Yuxarı

Regionda geosiyasi vəziyyət: Rusiya Qafqazı Türkiyəyə güzəştə gedir

Regionda geosiyasi vəziyyət: Rusiya Qafqazı Türkiyəyə güzəştə gedir

Regionda geosiyasi vəziyyət:  Rusiya Qafqazı Türkiyəyə güzəştə gedir

Rusiya sülhməramlı qüvvələri öz fəaliyyətinin icrasını davam etdirsə də, Türkiyə hərbçiləri hələ bölgəyə gəlməyib.

Bu səbəbdən bölgədə atəşkəsə nəzarət üzrə Birgə Monitorinq Mərkəzinin yaradılması hələ baş tutmayıb. Rəsmi Ankara türk hərbçilərin Azərbaycana göndəriləcəyi barədə vədlər versə də, dəqiq tarix göstərməyə tələsmir. Üstəlik, "mehmetciklər”in sayı və hansı ərazidə yerləşdiriləcəyi barədə də informasiya yoxdur.

Bəzi məlumatlara görə, sülhməramlı missiyanın formalaşdırılması və fəaliyyət planı ilə bağlı Rusiya və Türkiyə arasında razılaşdırılmamış məqamlar var. Hətta danışıqlar kifayətə qədər məxfi aparıldığından fikir ayrılığının digər sahələri də əhatə etdiyi istisna olunmur.

Mövcud prosesi Cebhe.info-ya təhlil edən politoloq Fərrux Məmmədovun sözlərinə görə, 44 günlük hərbi əməliyyatlardan sonra Ermənistanın işğal altındakı Azərbaycan ərazilərindən öz qoşunlarını çıxartmağa razılaşması və Rusiya sülhməramlı qüvvələrinin bölgəyə yerləşdirilməsi Cənubi Qafqaz siyasi strategiyasının ikinci mərhələsinin başlanğıcı deməkdir:

"Bu strategiya Kreml, Federal Təhlükəsizlik Xidməti və Rusiya Müdafiə Nazirliyinin Baş Hərbi Kəşfiyyat İdarəsi tərəfindən formalaşdırılıb. Rusiyanın ilkin planlarında Türkiyənin regionda, xüsusilə Dağlıq Qarabağda iştirakı nəzərdə tutulmamışdı. Bunu Prezident Vladimir Pitinin sözçüsü Peskov və Rusiya Xarici İşlər Naziriliyi hərbi əməliyyatların başlanmasından bir neçə gün sonra açıq bəyan etdilər. Ancaq Rusiya həm Suriya, həm Liviya, həm də "Mavi axın” məsləsində Türkiyədən asılıdır. Ona görə də rəsmi Moskva istəməyərək Ankaraya güzəştə getməyə məcbur oldu.

Bu razılaşmalar Rusiyanın siyasi strategiyasına daxil deyil. Bu da gələcəkdə Rusiyanın regiondakı maraqlarına problem yarada bilər. Lakin hər iki ölkənin dövlət başçıları, xarici işlər və müdafiə nazirləri arasında Dağlıq Qarabağ məsləsinə dair mütəmadi müzakirələrin keçirilməsi Rusiya və Türkiyə arasında münaqişənin həllinə dair razılaşmalarda problemlərin olduğunu göstərir. Türkiyə parlamentinin Azərbaycan ərazisinə atəşkəsə Birgə Monitorinq Mərkəzində nəzarət etmək üçün silahlı qüvvələrin göndərilməsi barədə qərar çıxartmasından bir həftə ötməsinə baxmayaraq, bu proses həyata keçirilmir.

Bu, türk hərbçilərin Azərbaycana gəlməyəcəyi anlamına gəlmir. Ancaq görünür, Rusiya ilə hələ razılaşdırılmamış detallar var. Türkiyənin müdafiə naziri Hulusi Akarın açıqlamaları və Ankarada keçrilmiş müzakirələrin nəticələri də göstərir ki, Rusiya bir sıra məqamlarda özünün daha fəal şəkildə iştirakını istəyir. Rusiya bilir ki, Dağlıq Qarabağ məsələsi Türkiyənin yüz ildən sonra de-yure Cənubi Qafqaza, əsasən Azərbaycana gəlməsi deməkdir. Türkiyə ordusunun bu coğrafiyaya qayıtması Cənubi Qafqazın geosiyasi mənzərəsinin kökündən dəyişməsinə səbəb olacaq. Çünki cənubda İran, Şimali Qafqazdakı xalqlar müsəlmandır. Onların Türkiyənin siyasi-ideoloji kursuna rəğbəti var. Rusiya bu amili çox yaxşı bilir. Birinci və ikinci Çeçen müharibələri zamanı da Türkiyənin həmin bölgədə nüfuza malik olması bütün dünyada qəbul olunmuşdu. Ona görə də Azərbaycan ərazisinə daxil olacaq Türkiyə Ordusunun Şimali Qafqazda, hətta İranda da rəğbətlə qarşılanacağını Rusiya yaxşı bilir. Rusiya kəşfiyyat protokollarında bütün bunlar göstərilir. Yəni məsələ türk hərbçilərinin sayında deyil. Məsələ daha çox siyasi , strateji və Cənubi Qafqazın geosiyasi vəziyyəti ilə bağlıdır. Bu isə Türkiyənin yeni cəbhədə qələbəsi deməkdir. Çünki Rusiya Liviyada Türkliyədə məğlub oldu. Suriyada tərəflər bərabər nəticə göstərdilər. Türkiyə Dağlıq Qarabağdakı hərbi əməliyyatlar zamanı Azərbaycana siyasi dəstək verərək Rusiyaya yenidən qalib gəldi. Rusiya da bunu həzm edə bilmir. Sülhməramlı kontingentin formalaşması məsələsində razılaşdırıla bilməyən məqamlar texniki deyil, siyasi xarakter daşıyır.

Amma formatın müəyyənləşməsində tərəflər görünür, ortaq mövqeyə gələ bilmir. Artıq Azərbaycan Ordusu Ağdama və Kəlbəcərə daxil olub. Yaxın günlərdə Laçın da Azərbaycana təhvil veriləcək. Türkiyə hərbçilərinin həmin coğrafiyaya gəlməsi ümumilikdə, Cənubi Qafqaza NATO-nun, ABŞ-ın Cənubi Qafqaza daxil olması deməkdir. Bu isə Rusiyanın Cənubi Qafqazda məğlubiyyətinin başlanğıcıdır”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları