Yuxarı

İnqilaba Ağ Evdən "ikinci nəfəs”: Bayden Belarusa nə vəd edir?

İnqilaba Ağ Evdən

İnqilaba Ağ Evdən

ABŞ-ın 46-cı prezidenti seçilmiş Co Baydenin xarici siyasətdə bir sıra mühüm korrektələr etməyə hazırlaşır.

Ağ Evin yeni rəhbəri Rusiyaya qarşı təzyiqlərin artırılmasını əsas prioritet məsələ kimi qarşıya qoyur. "Rusiyanın qırğısı” adlandırılan Co Baydenin vitse-prezident olduğu müddətdə olduğu kimi bu dəfə də Ukrayna məsələsinə xüsusi diqqət ayıracağı güman edilir. Lakin Baydenin Rusiya ilə bağlı strategiyasına indi Belarusun da əlavə olunacağı gözlənilir.

Avqustun 9-da keçirilmiş prezident seçkilərindən sonra Belarusda Lukaşenko rejimi əleyhinə başlamış etiraz aksiyaları bu ölkədə hakimiyyəti dəyişmək üçün Bayden administrasiyası üçün tutarlı arqument ola bilər.

Ekspertlərin fikrincə, Trampdan fərqli olaraq, prezident Bayden Belarusun Rusiyanın təsir zonasında qalması ilə barışmayacaq. Donald Trampın özü Belarusdakı hadisələrə mühüm əhəmiyyət verməyib.

Bununla birlikdə, Mayk Pompeo və Dövlət Departamentinin digər rəsmiləri 9 avqust seçkilərinin qanuniliyini tanımadı və Aleksandr Lukaşenko hakimiyyətini etirazçılarla dialoqa çağırmaq istiqamətində fəal siyasət yürüdüb. Ancaq Bayden bunu qaneedici hesab etmir və Belarusdakı kütləvi aksiyalara dəstəyin artırılmasını vacib sayır.

ABŞ-da prezident seçkilərindən bir neçə gün öncə bəyanatda Bayden verdiyi bəyanatda bu məsələdə Trampdan fərqli mövqe tutacağını bildirib:

"Prezident Tramp dəstək üçün danışmaqdan imtina etsə də, mən Belarus xalqını və onların demokratiya istəklərini dəstəkləməyə davam edirəm”- Bayden belə deyib.

Bayden Aleksandr Lukaşenkonun əlaltılarına və oğurladıqları sərvəti saxladıqları hesabların dondurulması üçün sanksiyaları əhəmiyyətli dərəcədə genişləndirməyə çağırıb. Bütün bunlar isə Baydenin prezidentliyi müddətində rəsmi Vaşinqtondan Belarusa qarşı təzyiqlərin artacağını deməyə əsas verir. Bayden administrasiyası Belarusdakı kütləvi etirazlara fəal dəstək verməklə hakimiyyət dəyişikliyinə nail olmağa, eyni zamanda Lukaşenkoya qarşı sanksiyalar tətbiq etməklə istefaya getmək üçün ona təzyiqləri gücləndirməyə çalışacaq. Bu isə Baydenin vitse-prezident olduğu illərdə olduğu kimi "məxməri inqilab”ların ixracı texnologiyasından istifadə olunacağını göstərir. Belə hədəfdə olan ilk ölkələrdən biri yəqin ki, Belarus olacaq. Lakin Lukaşenkonun hakimiyyətdə qalmasını təmin edən başlıca amil Rusiyanın dəstəyidir. Kreml Belarusu təsir dairəsində saxlamaq üçün hələlik bu ölkədə öz siyasi üstünlüyünü saxlamağa nail olub. Qərb Lukaşenkonu qeyri-legitim prezident elan etsə də onu hakimiyyətdən uzaqlaşdıra bilmir. Hətta Avropa Birliyinin əksər ölkələri Svetlana Tixanovskayanı Belarus prezidenti kimi tanıdıqlarını bəyan etsələr də bu, Lukaşenkonun iqtidarda qalmasına mane olmayıb. Nəticədə, Belarusda Venesuela presedenti yaranıb. Bunun da başlıca səbəbi Lukaşenkonun inzibati resurslara nəzarəti əlində saxlaya bilməsidir.

