Yuxarı

Dünyada 2 milyarddan artıq insan piylənmədən əziyyət çəkir

Dünyada 2 milyarddan artıq insan piylənmədən əziyyət çəkir

piylenme Piylənmə müasir dövrdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin ən vacib sağlamlıq problemləri arasında liderlik edir. Köklük bəşəriyyətin probleminə çevrilib desək, daha doğru olar. Piylənmə bədənin yağ kütləsinin yağsız kütləyə nisbətdə həddindən artıq artması və nəticədə boy uzunluğuna görə bədən ağırlığının normadan artıq olmasıdır.   Bədəninizdə yağ faizi neçədir? Qidalanma ana bətnindən başlayaraq həyatının sonuna qədər ehtiyacımız olan amildir. İnsanın böyüməsi, inkişafı, sağlam və məhsuldar olaraq uzun müddət yaşaması üçün lazımlı olan qida elementlərini bu qidalanma vasitəsi ilə qəbul edirik.  Qidalanmaq aclığı dəf etmək, ürəyin istəyən qidaları yemək, harda və necə gəldi nəsə yemək deyil. Ekspertlər qidalanmanı özlüyündə bir elm hesab edirlər. O elmi bilən hər kəs nəyi, necə və nə ilə yeməyi yaxşı bilir, qida balansını pozanlar isə əsrimizin bəlasına – piylənməyə düçar olurlar. Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında bildirilir ki, yetişkin kişilərdə bədən ağırlığının 15-18 faizi, qadınlarda isə 20-25 faizini yağ toxuması təşkil edir. Bu rəqəmlər kişilərdə 25, qadınlarda isə 30 faizdən çox olması artıq piylənmənin əlamətidir.   Piylənmə hardan, necə yaranır? Həkim Vasif Süleymanovun sözlərinə görə, gündəlik qəbul edilən qida insnanın təlabatı olan həddi keçirsə, bu piylənmənin ilk mərhələsinə hazırlıqdır: “Həzm sistemimizin gücü çatmayan qidalar orqanizmdə şlaklara çevrilir, yağ olaraq yığılır və nəticədə piylənmə yaranır. Deyəcəksiniz ki, əvvəllər də insanlar çox yeyirdi, bəs niyə bu qədər piylənmə olmurdu. Razıyam, çox yeyən olurdu, amma o hərəkəti ilə o yediklərini əridirdi. Əvvəl qadın ev işlərini görəndə fiziki hərəkət edirdi, indi hamısını texnika edir. Əvvəl pilləkanları çıxıb-düşürdük, indi liftə minirik. 2-ci mərtəbədə yaşayan da evinə liftlə çıxır”.   Həkim deyir ki, əslində hər kəsdə piylənmə səbəbi müxtəlifdir: “Kimisi səhər, günorta, axşam hazır qida yeyir, tərəvəzi yemək hesab etmir, GMO, fast-food, transgen qidalardan hazırlanan menyulara üstünlük verir. Kimisi bunlardan uzaq bir menyu ilə qidalanır, amma işi oturaqdır, az hərəkət edir, şirniyyat, şokalad sevir, o halda da piylənmə baş qaldırır. Bir faktı da qeyd etmək istərdim, bəzi hormonal iynə və dərmanlar da piylənmə yaradır”.   Həkim xüsusilə də antibotiklərin piylənmə yaratdığını qeyd edir: “Ümumdünya Səhiyyə Təşkilatı da təsdiqlədi, antibiotiklər insan orqanizminə tətbiq edildikdə, orda bizim həyat funksiyamızı təmin edən minlərlə mikrofloranı öldürdüyü üçün orqanizm piylənir. Mağazalarda satılan o gonbul toyuqları da bu üsulla şişirdirlər.  Xarici ölkələrdən gələn yaraşıqlı meyvələri yeməyin, öz ölkəmizin qurdlu meyvəsi ondan daha faydalıdır. Yemək bişirməyə ərinməyin, fast-food sizin sağlamlığınızı əlinizdən alır. Şəkərli içkilərdən uzaq durun, duz, un, şəkər insanın 3 böyük düşmənidir”.   Amerika niyə şişir? Piylənmə bəşəriyyətin ən ciddi probleminə çevrildiyi üçün bütün dünyada onunla ciddi mübarizə metodları həyata keçirilir. Bir çox ölkədə milyonlarla insan dövlət hesabına idman zallarında peşəkar müəllimlərlə idmana sövq edilir, bəzi ölkələrdə qidalanma ekspertləri maarifləndirmə işləri təşkil edərək ev-ev dolaşıb buroşürlər paylayır.   Dünyanın piylənmə statistikasında ilk pillədə yerləşən  ABŞ-da köklük ifrat həddə çatıb. Amerikalıların üçdə ikisi artıq çəkili, 12 milyonu isə ümumiyyətlə piylənmə xəstəliyindən əziyyət çəkənlərdir. Bu ölkə piylənmədən yaxa qurtarmaq üçün 2007-ci ildən bu yana 200 milyard dollar xərcləyib. Hər il 400 min amerikalının da piylənmədən ölməsi artıq gizlədilmir. Ölkənin gənc kəsiminin 25 faizi piylənmədən əziyyət çəkdiyi üçün ABŞ ordusunda xidmət etməyə əsgər tapılmır. Ölkənin son 10 ildə piylənmə nisbəti 33 faiz artıb.  Birinci xanımı Mişel Obama özü köklüklə mübarizəyə qoşularaq ölkədə piylənmə nisbətini azaltmağa çalışır.   Problem tək Amerikada olsaydı nə vardı ki... Başqa ölkələrdə də vəziyyət ürəkaçan deyil. Çində 1989-cu ildə  uşaqlar arasında 1.5 faiz olan piylənmə nisbəti  1997-ci ildə 12.6 faizə, yetişkin insanlarda isə 14.6 faizdən 28.9 faizə yüksəlib. Hazırda bu ölkədə piylənmə faizi 33-ü keçib. Rusiyada isə əhalinin 40 faizindən çox piylənmə qurbanıdır. Bu ölkədə aparılan bir sorğuda məlum oldu ki, kişilərin 53 fazi, qadınların siə 33 faizi artıq çəkidən əziyyət çəkir. İngiltərədə son 14 ildə köklükdən əziyyət çəkənlərin sayı sürətlə artır. Ölkə əhalisinin 31 faizi  piylənir. Bu ölkənin kişilərinin 13, qadınlarının isə 69 faizi şişmandır.   Kanadada isə hər yetişkin 4 insandan biri və hər 11 uşaqdan biri piylənmədən əziyyət çəkir. Bu ölkənin əhalisinin 646 min qadını və 405 min kişisi artıq çəkilidir. Ölkədəki bir milyon şişmanın problemi ilə dövlət özü məşğul olur. Türkiyədə isə piylənmə faizi ötən il 22-dən 32-ə qədər yüksəldi. Ölkənin səhiyyə nazirliyinin açıqladığı məlumatda bildirlir ki, hər il bu ölkədə 2.8 milyon insan piylənmə xəstəliyindən ölür.   Bizim də qadınlarımız piylənir... Azərbaycanda qadınların təxminən üçdə birində artıq çəki və piylənmə müşahidə olunur. İndiyədək aparılan tədqiqatların nəticələrinə görə, artıq çəki və piylənmə Azərbaycan əhalisi arasında rast gəlinən ən böyük problemdir. Piylənmə həm kişilər, həm qadınlar arasında olsa da, bu faktor qadınlar arasında daha çox yayılıb. Piylənməyə əsas səbəb kimi hərəkətsizlik göstərilir. Kişilər arasında daim idmanla məşğul olanların göstəriciləri 8 faiz təşkil edirsə, qadınlar arasında bu göstərici cəmi 4 faizdir. Bu isə çox aşağı göstəricidir.   Qeyd edək ki, bədənin çəkisinin orta indeksi Azərbaycanda 24,1 təşkil edir ki, bu da çəkinin normal olması deməkdir. 16 və yuxarı yaşda olan əhalinin 0,9 faizinin çəkisi normadan aşağı, 48,7 faizi – normaya yaxın, 44 faizi – köklüyə  və piylənməyə meylli və 6,4 faizi şişmandır. Kişilərin 45,6 faizi, qadınların 51,5 faizi normal boy çəki əmsalına malikdirlər. Piylənmə əsasən 40 yaşdan yuxarı əhali arasında müşahidə olunur. 45-64 yaşda olan qadınların təxminən 14 faizi piylənmədən əziyyət çəkir. Altay Bayramlı





Həftənin ən çox oxunanları