Yuxarı

Rəfail Becanov:"Qarabağı bizə qaytaran birliyi qorusaq, korrupsioner və rüşvətxor məmurdan, hətta pandemiyadan da qurtulacağıq"

Rəfail Becanov:

Rəfail Becanov:"Qarabağı bizə qaytaran birliyi qorusaq, korrupsioner və rüşvətxor məmurdan, hətta pandemiyadan da qurtulacağıq"

"2021-ci ilin bizi bütün hədəflərə çatdıran il olmasını arzu edirəm. Şuşa nisgilimiz, Ağdam dərdimiz, Kəlbəcər, Laçın, Fizuli, Cəbrayıl, Qubadlı, Zəngilan həsrətimiz bitib. İndi yeni dönəm başlayır".

Cebhe.info xəbər portalı, "Cümhuriyət" qəzetinin baş redaktoru Rəfail Becanov Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bayram təbrikinə belə başlayıb.

Baş redaktor bildirib ki, 2020-ci ildə pandemiya bizi nə qədər küncə sıxsa da, 30 illik arzularımıza yetişdik:

"Azərbaycan əsgərinin şücaəti, şəhidlərimizin canı, qazilərimizin qanı bizi o torpaqlara qovuşdurdu. Uşaqlı-böyüklü, sosial mənsubiyyətindən asılı olmayaraq, sıravi üzvdən partiya liderinə, müxalifət fəalından iqtidar təmsilçisinə, adi kəndlidən deputata qədər hər kəs Ali Baş Komandanın yanında oldu, əsgər oldu. Birliyimizlə, həmrəyliyimizlə zəfər qazandıq!

1989-cu ildə apardığımız Azadlıq mücadiləsinə görə dünyada ilin xalqı seçilən azərbaycanlılar 2020-ci ildə yenidən ilin xalqı oldu. 44 günlük Vətən müharibəsi bizə bu şöhrəti təkrar yaşatdı.

Qarşıda daha gözəl günlərə yetişmək, o günləri yaşamaq arzumuzdur. Bu, bir mənim yox, milyonlarla azərbaycanlının, o taylı-bu taylı bütün dünya azərbaycanlılarının arzusudur".

R.Becanov qeyd edib ki, illərlə dartışılan, ürəyimizin qübar etdiyi birlik, həmrəylik düstürumuzu bu il, 44 günlük müharibə zamanı əldə etdik:

"1989-cu ilin 31 dekabrında elan etdiyimiz Dünya Azərbaycanlılarının Həmrəyliyini təkcə 44 gün müharibə dövrü üçün yox, sonrakı günlərdə də yaşatmaq borcumuz var. Qarşıdakı mübarizə naminə möhtəşəm biliyi, həmrəyliyimizi qorumalı, arxaya baxanda 44 günə yazılan zəfər tariximizə söykənməliyik.

İçdə bölünmyən nəyimizsə yoxdur. Qınaq etdiyimiz, başqalarında həsəd apardığımz hallardan biri ölkədəki siyasi münasibətlərin sivil məcrada, hakimiyyət-müxalifət münasibətlərinin, siyasi qüvvələrlə əməkdaşlıq mühitinin olmaması idi. İndi yoluna düşür. Siyasi dialoq mühiti var, hakimiyyətlə müxalifət və bütünlükdə siyasi təşkilatlar arasında bir əməkdaşlıq formatı yaranır. Yeni siyasi konfiqurasiya formalaşır. Ən ağrılı məqamlardan biri bu idi və onu adlayırıq.

Qalanları da inanaq ki, qaydaya düşəcək. Vətəndaş cəmiyyətinin digər sektorları da inkişaf edəcək, yeniliklər olacaq və inkişaf tempi dəyişəcək, sürətlənəcək. Çünki illərlə yaşadığımız mühitin tam dəyişəcəyi ilə inkişaf edə bilərik".

Baş redaktor vurğulayıb ki, bu birliyin sonuncu olaraq, tarixin də, tarixi dəyişikliklərin olacağı da qaçılmazdır:

"Narazı qaldığımız, fəaliyyəti ilə əhalidə narazılıq yaradan, yerində olmayan məmur-oliqarxlrın da yerindən "oynayacağı”, çox daşların dəyişəcəyi şəksizdir. Bu, bir arzu və ya təhlil deyil. Ötən illər - 2019 və 2020-də gördüklərimizdən gəlinən qənaətdir.

Biz daha rahat və firavan yaşamağa layiqik. Əl-ələ, çiyin-çiyinə və birliyimiz, həmrəyliyimiz bizə bunu qazandıracaq. Ona görə də bir qazimizin haqqını kimsənin yeməsini istəmiriksə, haqqın batil olduğunu arzulamırıqsa, torpağımızı qanıyla suvaran şəhidlərimizin ailələrinin bizə əmanət olduğunu istəyiriksə, birliyimizə, həmrəyliyimizə güvənək!

Azərbaycanı və azərbaycanlıları ucaldan, ucaldacaq birlik!"

R.Becanov hesab edir ki, Qarabağı bizə qaytaran birliyimizi qorusaq, korrupsioner məmurdan da, rüşvətxor vəzifə sahibindən də, hətta pandemiyanın bizə verdiyi zillətdən, şəhərin daxilindəki polis yoxlama postlarından da çox tez qurtulacağıq:

"Onda nə qaz, nə işıq, nə su davası döyəcəyik! "5-ci kolon" da bu birliyin qarşısında əriyəcək. Aruzları, xəyalları puç olacaq. Sonuncu erməni torpaqlarımızdan qovulana, onlara havadarlıq edənlər bizim əraziləri tərk edənə qədər birlikdə olsaq, güclü olacağıq.

Müxalifətçilik peşəyə çevrilməyəcəksə, müxalifətçilik hakimiyyətin yox, xalqın həyatının dəyişməsinə, daha da yaxşı yaşamasına, onun sosial problemlərinin həllinə hesablanan fəaliyyət olacaqsa, uğurlarımız çox olacaq.

Hakimiyyət də qarşılıqlı addımlar atmaqla, cəmiyyətimiz üçün faydalı olan müxalifətlə əməkdaşlığı daha da dərinləşdirməklə bu birliyin möhkəmlənməsini davam etdirməlidir. Onda nə siyasi məhbus davası döyüləcək, nə də qarşısında dura bilmədiyimiz bir əcnəbi güc tanıyacağıq…

Həmrəylik Günümüz və yeni təqvim ilimiz mübarək!"





Həftənin ən çox oxunanları