Yuxarı

Türkiyə-Ermənistanla birgə lahiyədə!

Türkiyə-Ermənistanla birgə lahiyədə!

Cənubi Qafqazda yeni savaş mənbəyi

Azərbaycan prezidenti İlham Əliyev dünən Gürcüstana rəsmi səfər edib. Səfər zamanı bir sıra sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinə dair birgə bəyannamə imzalansa da, əvvəlcədən əsas müzakirə predmetinin Azərbaycanın bu ölkəyə təbii qaz satışı tarifləri ilə bağlı olacağı məlum idi.  Bu da, son zamanlar Gürcüstanın Azərbaycandan idxal etdiyi təbii qazın qiymətinin baha olmasından narazılıq etməsi ilə bağlıdır. Xatırladaq ki, Gürcüstanın energetika naziri Kaxa Kaladze "SOCAR Georgia Gas" şirkətini ölkə ərazisində monopoliya yaratmaqda ittiham etmişdi. Adıçəkilən şirkət bu ilin oktyabr ayının 1-dən etibarən ölkədə kommersiya müştəriləri üçün satdığı təbii qazın qiymətini artırıb.  Həmin tarixdənqazın 1 kubmetri ƏDV daxil olmaqla, 0,84 lariyə (təxminən 36 qəpik) satılır.

"SOCAR Georgia Gas"ın açıqlamasına görə, çörək zavodları, büdcə təşkilatları və kilsələrdə qiymət olduğu kimi qalacaq.

Lakin Gürcüstan hökuməti bu qiymətlə razılaşmaq istəmir və ümumiyyətlə Azərbaycandan aldığı mavi yanacağın tariflərinin aşağı salınması şərtini irəli sürür. Qeyd edək ki, Azərbaycan hazırda Gürcüstana təbii qazın 1000 kubmetrini 160 dollara satır. Azərbaycanın bu qiymətdən aşağı güzəştə gedəcəyi inandırıcı görünmür. Son vaxtlar Gürcüstan hökumətinin  məxfi şəkildə “Qazprom” şirkəti ilə danışıqlar aparması barədə məlumat yayılsa da, Rusiya həmin qiymətə təbii qaz satmağa razı olmaz. Ona görə də ARDNŞ prezidenti Rövnəq Abdullayev "SOCAR Georgia Gas"ın ittihamlarına  “Getsinlər başqasından alsınlar”-cavabını verməklə Gürcüstanın Azərbaycan qazı qədər əlverişli variant tapa bilməyəcəyinə işarə vurmuşdu.

qaz kemeriAncaq çox keçmədən rəsmi Tiflisin bu bəyanatının arxasında duran səbəblər ortaya çıxmağa başladı. Gürcüstan İran qazına maraq göstərir. Daha doğrusu söhbət İran qazının Ermənistan vasitəsilə Gürcüstana nəqlindən gedirdi. Bu söhbətin şayiə olmadığı Ermənistan prezidenti Serj Sarkisyanıın oktyabrın 10-da Gürcüstana gözlənilməz səfər etməsi ilə təsdiqini tapdı. Gürcüstan və Ermənistan prezidentlərinin bu mövzuda apardıqları danışıqların məzmunu məxfi saxlanılsa da, Kaxa Kaladzenin İrana gözlənilən səfəri sözügedən məsələnin Tiflis üçün aktuallığını qoruyub saxlamasından xəbər verir.

Gürcüstan hazırda təbii qaz problemi ilə bağlı danışıqları özünün daxili tələbatını ödəmək məqsədilə izah edir. Ancaq getdikcə ortaya çıxan informasiyalar Cənubi Qafqazda qaz uğrunda başlanmış gərgin rəqabətin arxasında daha dərin strateji məqamların dayandığını deməyə əsas verir. İlk baxışdan rəsmi Tiflisin etirazları ölkəyə idxal olunan mavi yanacağın idxalı ilə bağlı tariflərdən narazılıq kimi təqdim olunur. Energetika naziri Kaxa Kaladzenin “SOCAR-Georgiya Gas” şirkətini inhisarçılıq yaratmaqda ittiham etməsinin ardınca,Ermənistan və Azərbaycan prezidentlərinin Tiflisə səfər etməsi Gürcüstanın daha sərfəli qiymətə qaz almaq üçün tədarükçü mənbələrin diversifikasiyasına nail olmaq  planları kimi başa düşülə bilər. Gürcüstanın indiyə qədər yeganə qaz idxalçısı olan Azərbaycanı əlavə mənbələr axtarmaqla təhdid etməsi Bakıda narahatlıqla qarşılanmya bilməz. Gürcüstan hökumətinin mavi yanacağa olan tələbatını ödəmək üçün Rusiyanın “Qazprom” şirkəti ilə məxfi danışıqlar aparması barədə məlumatlar isə Azərbaycanla yanaşı Gürcüstanın da siyasi və strateji maraqlarına zidd hesab oluna bilər. Çünki Gürcüstan Azərbaycan neftinin və qazının alıcısı olmaqla yanaşı, həm də Türkiyə üzərindən Avropaya tranziti ilə məşğul olan ölkədir. Bu isə hər  iki dövlətin strateji təhlükəsizliyini təmin edir. Ona görə də,  Gürcüstan Azərbaycanın Qərbə açılan qapısı rolunu oynayır. 2018-ci ildən etibarən isə Azərbaycanın “Şahdəniz-2” yatağından hasil ediləcək  təbii qazı Gürcüstandan keçməklə Türkiyə ərazisindən TANAP layihəsi və onun davamı olan TAP layihəsi ilə İtaliyaya çıxarılmasına hazırlıq gedir.

Belə vəziyyətdə Gürcüstanın Azərbaycanın “enerji asılılığından xilas olmaq” niyyətinə düşməsi rəsmi Bakı üçün təbii ki, xoş qarşılana bilməz. Əgər problem sırf tariflərlə bağlı olsa idi, yəqin ki, Azərbaycan və Gürcüstan danışıqlar vasitəsilə bu məsələni yoluna qoya bilərdi. Çünki Azərbaycan dəfələrlə enerji tarifləri ilə bağlı məsələdə Gürcüstana güzəştə gedib. Əldə olunan məlumatlar isə yaranmış fikir ayrılığının arxasında iqtisadi maraqlardan daha çox siyasi məzmunlu planların dayandığınından xəbər  verir. Belə ki, Gürcüstanın mavi yanacağın qiymətlərindən narazılıq etməsi səbəbindən əlavə mənbələr isə Gürcüstan iqtisadi maraqları çərçivəsindən çıxaraq daha geniş geostrateji məzmun daşıyır. Yəni Gürcüstanın İran qazının Ermənistandan keçməklə idxal edilməsi planın birinci hissəsini təşkil edir. Rəsmi mənbələrə istinadən verilən xəbərlər isə təbii qazın ikinci mərhələdə Türkiyə üzərindən Avropaya ixracına hesablandığını göstərir. O da məlum olur ki, bu planın hazırlanmasına Türkiyə də razılıq verib. Ermənistanın da bu layihədə tranzit rolu oynaması İrəvanı kifayət qədər qane edir. Belə ki, İran-Ermənistan-Gürcüstan-Türkiyə-Avropa qaz kəməri layihəsinin reallaşması Ermənistana Rusiyanın iqtisadi asılılığından xilas olmaq, Qərblə daha geniş manevr imkanları əldə etmək, tranzit ölkə kimi gəlir əldə etmək, regional strateji layihəyə qoşulmaq imkanı verə bilər.

Gürcüstanın alternativ mənbələr axtarışına çıxması Rusiyanı da hərəkətə gətirib. Moskva üçün Gürcüstanın enerji  bazarında üstünlüyü ələ almaq Qərbin bu ölkədəki siyasi mövqelərini sıxışdırmaq, Azərbaycan üçün Cənubi Qafqazın çıxış qapısını bağlamaq, İranın isə bu regiona girişinin qarşısını almaq baxımından yüksək strateji əhəmiyyətə malikdir.

“Business-Грузия” jurnalının“Reuters”ə istinadən verdiyi məlumata görə, Avropa Rusiyanın təbii qaz iddialarını öldürmək üçün  İran qazının köməyinə  ümid bəsləyir. “Bu, yalnız plandır, lakin kifayət qədər iddialıdır. İran qazının Avropaya ötürülməsi üçün həm “Şahdəniz”, həm də imtina edilmiş “Nabukko”  marşrutu nəzərdən keçirilir. Avropa Birliyi İranla münasibətlərin istiləşməsi və Rusiya ilə münasibətlərin pisləşməsi fonunda İranı əsas qaz tədarükçüsünə çevirməyi planlaşdırır. Bir az da konkret desək, Rusiyanın asılılığından xilas olmaq üçün İran Avropanın başlıca prioritetidir. Bunun üçün hər şey nüvə proqramına dair danışıqların uğurla başa çatmasından və nəqledici borunun vaxtında çəkilməsindən asılıdır”. “Öz növbəsində, İran bir dəfə də olsun Avropa ilə enerji sahəsində yaxınlaşmaq arzusunu ifadə etməyib”-deyə Gürcüstanın “Rezonansi” qəzeti yazır.

“Gürcüstanın iqtisadi və siyasi elitası Qərbin sanksiyalarından xilas olmağa hazırlaşır.  O, Rusiya ilə birlikdə Avropaya qaz təchiz etməyə hazırdır”-deyə London Enerji Bazarının Araşdırılması Kral Kollecinin rəhbəri Frenk Umbax bildirib. Ekspert Sando Tvalçrelidze isə qeyd edir ki, “Nabukko” layihəsinin dirçəlməsi Avropa üçün ən münasib variant olardı. Onun sözlərinə görə,  mürəkkəb relyefə malik və 3500 metr yüksəklikdə 12 ballıq seysmik zəlzələnin baş verə biləcəyi dağlıq ərazidən bu kəməri birbaşa İran-Türkiyə marşrutu üzrə çəkməkdənsə,İran-Ermənistan-Gürcüstan-Türkiyə üzrə ötürülməsi ən optimal variantdır. Ekspert hesab edir ki, İran qazı birinci mərhələdə “Şahdəniz”  kəməri vasitəsilə nəql edilə bilər və “Şahdəniz” kəmərinin həcmini 45 mlrd. kubmetrdən 80 mlrd.kubmetrə qədər artırmaq olar. Azərbaycan isə ilk mərhələdə kəməri 16 mlrd. kubmetr qazla təmin edə bilər. Ona görə də mən düşünürəm ki, ən yaxşı variant İran qazını  “Şahdəniz” kəmərinə birləşdirməkdir.  Bunu Türkiyədən 40 km aralıda, qaz kəmərinin Avropa sisteminə birləşdiyi  Axalsi rayonunda etmək olar. Bu çox kiçik və yüngül layihədir. Bu marşrut praktiki olaraq, “Nabukko” layihəsinin canlanmasına gətirib çıxaracaq.  Orada yalnız Türkmənistan qazının nəqli müzakirə mövzusu olaraq qalır. Hazırda daha keyfiyyətli və ucuz təbii qaz variantı üzə çıxıb. Ermənistanın Türkiyə ilə gərgin siyasi münasibətlərinə, Rusiya ilə dostluğuna gəlincə, Ermənistanı bu layihəyə razı salmağa məcbur edəcək vasitələr var”-Sandro Tvalçrelidze jurnalistin sualına cavab olaraq belə deyib.

Qeyd edilən mənbə bildirir ki, bu məqsədlə İrana  Avropadan iki nümayəndə heyəti gəlib. Onların  məqsədi Qərbin sanksiyalarının yumşalacağı təqdirdə İran qazının Avropaya müxtəlif yollarla nəqlini müzakirə etmək olub: “Tehranda ən yaxşı marşrut “Nabukko” hesab olunur. Nazir müavini Əli Məcidinin sözlərinə görə, İran qazı layihənin rentabelliyi problemini həll edə bilər, Azərbaycanın “Şahdəniz” yatağının güclü inkişafına təkan verə bilər. Hələlik isə İran qazının Gürcüstan ərazisindən Avropaya ötürülməsi məsələsi həll olunmalıdır. Cənubi Qafqaz qaz kəməri-TANAP-ın inşasına başlanılmalıdır.  Kəmərin çəkilməsi 2017-ci ilin sonu, 2018-ci ilin əvvəllərində başa çatmalıdır. Bu vaxta qədər “Şahdəniz” yatağının ikinci hissəsinin işlənilməsinə başlanmalıdır”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə hesab edir ki,Gürcüstan üçün hazırda Azərbaycan qazının alınması ən əlverişli variantdır. Ekspertin fikrincə, İran qazının Ermənistandan keçməklə Gürcüstana və oradan Türkiyəyə nəqli barədə məlumatlar real deyil və daha çox spekulyasiya məqsədi daşıyır: “Çünki bunun heç bir komissiya əsası yoxdur. Hazırda İran-Ermənistan qaz kəmərinin gücü 1 milyard kubmetrdir. Qarşılıqlı hökumətlərarası razılaşmaya əsasən 1 milyard kubmetr qazın verilməsi müqabilində İran Ermənistandan 3 kv/saat elektrik enerjisi alır. Bu boru kəmərinin gücünü 2 milyard kubmetrə qədər artırmaq olar, amma ondan artıq mümkün deyil. O halda gərək yenisi tikilsin. Çünki onun diametri buna imkan vermir. Başqa tərəfdən, Ermənistanın təbii qaza olan tələbatı ildə 2 mlrd. kubmetrdir. Əgər Ermənistan Gürcüstana qaz ötürüb tranzit ölkəyə çevrilmək istəyirsə, o zaman Rusiya-Gürcüstan-Ermənistan qaz kəməri ilə mavi yanacağın idxalını tamamilə dayandırmalıdır. Çünki başqa qaz kəməri yoxdur. Həmin  kəmərlə də Ermənistan il ərzində 2 mlrd.kubmetr qaz idxal edir. Həm də bu kəmərin istiqaməti dəyişməlidir. Həm də İran Gürcüstana qaz ixrac etsə və bu yanacaq Ermənistan ərazisindən keçsə, gərək Ermənistana tranzit haqqı  ödəsin. Bu da naturadan ödənilir. Məsələn, 2 mlrd.kubmetr qaz üçün 10 faizi həcmində 200 milyon kubmetr qaz ödəsin. Ona görə də kəmərin 2,7 milyard kubmetr buraxıcılıq gücü olmalıdır. Həmçinin orada yeni kompressor stansiyaları tikilməlidir. Bir kompressor stansiyasının inşası üçün bir neçə yüz milyon dollar vəsait lazımdır. Dağlıq ərazilərdə bu qazı kəmərə vurmaq üçün daha çox xərc lazım olacaq. Yəni İran qazını Gürcüstana çatdırmaq çox baha başa gələcək. Gürcüstan o qazın pulunu İrana verə bilərmi? Məsələ bundadır. Ona görə də bu tamamilə təxribat xarakterli məlumatlardır”.

İlham Şaban bildirdi ki, Gürcüstan ən ücüz tariflə təbii qazı Azərbaycandan alır. İrandan belə bir layihənin həyata keçirilməsi isə hazırda mümkün deyil. Çünki İranın Gürcüstana təbiiqaz ixrac etmək üçün infrastrukturu yoxdur.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları