Yuxarı

Qatil qadınlar...

Qatil qadınlar...

qadin“Sevgi-xəyanət-cinayət” üçbucağı, yaxud qadını barmaqlıqlar arxasına nə aparır? Son zamanlar xüsusən ailədaxili zorakılığın artması fonunda qadınların bu cinayətlərdə iştirak hallarının çoxalması narahatlıq doğurur. Qadınlar əsasən zorakılıq qurbanı olsalar da, bəzi hallarda özləri zorakılıq tətbiq edir və bu zorakılıq hətta ən amansız kişi qatillərin cinayət əməlini kölgədə qoyur. Son günlərin ən çox müzakirə edilən xəbərləri arasında qadınların törətdiyi cinayətlər də var. Yasamalda yataqda öldürülən ərinin hissələrə ayrılmasında iştirak edən qadınla Qubada qayınatası ilə birləşib ərini öldürən qadını 14 illik fasilə ayırır. Ancaq cinayət motivləri də təqribən eynidir, cinayət üsulları da. Araşdırma başa çatmadan, məhkəmə qərarı çıxarılmadan bu barədə nəsə söyləmək doğru olmasa da, qadınları belə qəddar cinayətlərə vadar edən səbəblər ətrafında düşünmək mümkündür. Nəinki mümkündür və hətta lazımdır. Bacısının başını kəsən qız, övladlarını öldürən ana, nəvəsini boğan nənə... Müşahidələr və statistika göstərir ki, Azərbaycanda qadınlar tərəfindən törədilən qəddar cinayətlər əsasən ailə üzvlərinə qarşı olur.Məsələn, 2014-cü il oktyabrın 22-də Xətai rayonunda, Xudu Məmmədov küçəsi 18 ünvanında yaşayan 20 yaşlı Günel Etibar qızı Nuriyevanın başı kəsilmiş meyiti tapılıb. Məlum olub ki, Günel Nuriyevanı onun öz bacısı Pərvanə Nuriyeva öldürüb. 10 dekabr 2014-cü ildə Qum adası Zeytun bağları adlanan ərazidə Şərqiyyə Hüseynova gəlini, 1994-cü il təvəllüdlü Elnarə Nəcəfovanı və 6 aylıq  nəvəsi Emilyanı boğaraq öldürüb. 2014-cü ilin yanvar ayında Xaçmazda 44 yaşlı Bünyat Seyidovun həyat yoldaşı 39 yaşlı Şamama Seyidova və oğlu 18 yaşlı Əmir Seyidov tərəfindən öldürüldüyü məlum olub. Bünyat Seyidov öldürüldükdən sonra xalçaya bükülərək həyətdə yerləşən tualetin quyusuna atılıb. 6 iyun 2015- ci il tarixdə Bakının Sabunçu rayonunda, Albalı bağ massivində 27 yaşlı 1988-ci il təvəllüdlü Nəsibə Nəsib qızı Quliyeva iki körpə balasını öldürüb. Qadın daha sonra öz ürəyinə bıçaqla zərbə yetirib. Məlum olub ki, o, 2012-ci il təvəllüdlü Ayan Asif qızı Məlikzadəni və 10 aylıq körpəsi Ayşəni boğazını kəsib. Uşaq qatillər... Siyahını daha da artırmaq olar, amma yəqin ki, yuxarıda sadalananlar zərif cinsin nümayəndələrinin şiddətə meylinin səbəbi barədə düşünməyin vacib olduğunu xatırlatmağa kifayətdir. Dövlət Statistika Komitəsinin məlumatına görə,  keçən il Azərbaycanda cinayət törətmiş qadınların sayı 971 nəfər olub. Statistik məlumata görə, cinayət törədən qadınların 4 nəfəri 14-15 yaşlarında olan uşaqlardır. 2014-cü il ərzində dəhşətli qətl törədən azyaşlı uşaqların sayı 12 nəfər olub ki, bu yaş qrupunda cinayət törədən qızlar gərgin vəziyyətdə buna əl atıblar. Dəhşətli faktlardan biri də keçən il ərzində cinayət törədən qadınların 237 nəfərinin 18-29 yaş arasında olmasıdır.  Məlumatlara görə, onlardan əksəriyyəti özlərini təcavüzdən qorumaq məqsədi ilə cinayətə əl atıblar. Amma heç də hamı təcavüzdən qorunmaq üçün bıçağa əl atmır, əksinə daha fərqli həyat şəraiti üçün qatilə çevrilənlər də az deyil. Lap elə 15 il əvvəl qayınatası ilə birləşib həyat yoldaşını öldürdüyü bildirilən gəlin kimi. Qadın niyə qatil olur? “Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın fikrincə, qadınların niyə qatil olması cavabı asan verilə biləcək sual deyil: “Çox müxtəlif səbəblər var və bu səbəbləri ümumiləşdirmək üçün geniş araşdırmaya ehtiyac duyulur. Ümumilikdə götürsək, "qatil" və "Azərbaycan qadını" bir-birinə zidd sözlərdir. Qəddarlıqla cinayət törədən qadınlaırn sayı o qədər çox olmasa da, hətta bu faktlar belə dəyişikliyin artmasından xəbər verir. Ümumilikdə hər 10 ildən bir cinayət xronikasında gender aspekti təhlil edilməlidir. O ki qaldı qadınların niyə qatil olmasına, bunun çox müxtəlif səsəbləri var. Ən ilkin səbəb mühitdir, ikinci yerdə isə təhsil səviyyəsi dayanır. Tərbiyə və mədəniyət üçüncü sırada yer alır. Cinayəti törədən şəxsin psixoloji durumu səbəblər arasında dördüncü yerdədir. Nə qədər qəribə olsa da iqtisadi vəziyyət də qadın cinayətlərinin səbəblərindən biridir. Hər hansı zərərli vərdişdən asılılıq, yaxud ideoloji təsir də qadını cinayətə sövq edə bilər. Bir yandan da qidaların tərkibinin qeyri-müəyyənliyi, qadınlarda baş verən hormon dəyişikliyi, “kişiləşmə” də səbəblər arasındadır”. Uşaqlıqda toyuq başı, böyüdükdə insan!? Eskpertin sözlərinə görə, qadınları cinayətə sövq edən ən əsas səbəb uşaqlıqda aldığı travmalardır. Bura psixoloji, fiziki, mənəvi, cinsi travmalar daxildir: “Qatil olmaq heç də asan deyil, sadəcə bıçağı əlinə götürdün və öldürdün-hər şey bu qədər bəsit olmur. Araşdırmalar göstərir ki, ən asan qətllər ideoloji təbliğatdan sonra baş verir. İnsanın beyni yuyulur və onun gözündə cinayət adiləşir. Belə adamlar özlərin nəinki qatil hesab edir, əksinə özlərinin xilaskar olduğunu düşünür. Məsələn, kamikadze qadınlar, yaxud İŞİD sıralarına qatılan qadınlar buna misaldır. Ancaq Azərbaycan da daxil olmaqla dünyada qadını qatilə çevirən əsas səbəb onun aldığı psixoloji zədədir. Psixoloq yardımı almadan həyatını yeni mərhələsinə qədəm qoyan qadının sonradan qatilə çevrilməsi daha asan olur. Baxın, bizim ənənədə uşaqların gözü qarşısında qoyun, hətta toyuq başı kəsmək adi haldır. Halbuki başqa xalqlarda bu, uşaq üçün böyük psixoloji zədə hesab oluna bilər. Bizim üçünsə bu ənənəvi davranışdır və travma hesab edilmir”. Qadını boğaza yığmayın, yoxsa... Mütəxəssis belə hesab edir ki, son zamanlar hansısa gözəgörünməz əl insanların qatilə çevrilməsi üçün sanki gizli-askar iş aparır: “Bu, müxtəlif xalqlar üçün düşünülmüş virtual vəhşi oyunlar və filmlərdir. Bunu düşünənlər çox incə “siyasət” qurublar. Kənar təsir olmadan belə bu oyunları mütəmadi oynayan və ya belə filmlərə baxan insan, o cümlədən qadın alt şüura təsirdən yaxa qurtara bilmir. Onlar insan psixikasını dəhşətli dərəcədə silkələyir. Bəzən isə qadın sadəcə iqtisadi asılılıq, mütəmadi qarşılaşdığı şiddətdən “boğaza yığılır” və qatilə çevrilir. Yəni qarşı tərəf onu o həddə çatdırır. Qadın üçün heç nəyin əhəmiyyəti qalmır, özünümüdafiəni qətldə görür. Yeri gəlmişkən, burda genetikanın da rolunu unutmaq olmaz. Gen önəmli məsələdir. Əgər şəxsin tərbiyəsində boşluq varsa, genetikadakı mənfi kodlar özünü mütləq nə zamansa büruzə verəcək”. Qətlə gedən yol- sevgi və xəyanət Ancaq qətllərin heç də hamısı şiddət, yaxud təcavüzün cavabı olmur. “Sevgi qətilləri” də xüsusi müzakirə mövzusudur ki, psixoloq Şəhla Vəliyeva burda diqqət yetirilməli olan vacib məqamları belə şərh edir:“Əslində bunun kökündə ideoloji aspekt var. Sevgi həm də ideoloji amildir, yəni beyinyuma amilidir. Qarşı tərəf qadını psixoloji asılı duruma salır və idarə edir. Qadın elə hesab edir ki, onun bütün bədbəxtliklərinin başlıca səbəbi əridir və yeni görüşdüyü şəxs onu xoşbəxt edəcək varlıqdır. Ancaq qadın aldanıldığını qətli törətdikdən sonra anlayır. Bu, əsil faciədir”. Rədd olunan qadınlar-potensial qatil Psixoloqun  sözlərinə görə, xəyanətlə müşayiət olunan qətllərdə bir aspektə diqqət yetirmək lazımdır: “Əslində qətlin kökündə xəyanət sindromundan xilas olmaq cəhdi dayanır. Buna günah hissindən xilas olmaq da demək olar, ictimai qınaqdan çəkinmə də. Başqa sözlə desək, qətli törədən şəxs xəyanətin ictimai müzakirəsinin qarşısını almağın ən asan yolunu bunda görür. Bunda isə bəzi mental dəyərlər, adət-ənənələr mühüm rol oynayır. Bəzən qadın illər boyu heç bir uyum olmayan əri ilə bir yerdə yaşamalı olur, amma bu sevgisiz, sadəcə bioloji tələbatın ödənilməsi olur. Qarşısına çıxan fərqli birinə vurulmaq an məsələsidir, bunun ardınca xəyanət, daha sonra isə cinayət gələ bilər. Qadın düşünür ki, onun həmin evdən ancaq meyidi çıxa bilər. Onun dayağı yoxdur, cəmiyyət onu qəbul etməyəcək, ailəsi rədd edəcək, uşaqları imtina edəcək, amma bir tərəfdən də öz həyatını yaşamaq istəyir. Bu hisslər qarşılaşır, güclü olanlar hisslərinin öhdəsindən gəlir, məntiqli qərar verir, ayaqları üzərində dayanmağa çalışır. Zəif olanlar isə bütün bu qorxunun təsiri altında cinayətə əl atırlar. Bunun kökündə isə qadını iqtisadi asılılığı dayanır. İqtisadi cəhətdən asılı olmayan qadın sevmədiyini anladığı zaman daha rahat şəkildə bunu bəyan edə bilər. İqtisadi asılı olan qadın isə köhnə həyatı ilə vidalaşmağı arzulasa da, bunu hansı vasitəylə edəcəyini bilmir, qorxur və bir çox qadın cinayətləri elə qorxudan baş verir. Buna görə də qatil qadınların sayının artmasını gözləmədən ilk növbədə qadının sosial müdafiəsini təmin etmək lazımdır”. Sevil Ağazadə





Həftənin ən çox oxunanları