Yuxarı

Rusiya Moldovada Qərbə uduzdu: Proseslər hara aparır?

Rusiya Moldovada Qərbə uduzdu: Proseslər hara aparır?

Rusiya Moldovada Qərbə uduzdu: Proseslər hara aparır?

Moldovada keçirilən prezident seçkilərində "Fəaliyyət və Həmrəylik” partiyasının sədri Maya Sandu qalib gəlib.

Prezidentin dəyişməsi Rusiyanın və Qərbin siyasi gündəminin əsas mövzularından birinə çevrilib. Çünki xanım Sandunun qələbəsi Rusiyayönümlü siyasəti ilə seçilən sosialist İqor Dodonun hakimiyyətdən getməsinə səbəb olub.

Ona görə də bu hadisənin Moldovanın xarici siyasətinə ciddi təsir göstərəcəyi proqnozlaşdırılır. Bu baxımdan, İ.Dodonun məğlubiyyəti Moskvada narahatlıqla qarşılanıb. Maya Sandu balanslı xarici siyasət yürüdəcəyinə söz versə də, Moldovada parlamentli respublika üsul-idarəsi olduğundan bunun üçün real imkanlar demək olar ki, yoxdur. Əgər "Fəaliyyət və Həmrəylik” partiyası parlament seçkilərində qalib gələrsə, Sandu kursu dəyişmək şansı əldə edə bilər.

Moldovanın ilk qadın prezidenti hələlik Rusiyanı narahat edəcək hər hansı bəyanat verməyib. "Moldovanın milli maraqlarından çıxış edərək xarici siyasətdə əsl tarazlıq yaradacağıq. Rumıniya, Ukrayna, Avropa ölkələri, Rusiya və ABŞ daxil olmaqla bütün ölkələrlə praktiki dialoq quracağıq. Ölkənin bütün vətəndaşları üçün çalışacağam”, -deyə xanım Sandu vəd edir.

Bununla yanaşı Maya Sandu Qərbyönümlü siyasi düşərgəni təmsil edir və Moldovanın Avropaya inteqrasiyasının tərəfdarıdır. Qeyd edilən səbəbdən, Rusiya Dnestryanı münaqişənin həlli, münaqişə bölgəsində Rusiya sülhməranlılarının taleyi və Moldovanın Avrasiya İqtisadi Birlyi ilə əməkdaşlıq məsələlərində yeni prezidentin mövcud siyasi kursdan imtina edəcəyindən narahatdır. Kremlin yeganə ümidi hələlik parlamentdə Sandu tərəfdarlarının çoxluq təşkil etməməsi ilə bağlıdır. Bu da ona özünə yaxın kadrlardan ibarət hökumət formalaşdırmağa mane olur.

Əgər o, növbədənkənar parlament seçkiləri keçirməyə nail olsa, qanunverici orqanda kifayət qədər tərəfdar toplaya bilər. Yalnız bu halda prezident Sandu Moldovanın daxili və xarici siyasətində müəyyən təsir gücünə sahib olacaq. Artıq o, parlamenti buraxmaq və yeni seçkilər keçirmək niyyətini elan edib.

Hazırda "Fəaliyyət və Həmrəylik” partiyası Moldova parlamentində 15 mandata sahibdir. Ən çox deputata yeri isə İ.Dodonun rəhbərlik etdiyi sosialistlərin əlindədir. Onlar 37 mandatla təmsil olunur. Dodonun məğlubiyyəti çox güman ki, parlament seçkilərinə də təsir göstərəcək. Bu halda üstünlüyün Qərbyönlü qüvvələrin əlinə keçməsi Moldovanın xarici siyasətində dönüşü təmin edə bilər.

Politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında Moldovada Rusiyanın geosiyasi mövqelərinin zəifləyəcəyini bildirdi:

"Rusiya Moldovada uzun illərdir ki, bu dövləti öz orbitində saxlayır. Baxmayaraq ki, parlament və hökumət Avropa yönümlüdür. Prezident İqor Dodon Rusiyapərəst siyasətçi idi və ölkəsində Kremlin maraqlarını müdafiə edirdi. Rusiya da məhz Dodon vasitəsilə bu ölkədə siyasi dayaqlarını möhkəmləndirirdi. Son illərdə Moldovada prezident və parlament arasında siyasi fikir ayrılıqları hökm sürür. Ölkədə prezidentə qarşı siyasi cəbhə formalaşmışdı. Artıq xalq Avropaya inteqrasiya siyasi kursunu dəstəklədiyini görə Dodonun siyasi manevrləri zəifləyib. Məhz ölkədə keçirilən seçkilərdə onun məğlub olması Rusiyanın Moldovadakı siyasətinə zərbə vurdu. Demək olar ki, Rusiyanın Moldovada təsir imkanları zəifləyəcək.

Dnestryanı problemin həllində vəziyyət məhz Moldovanın leyhinə dəyişəcək. Düşünürəm ki, Rusiya Avropada siyasi cəhətdən öz ağırlığını itirib. Bundan sonra Rusiyasız Moldovada mərkəzi hakimiyyət güclənəcək və ölkə inkişaf edəcək”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları