Yuxarı

Ermənistanda mif dövrü bitdi: Siyasi bazarlığa kimlər oturacaq?

Ermənistanda mif dövrü bitdi: Siyasi bazarlığa kimlər oturacaq?

Ermənistanda mif dövrü bitdi: Siyasi bazarlığa kimlər oturacaq?

Ermənistanda 30 ildən artıqdır siyasi proseslərin bünövrəsini təşkil edən Dağlıq Qarabağ münaqişəsi sıradan çıxdı.

Müstəqillik dövründə Dağlıq Qarabağa və Azərbaycana ərazi iddiası Ermənistanın daxili və xarici siyasi münasibətlər sistemini formalaşdıran əsas amil olub. Hətta Ermənistanda hakimiyyətin formalaşmasında Qarabağ məsələsinə yanaşma həlledici rol oynayıb. Amma Azərbaycan silahlı qüvvələrinin işğal altındakı əraziləri azad etməsindən və Baş nazir Nikol Paşinyanın kapitulyasiya sənədini imzalaması ilə Ermənistan de-yure qonşu ölkəyə ərazi iddiasından imtina etdi.

2018-ci ildə Paşinyanın hakimiyyətə gəlişindən sonra bütün resursları məhv edilən "Qarabağ klanı"nın Ermənistanda yenidən hakimiyyətə qayıtmaq şansı görünmür. Paşinyan hökumətinin "yeni müharibə, yeni ərazilər” siyasəti də tam iflasa uğrayıb. Məğlubiyyətdən sonra Ermənistanın tamamilə yeni siyasi mərhələyə daxil olacağı gözlənilir. Ancaq bu dəyişikliyin baş verməsi üçün "Böyük Ermənistan” faşist ideologiyasından uzaq, praqmatik nəslin hakimiyyətə gəlməsi lazımdır. Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan ermənilərə müraciət edərək müharibənin bitdiyini bildirib və yaranmış reallıqla barışmağa çağırıb. Ancaq Ermənistanda kapitulyasiyadan sonrakı siyasi gerçəkliyi qəbul edən qüvvə müşahidə olunmur. Ölkədə yaranmış siyasi hərc-mərclik davam edir.

Bu arada bütün siyasi partiyalar yaranmış vəziyyətdən istifadə edib hakimiyyəti ələ keçirməkdə maraqlı görünür. Dövlət Təhlükəsizlik Xidmətinin sabiq rəisi, Vətən Partiyasının sədri Artur Vanesyan Rusiyanın cəmiyyətin Paşinyana artaq təzyiqləri fonunda müxalifətin vahid namizədi kimi baş nazir postuna daha çox iddialı görünür. Levon Ter-Petrosyan isə son zamanlar ortaq mövqe nümayiş etdirməyə çalışmaqla və məsələni konstitusiya çərçivəsində həll etməyə çağırmaqla xilaskar funksiyasını təklif edir. Xatırladaq ki, eks-prezidentin rəhbərlik etdiyi Erməni Ümummilli Hərəkatı N. Paşinyan hökumətini konstitusiyaya zidd tədbirlərdə ittiham edərək, Ermənistanda vətəndaş müharibəsi təhlükəsinin olduğunu bəyan edib.

"Aydındır ki, biz hakimiyyət uğrunda indiki mübarizənin nə iştirakçısı, nə də tərəfdarıyıq. Biz yalnız vətəndaş müharibəsindən yaxa qurtarmaq, hazırkı böhranı yalnız Konstitusiya yolu ilə aradan qaldırmaq istəyirik-bunu hansı tərəfin edəcəyindən asılı olmayaraq. Əlbəttə, ən arzuolunan variant iki tərəf arasında razılaşmadır. Rusiya-Ermənistan-Azərbaycan üçtərəfli razılaşmasına gəldikdə isə, ən azından müharibənin başa çatdığını və bir daha qurbanların olmayacağını nəzərə alsaq, onu reallıq kimi qəbul etmək lazımdır. Sazişin həyata keçirilməsi və Qarabağ probleminin qəti həlli prosesi yaxın gələcəyin işidir və Ermənistan ona ciddi şəkildə hazır olmalıdır”, - deyə bəyanatda qeyd edilib.

Konfliktoloq Əvəz Həsənov hesab edir ki, Ermənistanda praqmatik siyasi struktura mailk olan yeni nəsil siyasətçilər çox azdır. Ona görə də Paşinyan istefa verəcəyi təqdirdə, onların parlamentdə çoxluq qazanması mümkün deyil:

"Ermənistanda indiki halda parlament seçkilərinin keçirilməsi inandırıcı deyil. Çünki ölkə parlamentli respublika olduğuna görə, hökumət qanunverici orqanda çoxluq qazanan partiya tərəfindən formalaşdırılır. Belə olan halda Ermənistanda siyasi bazası vətəndaş cəmiyyətindən formalaşmış kiçik partiyaların yenidən qalib gəlməsi inandırıcı görünmür. Çünki onların böyük əksəriyyəti xarici təşkilatlarla, donorlarla işləyiblər. İndi Ermənistan cəmiyyətində onlara inam azalıb. Bu baxımdan, hazırkı şəraitdə Paşinyanı əvəz edəcək siyasi fiqur hələ ki, yoxdur. Ter-Petrosyan Paşinyanı dəstəkləməsə də siyasi gücünü itirib. Ona ağsaqqal kimi hörmət olunur. Ancaq 2018-ci ildə keçirilən parlament seçkilərində onun partiyası lazım olan qədər səs toplaya bilmədi. Bundan başqa, Ermənistanda sabiq xarici işlər naziri Vardan Oskanyanın, Raffi Ovannisyanın tərəfdarları var. Lakin onlar cəmiyyətdə güclü siyasi dəstəyə malik deyil”.

Politoloq hesab edir ki, artıq "Böyük Ermənistan” ideyası artıq aktuallığını itirib. Ona görə də müharibədəki məğlubiyyətdən sonra "Böyük Ermənistan” barədə danışmaq gülməli səslənir:

"Robert Köçəryanın vaxtında belə bu ideyanı cəmiyyətə qəbul etdirə bilmədilər. İndiki bu qeyri-müəyyən siyasi mühitdə "Böyük Ermənistan” adlanan işğalçı ideyanın kimin üçün isə populyar olacağına inanmıram. Çünki Ermənistan gülün vəziyyətə düşüb. Onlar Ermənistanın nəzarətdə saxladığı əraziləri itirdiyi bir vaxta "Böyük Ermənistan” haqda danışmaq yalnız fantaziyadır. Paşinyanın məqsədi də bundan ibarət idi ki, ermənilər reallığı nəzərə alsın və eyforiyadan ayılsın”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları