Yuxarı

Ermənilər "günah keçisi” axtarışında: "Paşinyan məsuliyyəti bölüşməyə çalışır”

Ermənilər

Ermənilər

Nikol Paşinyan iqtidarı müharibədəki məğlubiyyətə görə məsuliyyəti eks-prezidentlər - Köçəryan və Sarkisyanla bölüşməyə çalışır.

Ermənistanın hazırkı rəhbərliyi hakimiyyətdə Paşinyanın deyil, "Qarabağ klanı" olsa belə, Azərbaycanın işğal altındakı əraziləri azad edəcəyini bildirir.

"Əvvəlki hökumətlər bunun olacağını bilirdi, ona görə də bilərəkdən elə vəziyyət yaratdılar ki, sanki bunu biz etmişik”.

Cebhe.info xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Lena Nazaryan deyib. Bununla da mövcud hakimiyyət Robert Köçəryana və Serj Sarkisyana yaxın müxalifət qüvvələrinin Paşinyanı "günah keçisi”nə çevirmək cəhdləri ilə barışmaq istəmir. Nazaryanın bu açıqlaması Köçəryan və Sarkisyan torpaqların işğaldan azad olunacağını əvvəlcədən bilib-bilmədiyinə dair suallar yaradır.

Bu baxımdan, hərbi əməliyyatlar dövründə eks-prezidentlərin müşahidəçi mövqedə dayanması diqqətdən yayınmadı. Ancaq onların qeyd edilən susqunluğunun reallıqla barışması, yoxsa Paşinyanın məğlubiyyətinə şərait yaratmaq məqsədindən irəli gəldiyi bilinmir.

Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistanda hazırda "Qarabağ klanı" hakimiyyətdə olsa belə, ərazilərin işğaldan olunması qaçılmaz idi:

"Ermənistan Baş naziri Nikol Paşinyan noyabrın 9-da kapitulyasiyaya imza atdıqdan sonra ona qarşı müxalifətin etirazları geniş miqyasda olmasa da, davam edir. Nikol Paşinyan təbii ki, bu müharibədə məğlubiyyətini bölüşməyə çalışacaq. O ordunun hazırkı durumda olmasına görə Serj Sarkisyan iqtidarını günahlandıracaq. Müharibənin gedişində Sarkisyan və Köçəryanın səssiz qalması Paşinyanı özündən çıxarıb. O, güman edir ki, bu qrup Rusiya ilə əlbir olaraq onun bu müharibədə uduzmaması və müdafiə olunması üçün cəmiyyəti və hakimiyyəti məlumatlandırmayıblar. Hesab edirəm ki, bu müharibədə "Qarabağ klanı"nın susması əsasən Paşinyan iqtidarının zəifləməsinə və xalq kütləsi arasında etimadının dağılmasına hesablanıb. Ona görə də biz hazırda fərqli bir prosesin şahidiyik. Paşinyan iqtidarı müəyyən bəhanələrə məğlubiyyəti "Qarabağ klanı" ilə bölüşməyə çalışacaq”.

Politoloq hesab edir ki, Sarkisyan və Köçəryan hakimiyyətdə olsaydı belə müharibənin başlanması yenə qaçılmaz olacaqdı:

"2016-cı il Aprel müharibəsində Sarkisyan hakimiyyətdə idi. İndki vəziyyətdə onlar da hakimiyyətdə olsaydı, əlverişli bir geosiyasi vəziyyətdə Azərbaycan öz ərazilərini işğaldan azad edə biləcəkdi. Sadəcə, bizə bu illər ərzində hərbi-texniki və ordumuzu müasir vəziyyətə gətirmək lazım idi. Hazırlıq başladı və düşmənin atəşkəsi pozması bizim əks-hücuma keçib əraziləri işğaldan azad etməyimizlə nəticələndi. Düşünürəm ki, Paşinyan və Sarkisyan yaxşı bilirdi ki, Azərbaycan əraziləri işğaldan azad edə biləcək”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları