Yuxarı

Atəş dayandırıldı: danışıqlarda şok gəlişmə

Atəş dayandırıldı:  danışıqlarda şok gəlişmə

Ermənilər sülhə razıdır, Lavrov Putinin mesajını gətirir

Aprelin 2-dən Ermənistan və Azərbaycan arasında başlayan silahlı qarşıdurma Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı sensasion gəlişmələrin əsasını qoyub. Münaqişənin həll prosesində yeni dönəmdə ABŞ və Rusiya ilə yanaşı İran da aktiv rol alıblar. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun gözlənilməz İran səfəri də təsadüf deyil. Gələn məlumatlara görə, E.Məmmədyarovun İrana səfəri birbaşa Dağlıq Qarabağ münaqişəsilə bağlıdır.

Bildirilir ki, rəsmi Tehran münaqişənin həll prosesinə qoşulur və İrəvandan məsələnin həllilə bağlı təminat alıb. İranın birdən-birə münaqişənin həllində maraqlı olmasına səbəb kimi bölgədə yüksələn təzyiqin Güney Azərbaycana sıçraması və Ermənistan tərəfindən atılan bombaların İran ərazisinə düşməsilə bağlıdır. Təsadüf deyil ki, cəbhə bölgəsində ilk atəş səsləri eşidiləndə Azərbaycana ilk dəstək Güney Azərbaycandan gəldi və Təbrizdə ordumuza dəstək mitinqi keçirildi. Güneyli fəallar keçirdikləri mitinqlərdə İran hakimiyyətini işğalçı Ermənistana dəstək verməkdə ittiham edirdilər. Gələn məlumatlara görə, rəsmi Tehran da baş verənlərin bumeranq effektilə özünə dəyəcəyindən ehtiyat edərək, münaqişənin həllində geriyə addım atıb və müəyyən vədlərlə Ermənistanı həllə razı salıb. Bildirilir ki, Elmar Məmmədyarov da İrana bu təminatın çatdırılması üçün dəvət olunub.

Lavrovun Bakıya səfərinin gizlinləri

Münaqişənin həllilə bağlı başlamış yeni gəlişmələrin başqa bir detalı Rusiya xarici işlər naziri Sergey Lavrovun aprelin 7-də Azərbaycana səfəri ilə bağlıdır. Gələn məlumatlara görə, Lavrov münaqişənin həllinin yeni detallarını müzakirə etmək üçün Bakıya gəlir. Prosesin ilginc tərəfi budur ki, cəbhədə son gəlişmələr Lavrovun Bakıya səfərinin elan olunması ərəfəsinə təsadüf edirdi. Bildirilirdi ki, rusiyalı nazir Bakıya Dağlıq Qarabağətrafı rayonların boşaldılmasının Ermənistan tərəfinin razı olmasını çatdırmaq üçün gəlir. Lakin buna Ermənistan hakimiyyəti razılıq versə də, Dağlıq Qarabağdakı separatçı rejim buna qarşı çıxıb. Prezident Serj Sərkisyan separatçıların lideri Bako Saakyanı İrəvana dəvət edərək məsələni müzakirə edib, lakin rədd cavabı alıb. Moskvadan gələn zənglərə cavab olaraq, Sarkisyan məsələni başqa yöndə həll etmək barədə qərar verib. Bunun məntiqi nəticəsi kimi aprelin 1-dən 2-nə keçən gecə Sarkisyan Saakyanla razılaşdırmadan işğal altındakı hərbi birləşmələrə Azərbaycanın mövqelərinə atəş zərbələri endirmək əmrini verib. Azərbaycan ordusunun adekvat cavabından sonra ermənilərin ağır itkilər verdiyini və rəsmi Bakının Xankəndinə dağıdıcı zərbələr endirmək göstərişindən qorxan Bako Saakyan aprelin 4-də İrəvana gedib və təklifə razılıq verib. Təsadüf deyil ki, həmin gün Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsində kompromisə hazır olduqlarını elan etdi.

Gələn məlumatlara görə, Lavrovun Bakı səfərində Dağlıq Qarabağətrafı rayonların boşaldılması razılaşdırılacaq və Dağlıq Qarabağın statusunun müəyyən edilməsi üçün prezidentlərin görüşü təyin olunacaq. Bildirilir ki, bu görüşdə azərbaycanlı və erməni icmalarının Dağlıq Qarabağa yerləşdirilməsi, həmçinin Rusiya və Türkiyə sülhməramlılarının bölgəyə göndərilməsi məsələsi razılaşdırılacaq.

ABŞ və NATO Azərbaycanda hərbi baza qurmaq istəyir?

Rusiyanın münaqişənin həllində dönüş etməsinə səbəbi Azərbaycanın ABŞ və Avropa İttifaqı ilə istiləşən münasibətləri göstərilir. Rusiya əlaqələrdəki “buzların əriməsi”nin məntiqi davamı olaraq, ABŞ və NATO-nun Azərbaycanda bazalarının qurulmasından qorxurdu. Gələn məlumatlara görə, bu məsələ Azərbaycan prezidentinin ABŞ səfərində müzakirə mövzusu olub. Azərbaycan tərəfi ilkin olaraq ABŞ bu təkliflərinə müsbət cavab verməsə də, gələcəkdə bunun mümkün olmasını da istisna etməyib və müzakirə olunacağını bildirib. Rusiya da adekvat cavab olaraq, ABŞ-ın Azərbaycan həmlələrinin qarşısını almaq üçün Dağlıq Qarabağ münaqişəsinin həllinə Ermənistanı razı sala bilib.

“Cümhuriyət”





Həftənin ən çox oxunanları