Yuxarı

XİN-dən Qazaxın kəndləri ilə bağlı açıqlama: "Azərbaycanın ərazi bütövlüyü müzakirə predmeti olmayacaq”

XİN-dən Qazaxın kəndləri ilə bağlı açıqlama:

XİN-dən Qazaxın kəndləri ilə bağlı açıqlama:

Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanata uyğun olaraq işğal altındakı Ağdam, Kəlbəcər və Laçın rayonlarından işğalçı qoşunların çıxarılması prosesi başa çatdı.

Artıq hər üç rayon daxil olmaqla, Dağlıq Qarabağın ətrafında yerləşən yeddi rayon üzərində Azərbaycanın suverenliyi tam təmin olunub. Lakin Ermənistan Qazax rayonunun yeddi kəndini hələ də işğal altında saxlayır. Bağanıs Ayrım, Yuxarı Əskipara, Aşağı Əskipara, Sofulu, Barxudarlı, Xeyrimli və Qızıl Hacılı kəndlərinin də Azərbaycana qaytarılacağılna dair KİV-də və sosial şəbəkələrdə müxtəlif məlumatlar yayılsa da, bu proses hələ reallaşmayıb.

Qeyd edək ki, üçtərəfli bəyanatın Kreml tərəfindən yayılmış ilkin mətnində Ermənistan silahlı qüvvələrinin noyabrın 20-də Ağdam rayonu ilə yanaşı, Qazax rayonunun işğal altındakı kəndlərindən də çıxarılacağı bildirilirdi. Ancaq sonradan yayılmış əsas mətndə Qazaxın kəndləri məsələsi öz əksini tapmadı. Buna baxmayaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz çıxışında Qazaxın yeddi tezliklə kəndinin azad olunacağını vurğulayıb. Noyabrın 27-də Qazax rayonu İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tezliklə həmin kəndlərin işğaldan azad olunacağını və məcburi köçkünlərin öz evlərinə dönəcəyinə ümid etdiyini deyib.
Ermənistanın Tavuş əyalətinin qubernatoru Hayk Çobanyan özünün "Facebook” səhifəsində ermənilərə müraciət edərək Azərbaycan mediasında yayılan bu məlumatlara inanmamağa çağırıb. Görünür, Ermənistan digər rayonlardan öz qoşunlarını çıxartsa da, Qazax rayonunun kəndlərini ilhaq etmək niyyətindədir.

Məsələ ilə bağlı müxtəlif informasiyaların yayıldığını nəzərə alaraq, dəqiqləşdirmə aparmaq üçün Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinə müraciət etdik.

Nazirlyin mətbuat katibi Leyla Abdullayeva Cebhe.info-ya açıqlamasında üçtərəfli bəyanatda Qazax rayonunun kəndləri ilə bağlı təklifin öz əksini tapmadığını dedi. Lakin o, Azərbaycanın işğal olunmuş ərazilərinin heç bir halda güzəştə gedilməyəcəyini bəyan edib:"Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan tərəfinin imzaladığı üçtərəfli bəyanat var. Bəyanatın mətni açıqdır və orada bütün müddəalar öz əksini tapıb. Qazax rayonunun işğal olunmuş kəndləri ilə bağlı hər hansı şərh verə bilmərəm. Amma işğal olunmuş ərazilərimizin geri qaytarılması ilə bağlı məlum sənəd var. Həmin sənədin müddəaları ictimiyyətə açıq şəkildə əks olunub”.

Leyla Abdullayevanın sözlərinə görə, üçtərəfli bəyanatda Qazax rayonunun yeddi kəndi barədə razılaşmanın öz əksini tapması barədə deyilənlər qeyri-rəsmi məlumatlardır. "Rəsmi məlumat noyabrın 10-da imzalanmış birgə bəyanatdan ibarətdir. Onun mətnindəki müddəalar da kifayət qədər aydın şəkildə əks olunub və Cənab Prezident tərəfindən həm imzalanma günü, həm də Laçın rayonunun azad olunması ilə bağlı xalqa müraciətində bu məsələlərə kifayət qədər izah verilib. Ən doğrusu, artıq imzalandığı andan bəri ictimailəşdirilmiş bəyanatın mətnini əsas götürməkdir. Söhbət yalnız imzalanmış sənəddən gedir. Azərbaycanın ərazi bütövlüyü heç bir zaman müzakirə predmeti olmayıb, olmayacaq da”.
Müşfiq Abdulla





Həftənin ən çox oxunanları