Ona görə də ölkədə ikihakimiyyətlilikdən danışmaq belə hələ tezdir. Doğrudur, Belarusda hakimiyyət dəyişikliyinə nail olmaq üçün geniş xalq hərəkatı formalaşıb. Müxalifət Qərbin dəstəyi nəticəsində Rusiyanın təsirinin qarşısını alacağına və Lukaşenkonu istefaya məcbur edəcəyi ümidi ilə yola çıxmışdı. Lakin Tramp adminsitrasiyasının və Avropa dövlətlərinin Belarus məsələsində Rusiya ilə münasibətlərdə qarşıdurmaya getməkdə maraqlı olmaması Lukaşenko hakimiyyətinin ömrünü uzadan əsas faktorlardan biri oldu. Baydenin prezidentliyi dövründə isə bu siyasətin dəyişəcəyi ehtimalı yüksəkdir. Yəni "Rusiya qırğısı”nın Belarusdakı proseslərə yanaşmada daha prinsipial mövqe nümayiş etdirəcəyi proqnozlaşdırılır. Rusiyanın Şərqi Avropada geosiyasi mövqelərini zəiflətmək üçün ABŞ-a Belarusu Kremlin təsir dairəsindən çıxartmaq lazımdır. Çünki Ukraynadakı münaqişədən sonra NATO üzvü olan dövlətlərlə ABŞ-ın təsir zonası sayılan Ukrayna arasında geosiyasi dəhliz rolu oynayan Belarus həm Rusiya, həm də Qərb üçün strateji əhəmiyyət daşıyır. Bu baxımdan, "bufer zona" adlandırılan Belarus hər iki tərəf üçün müdafiə imkanı yaradır. Rusiya Donbasın işğalından sonra Belarusda hərbi hava bazası yerləşdirməyə çalışdı. Prezident Putinin planı Kalininqrad vilayətindəki raket qoşunları ilə hərbi əlaqəsini genişləndirmək, Babyurskda bombardmançı təyyarələr və Litva istiqamətində raketlər yerləşdirmək, eyni zamanda Çernıqov istiqamətindən, yəni Ukraynanın şimal-şərqindən Kiyevə birbaşa hücum təşkil etməkdən ibarət idi. Beləliklə, Rusiya aradakı bufer zonada öz hərbi mövqelərini gücləndirməklə ABŞ-dan və NATO-nun Avropadakı şimal-şərq cəbhəsindən gözlədiyi təhlükəni sərhədlərindən kənarda qarşılamaq imkanı qazanırdı. Bu həm də Ukraynanın işğalı və ABŞ-ın regiondan sıxışdırılması baxımından geostrateji rol oynaya bilərdi. Amma 2016-cı ildə A.Lukaşenkonun Rusiya hərbi bazalarının Belarusda yerləşdirilməsinə razılıq verməməsi Kremlin planlarını pozdu.

İndi isə Qərbin Belarusdakı proseslərə aktiv müdaxiləsi fonunda əks tərəfin cəbhə xəttini yarmaq cəhdi müşahidə edilir. Ancaq kütləvi etirazlara dəstək verən Avropa ölkələri daha çox Lukaşenko rejiminə sanksiyalar tətbiq etmək taktikasından istifadə edir. ABŞ, Almaniya, Fransa kimi ölkələr Ukraynada 2014-cü ildə baş verən "Maydan hərəkatı”ndan fərqli olaraq, qarşıdurmanı geosiyasi müstəviyə keçirmək istəmədi. Lakin Baydenin prezident kimi fəaliyyətə başlamasından sonra bu məsələdə ABŞ-ın yeni mövqe sərgiləcəyi ehtimal edilir. Ağ Evin yeni rəhbəri Belarus prezidentinin arxasında dayanan gücü-Rusiyanı regiondan sıxışdırmağa üstünlük verəcəyi gözlənilir. Çünki Baydenin vitse-prezident olduğu zamandan fərlqi olaraq, Belarus ətrafında geosiyasi şərait xeyli dəyişib. Belarusun Qərbin təsir dairəsinə keçməsi Baydenin Rusiyanı sıxışdırmaq və zəiflətmək planının həyata keçirilməsində mühüm rol oynaya bilər. Rusiyanın Avropaya enerji dəhlizi sayılan Belarusda Qərbin dəstəklədiyi liderin hakimiyyətə gəlməsi Kreml üçün ciddi problemlər yaradacaq. Bu həm də Rusiyanın liderlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin mövcudluğu üçün təhlükə deməkdir. Belarusun ABŞ-ın nəzarətinə keçməsi Ukrayna məsələsində Vaşinqtonun geosiyasi üstünlüyünü təmin edə bilər. Bu halda ABŞ Baltik dənizindən Qara dənizə qədər Rusiyanı şərqdən əhatəyə almaq imkanı əldə etmiş olar. Ona görə də yaxın perspektivdə Belarus və Ukrayna istiqamətində Rusiya ilə Qərb arasında qarşıdurmanın artacağı gözlənilir.

Baydenin hücum taktikasını anlayan Putin yanvar ayına qədər yaranmış keçid dövründən istifadə edərək ətraf regionlarda, o cümlədən Cənubi Qafqazda geosiyasi mövqelərini gücləndirməyə çalışır. Dağlıq Qarabağ probleminin həlli və münaqişə bölgəsinə Rusiya sülhməramlılarının yerləşdirilməsi sözügedən prosesin təzahürüdür. Bu səbəbdən Svetlana Tixanovskayanı dəstəkləyən belaruslar Co Baydenə böyük ümid bəsləyir. Hətta xanm Tixanovskayanın prezident seçilməsi münasibəti ilə Baydenə ünvanladığı təbrik məktubunda ABŞ-da yaşayan belarusların məhz demokratların namizədinə səs verdiyi xüsusi vurğulanır. Tixanovskayanın tezliklə Baydenin onu qəbul edəcəyini qeyd etməsi isə ABŞ-ın yeni prezidentindən Belarusdakı kütləvi aksiyaları inqilaba çevirmək üçün dəstək istəməsi kimi başa düşülə bilər.

Müşfiq Abdulla