Yuxarı

HDP-nin seçki barajını aşmaq təhlükəsi qalır

HDP-nin seçki barajını aşmaq təhlükəsi qalır

Qabil Hüseynli: “İnanmıram, çox güman ki, HDP məğlub olacaq” demirtaş Türkiyədə seçki kampaniyası artıq start götürüb. Ölkənin baş naziri Əhməd Davudoğlu "Noyabrın 1-də keçiriləcək parlament seçkilərində AKP-nin təkbaşına iqtidarı görünür”-deyə proqnoz verib. AKP sədri bu qənaətə Türkiyədə 157 907 nəfər seçici arasında keçirilmiş rəy sorğusu əsasında gəldiyini deyib. Onun sözlərinə görə, "ANAR", "DENGE", "GENAR", "POLLMARK" adlı 4 sorğu şirkətinin ayrı-ayrılıqda respondentlər arasında apardığı araşdırmalar AKP-nin səslərinin 44, 2 faizə yüksəldiyini göstərir. Bu isə qarşıdan gələn seçkilərdə Ədalət və İnkişaf Partiyasına 276 millət vəkili yeri almaq və təkbaşına hökumət qurmaq imkanı verir. İlkin hesablamalara görə, 7 iyun seçkilərində 131 mandatla 2-ci yeri tutan Cümhuriyyət Xalq Partiyasının səslərində azalma müşahidə olunur. CXP 25,4 faiz səs toplamaqla 129 deputat yeri qazana bilər. Sorğular ötən seçkilərdə 80 millət vəkili yeri alan Milliyətçi Hərəkat Partiyasının noyabrın 1-dən sonra 14 faizlik səslə mandat sayının 65-ə düşəcəyini xəbər verir. Diqqət çəkən məqam isə PKK-ya yaxınlığı ilə seçilən, Xalqların Demokratik Partiyasının yenə əvvəlki kimi seçki barajını aşmaq ehtimalının yüksək olmasıdır. HDP-nin itirdiyi səslərin miqdarı 0,6 faiz təşkil edir. Bu da kürd partyasına 12,5 faiz səslə yenidən 80 millət vəkili yeri almaq imkanı verə bilər. Əgər nəticələr qeyd edildiyi kimi olarsa, o halda HDP TBMM-də mandat sayına görə, MHP-ni ötməklə üçüncü yerə keçə bilər. Bu da öz növbəsində PKK-ya bağlı olan bir partiyanın Türkiyənin siyasi həyatına təzyiq vasitələrinin artması deməkdir. Yəni AKP təkbaşına hökumət formalaşdırmaq şansı əldə etsə belə, ciddi siyasi problemlə üz-üzə qalmaqda davam edər. Çünki PKK məhz HDP-nin seçkilərdə barajı keçərək 80 yerə malik olmasından sonra yenidən fəallaşdı və ardıcıl terror aktları törətməyə başladı. Ekspertlər də hesab edirlər ki, son iki ildə silahı yerə qoyan və sabiq baş nazir Ərdoğanın “Çözüm prosesi” təklifinə razılıq verən PKK-nın yenidən meydana çıxmasının başlıca səbəblərindən biri məhz HDP-nin iki dəfə seçkilərdə siyasi güc tooplaması olub. Öncə 2014-cü ildə keçirilmiş prezident seçkilərində HDP sədri Səlahəddin Dəmirtaşın 9 faiz səs toplaması, bir il sonra isə parlament seçkilərində HDP-nin 13 faizlik barajı ötərək 80 deputat yeri əldə etməsi PKK-nın üzərindən terror imicinin götürülməsinə xidmət etdi. Həmçinin, kürd mühafizəkar dairələri seçkidəki uğurdan mübarizənin dinc siyasi müstəviyə keçirilməsi vasitəsi kimi deyil, separatizmin siyasi dayaqlarının möhkəmləndirilməsi məqsədilə istifadə etdilər. Əslində bu məsələdə AKP hökuməti aldadılmış və ya oyundan kənar vəziyyətə salınmış kimi görünür. AKP terror təşkilatıının silahı yerə qoyub ölkəni tərk edəcəyinə və kürdlərin siyasi müstəvidə sivil mübarizə aparacağına inanırdı. Ancaq 7 iyun seçkilərindən sonra baş verən qanlı Suruç terroru hakimiyyəti öz səhvlərini düzəltmək və itirdiyi elektoratı bərpa etmək üçün əks-hücuma keçməyə vadar etdi. Hərbi əməliyyatların başlanmasından sonra AKP-nin reytinqi müəyyən qədər artsa da HDP yenə analoji qələbəni təmin etsə, PKK probleminin Türkiyə üçün başağrısı olaraq qalacağını deməyə əsas verir. Bu zaman koalision hökumət olmadığından bütün məsuliyyət AKP-nin üzərinə düşə bilər. Ancaq bəzi analitiklər hesab edirlər ki, hələ seçki kampaniyasının gedişi də səsvermənin nəticələrinə ciddi təsir göstərə bilər. Ona görə də tələsik nəticə çıxartmaq tezdir. Hətta bəzi politoloqlar HDP-nin 80 deputat mandatı qazanacağını söyləsələr də AKP-nin təkbaşına hökumət qura biləcəyini istisna edirlər. Proqnozlara görə, seçkilərdən sonra AKP-nin müxalifətlə koalisiya qurmaq ehtimalı hələ aradan qalxmayıb. Politoloq Qabil Hüseynli isə hesab edir ki, qeyd edilən rəy sorğularının tam obyektivliyini düşünmək doğru olmaz. Hər bir partiya özünə yaxın olan qurumu sosiolji sorğulara yönəldir və bu sorğular da bütün ölkə miqyasını əhatə etmir: “Ya İstanbulda, ya da Ankarada bir neçə min respondent arasında sorğu keçirilər və bunun əsasında da hansı partiyanın qabaqda olmasını müəyyənləşdirirlər. AKP-nin tərəfdarlarının çox olduğu bölgədə də təbii ki, AKP 1-ci yerə çıxır. Amma bu yaxınlarda MHP-nin sədr müavini Atilla Kaya bildirmişdi ki, bizim keçirdiyimiz sorğularda AKP-nin səsləri 33 faizdən də aşağı düşüb. Son seçkilərdə 42 faizə yaxın səs toplayan partiyanın MHP-nin sorğusunda 33 faizdən də aşağı düşdüyü deyilir. Yəni hər bir partiya tamam fərqli bir sosioloji nəticəni ortaya qoyur. O ki qaldı HDP-yə, məncə, bu partiya ilə bağlı ciddi problemlər mövcuddur. Çünki HDP-nin tərəfdarlarının olduğu bölgələrin çoxunda hərbi əməliyyatlar gedir və seçkilərin keçirilməsi imkanı məhduddur. Son məlumatlara görə, seçkilərin keçirilməsi qonşu rayonlara köçürülüb. Seçki qutularını avtobuslarla daşımaqla səsvermə keçirmək istəyirlər. Yəni kürdlərin kompakt yaşadığı yerlərdə seçki keçirmək çox çətin olacaq. Üstəlik, HDP-yə səs vermiş 200 min nəfərə yaxın erməni də bu dəfə inanmıram ki, həmin partiyaya səs versin. Onlarla lazımi işlər aparılıb... Yəni demək istəyirəm ki, sosioloji sorğulara baxmayaraq, HDP-nin bu dəfə parlamentə düşmək şansı zəif görünür. Əvəzində, AKP-nin kürdlər yaşayan bölgələrdən xeyli namizədləri irəli sürülüb. Bu dəfə AKP-nin deputat siyahısında 35-40 nəfər kürd yer ala bilər”. Politoloq onu da xatırladır ki, HDP-dən olan bir neçə deputatın , o cümlədən sədr Səlahəddin Dəmirtaşın barəsində cinayət işinin qaldırılması onların noyabrın 1-dək və ya seçkidən sonra həbsini istisna etmir. “AKP-nin əlində böyük inzibati resurslar var. 81 vilayətin hamısının rəhbəri AKP-ni təmsil edir. Təhlükəsizlik sisteminə AKP nəzarət edir. HDP parlamentə keçsə, bu cəmiyyətdə həqiqətən vətəndaş qarşıdurmasına gətirib çıxara bilər. Zənnimcə, AKP özü birinci partiya olmağa çalışacaq və böyük ehtimalla buna nail olacaq. CXP də səslərini artıracaq, MHP-nin isə səsləri azalacaq. HDP də parlamentə düşə bilməyəcək”. Müşfiq Abdulla





Həftənin ən çox oxunanları