlar aparmaq üçün Moskvaya yola düşməsi və EMTX-nin rəisi Armen Abazyanın Moskvaya dəvət edilməsi Kremlin hakimiyyət dəyişikliyi planı ilə əlaqələndirilir. Belə ki, Rusiyanın Ermənistanda hakimiyyəti dinc yolla Paşinyandan Vanesyana ötürməsi barədə müzakirələr apardığına dair xəbərlər yayılıb. Ancaq nəzərə almaq lazımdır ki, Ermənistan parlamentli respublikadır və yalnız seçkilərdə qalib gələn partiyanın və siyasi koalisiyanın dəstəklədiyi şəxs Baş nazir seçilə bilər. Yəni dinc yolla hökumət başına gəlmək üçün A.Vanesyanın liderlik etdiyi Vətən Partiyası Milli Məclisdə səs çoxluğunu qazanmalıdır. Bunun nə qədər real olacağını söyləmək isə hazırda çətindir.

Politoloq Natiq Miri Cebhe.info-ya bildirib ki, Paşinyanı istefaya göndərmək üçün hazırda hüquqi mexanizm mövcud deyil. Bu, ilk növbədə parlamentdə mandatların üçdə ikisinin Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım” fraksiyasına məxsus olması ilə bağlıdır. Digər hüquqi mexanizmlər də baş nazirin istefasına imkan vermədiyi üçün yeganə vasitə küçələrdə kütləvi etirazlar aksiyaların keçirilməsi ola bilər:

"Ancaq etirazçıların sayı da bunun real olduğunu deməyə əsas vermir. Çünki nə qədər anti-Paşinyan rəyi yaradılsa da aksiyalar bir hakimiyyəti devirəcək səviyyədə deyil. Qeyd edilən səbəbdən, Rusiyanın nəzarətində olan və Qarabağ klanına yaxın olan mediada aparılan təbliğat da ictimai rəyi formalaşdırmağa xidmət edir. Bu mənada Paşinyanı istefaya göndərəcək xalq kütləsi meydana çıxmır. Sosial mediada da Paşinyanın hakimiyyətdə qalmasını təklif edənlər var.

Ona görə ki, bu gün Ermənistanda Paşinyanı əvəz edə biləcək və cəmiyyəti birləşdirəcək siyasi fiqur yoxdur. Siyasi meydanda mövcud olanlar Rusiyanın maraqlarına xidmət edən insanlardır ki, bunu da erməni ictimai rəyi qəbul etmək istəmir. Çünki erməni ictimaiyyəti 2018-ci ildə toparlanaraq Rusiyanın siyasi təsirindən çıxmaq üçün öz iradələrini ortaya qoydu. Bu gün Ermənistan cəmiyyəti köhnə satus-kvoya qayıtmaq istəmir. Hazırda Paşinyan hökumətinin istefasını tələb edənlər əsasən Rusiya yönümlü siyasətçilərdir. Onlar da problemin həlli üçün hər hansı bir alternativ təklif irəli sürə bilmir. Bu da əslində, Paşinyanın hakimiyyətdə qalmasına imkan yaradır. Yoxsa, etirazçıları həbs etdirməklə, döyməklə Paşinyan uzun müddət hakimiyyətdə qala bilməz. Xalqın müəyyən hissəsi, xüsusilə də gənclər Paşinyanın arxasında dayandığına görə hökumətə nəzarəti əlində saxlaya bilir”.

Natiq Miri hesab edir ki, Artur Vanesyan Ermənistan ictimai rəyində yüksək nüfuza malik deyil. Ona görə də Vanesyanın hakimiyyətə gəlmək şansı yoxdur. Onun Rusiya ilə bağlı olması səbəbindən inqilaba meylli olan erməni gəncləri arasında Vanesyana ciddi rəğbət bəsləmir:

"Vanesyanın Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış bəyanatın icra olunmasını israrla təklif etməsi erməni ictimai rəyində onun əleyhinə işləyən amil kimi çıxış etdi. Çünki Vanesyan alternativ və birləşdirici siyasi fiqur olaraq düşünülür. Amma o, Paşinyanı əvəz edəcəyi təqdirdə, həmin siyasəti davam etdirəcəksə, o halda onun hakimiyyətə gəlməsinə lüzum yoxdur. Erməni ictimiyyəti bunu mətiqli hesab etmir. Eyni zamanda, Vanesyan post-Paşinyan dönəmində Ermənistana və Dağlıq Qarabağdakı ermənilərə yeni heç nə vəd etmir və bütün prosesi yenidən Rusiyanın öhdəsinə buraxır. Bu da ermənilərin tələbləri ilə ziddiyyət təşkil edir. Hazırda erməni gəncliyi Rusiyanın siyasi inhisarından çıxmağın və Qərbə inteqrasiyanın tərəfdarı kimi çıxış edir. Paşinyan hökumətinin söykənəcəyi yeganə siyasi amil də budur”.

Politoloq hesab edir ki, Rusiya prezidenti Vladimir Putin Paşinyanın hakimiyyətdən getməsində maraqlı görünmür: "Kreml çalışır ki, üçtərəfli bəyanat tamamilə yerinə yetirilsin. Paşinyan istefa verdiyi təqdirdə, Ermənistanda Rusiya yönümlü partiyanın qalib gəlməsi ehtimalı da yüksək deyil. Rusiyanın və Qarabağ klanının dəstəklədiyi siyasi qüvvənin xalqdan dəstək alması ehtimalı çox zəifdir. Əksinə, hesab edirəm ki, Paşinyan istefa verərsə, özünün yerinə Qərbyönümlü bir şəxsi seçdirə bilər. Bu isə Rusiya üçün çox riskli məqamdır. Ona görə də Kreml üçün bu gün Paşinyan hökumətini zərərsizləşdirməyə ehtiyac var. Buna isə zaman lazımdır. Həmin müddətdə Rusiya həm Dağlıq Qarabağda bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirmiş olacaq, həm də Paşinyanın dəstəkçilərini zərərsizləşdirəcək. Nəticədə, erməni ictimai rəyində belə fikir formalaşdırılacaq ki, Rusiyanın alternativi yoxdur. Ermənistanın və Dağlıq Qarabağın xilası Rusiyadan asılıdır. Belə rəy yaradılana qədər Putin Paşinyanla işləməyə davam edəcək. Yəni Paşinyanın getdikcə zərərsiz hala gəlməsi Putinin maraqlarına xidmət edən geosiyasi vəziyyətdir”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları