Yuxarı

İşğal bitdi, Ermənistan büdcəsi boşaldı: Ölkə aclıqla üz-üzə

İşğal bitdi, Ermənistan büdcəsi boşaldı: Ölkə aclıqla üz-üzə

İşğal bitdi, Ermənistan büdcəsi boşaldı: Ölkə aclıqla üz-üzə

Vətən müharibəsindən sonra Ermənistanı ciddi iqtisadi böhran gözləyir.

Ermənistanın sabiq kənd təsərrüfat naziri Artur Xaçatryan ölkədə ciddi ərzaq çatışmazlığının baş verəcəyini bildirib.

O, müharibədəki məğlubiyyətdən sonra Ermənistan və Dağlıq Qarabağda çox yaxın zamanda qida təhlükəsizliyi ilə bağlı ciddi problemlər yaranacağını deyib: "İlk növbədə də çörəklə təminat və qiymət artımı baxımından”.

Onun sözlərinə görə, həm Qarabağ erməniləri, həm də Ermənistan əhalisi üçün qida təhlükəsizliyi təhdidləri ümumi xarakter daşıyır.

"Birinci təhlükə mümkün taxıl çatışmazlığı ilə bağlıdır. Ermənistan hər il təxminən 200 min ton taxıl istehsal edir. Artıq bizim nəzarətimizdə olmayan "Artsax” ərazilərində isə 150 min ton taxıl (25%) istehsal edilirdi. Biz Ermənistanda istehsal olunan taxılın 75 faizini itirmişik. Ermənistan hər il təxminən 250 min ton taxıl idxal edir. Aradakı defisiti xaricdən satın almalarla doldurmalı olacağıq. Dolların məzənnəsinin artmağa doğru olduğunu nəzərə alsaq, çörəklə təminat və onun qiyməti ilə bağlı problemimiz olacaq. Bura keçmişdə Gürcüstanla sərhəddəki "Yuxarı Lars” keçid məntəqəsindən qış dövründə taxıl idxal edərkən daxili bazara ciddi təsir göstərən maneələrlə qarşılaşdığımızı da əlavə eləmək lazımdır”, - deyə sabiq nazir həyəcanla qeyd edib.

Sözünə davam edən Xaçatryan deyib:

"Koronavirusla əlaqədar əsas ixracatçı ölkələrdən taxıl ixracına qoyulan məhdudiyyətləri də yaddan çıxarmaq olmaz. Çörəyin qiyməti qalxarsa, hər şeyin qiyməti artacaq. Artıq sərhəd ərazisinə çevrilmiş "Artsax” və Ermənistan ərazilərində, məsələn, Karvaçarda (işğal altında olmuş Kəlbəcər nəzərdə tutulur - red.), Sünikdə (Zəngəzur - red.) heyvandarlıq inkişaf etmişdi. Məlum bəyanatı imzaladıqdan sonra ölkə səlahiyyətlilərinin vəziyyətə reaksiyası, təəssüf ki, vəziyyətə qeyri-adekvat oldu və insanlar lazımi dəstəyi almadılar. Nəticədə xeyli sayda heyvan itirildi. Bu isə həm də ət və süd itkisi deməkdir. Əfsus ki, bizim qida təhlükəsizliyi strategiyamız yoxdur. Ermənistan Respublikası müstəqillik qazandığı gündən bəri kənd təsərrüfatı ilə məşğul olmur”.

Xaçatryan Ermənistanda Kənd Təsərrüfatı Nazirlyinin belə olmadığını deyib. Qarşıdan soyuq qış aylarının gəldiyini nəzərə alsaq, Ermənistanda ərzaqın qiymətinin artacağı gözlənilir. Rusiya-Gürcüstan-Ermənistan marşrutu ilə yüklərin daşındığı Yuxarı Lars yolu ilə qış aylarında qar yağması ilə əlaqədar hərəkət xeyli məhdudlaşır. Bu isə Ermənistanda ərzaq məhsullarının daşınmasında əlavə problem yaracaq. Azərbaycanın öz ərazilərini işağldan azad etməsi isə həmin ərazilərdən kənd təsərrüfatı və digər məhsulların Ermənistana qanunsuz daşınmasına son qoyub. Hətta Kəlbəcərin Azərbaycana qaytarılması Ermənistan büdcəsinin dörd ən böyük vergi ödəyicisindən biri olan Söyüdlü qızıl yatağının işğalçıların əlindən çıxmasına səbəb olub. Bu səbəbdən Ermənistanın yaxın aylarda ciddi iqtisadi problemlər yaşayacağı gözlənilir. Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlı olması ilə əlaqədar blokada şəraitində yaşayan Ermənistanın iqlim şəraiti səbəbindən Gürcüstan üzərindən də yük daşımalarını normal həyata keçirə bilməməsi ərzaq qıtlığı ilə üzləşdirə bilər.

İqtisadçı-ekspert Cümşüd Nuriyevin sözlərinə görə, müstəqillik dövründə Ermənistanın istisadi potensialı Azərbaycanın işğal olunmuş əraziləri hesabına formalaşıb.

Artıq Azərbaycan öz torpaqlarını işğaldan azad etdiyinə görə Ermənistan qanunsuz yolla əldə etdiyi bir çox iqtisadi imkanlar əldən çıxıb.

Ona görə də işğalçı ölkə ciddi problemlərlə üzləşə bilər.

"Vətən müharibəsindən əvvəl Ermənistanın ümumi daxili məhsulunun 30 faizi və ya üçdə birinə yaxıən hissəsi işğal edilmiş Azərbaycan ərazilərinin hesabına formalaşırdı. Bu çox böyük rəqəmdir. Yəni Ermənistanın ümumi daxili məhsulu illər üzrə orta hesabla 15-20 milyard dollar arasında hesablansa, özlərinin verdiyi rəsmi məlumata görə, Azərbaycan ərazisindən 7-8 milyard dollar gəlir götürüblər. Bundan başqa, ermənilər Kəlbəcərdəki Söyüdlü və Zəngilanın Vejnəli qızıl yataqlarından külli miqdarda qazanc əldə ediblər. Ermənilər hər iki yatağı Rusiya şirkətinin istifadəsinə veriblər. Amma erməni işğalçıları Qarabağın ərazisində həm də meyvəçilik, bağçılıq və heyvandarlıqdan çox böyük gəlir götürürdü. Ümumilikdə Ermənistanda heyvandarlığın 40-45 faizi Azərbaycanın işğal olunmuş rayonlarının hesabına təmin edilirdi. Ermənistanda istehsal və istehlak olunan ətin və süd məhsullarının yarısı həmin ərazilərin hesabına formalaşırdı. Həm də bu məhsullar Ermənistana çox ucuz başa gəlirdi. Çünki Azərbaycan əraziləri işğal edilən zaman əsir götürülən vətəndaşlarımızın bir çoxu həmin ərazilərdə ucuz işçi qüvvəsi kimi işlədilirdi. Ona görə də Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi Ermənistan büdcəsinin dolmasında 30 faizə yaxın gəlirdən məhrum olması deməkdir. Onlar ən çox Kəlbəcər, Laçın və Qubadlı rayonlarından bağçılıq, heyvandarlıq, Füzuli, Ağdam, Cəbrayıl və Zəngilan ərazilərindən isə taxılçılıq məqsədilə istifadə edirdilər. Ona görə də Ermənistanın qarşıdan gələn ildə həm taxılçılıq, həm də heyvandarlıq məhsulları ilə təminatında ciddi problemləri yaranacaq”.

Cümşüd Nuriyev bildirdi ki, yaranmış ərzaq çatışmazlığını aradan qaldırmaq üçün Ermənistanın valyuta imkanları çox məhduddur. Bu da Ermənistanın tədiyyə qabiliyyətinin çox aşağı olması ilə bağlıdır.

"Ermənistanın tədiyyə balansı mənfidir. Ümumi daxili məhsulda geriləmə var və inkişaf yoxdur. Müharibə zamanı Azərbaycanın Ermənistan iqtisadiyyatına 3 milyard dollar ziyan vurduğunu, döyüşlərdə 5 mindən artıq hərbçinin ölməsini, onların dəfni və ailələri üçün sosial xərcləri də nəzərə alsaq, Ermənistanın büdcəsi boşalıb. 44 günlük müharibə dövründə Ermənistan büdcəsinin 50 faizini itirib. Bu onları çox geri salıb. Xaricdən də ciddi yardım gəlmədiyinə görə, 2021-ci ildə Ermənistanın vəziyyəti ağır olacaq. Ermənistan iqtisadiyyatı tam çökəcək və heç bir xarici ölkə də onlara pulsuz taxıl verməyəcək”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları