Yuxarı

“Ağ qızıl” niyə dəyərdən düşüb?

“Ağ qızıl” niyə dəyərdən düşüb?

pambiqNaizriliyin sözçüsü: “Biz fermerləri məcbur edə bilmərik ki, pambıq əkin”   Bir zamanlar pambıq ağ qızıl sayılırdı. Tədricən bu məhsul öz dəyərini itirdi. Dünya bazarında pambığın qiyməti aşağı həddə satılır. Elə Azərbaycanda da bu qiymət ürəkaçan deyil. Hələ 2010-cu ildə Azərbaycanda "Pambıqçılıq haqqında" Qanun qəbul edildi. Qanun pambıq və pambıq lifinin dövriyyəsi ilə bağlı məsələlərin tənzimlənməsinə yönəlmişdi. Sovet dövründə torpağın məhsuldarlığını artırmaq üçün müxtəlif cür gübrələr, kimyəvi maddələr verilirdi. İndi torpağa əvvəlki kimi aqrotexniki qulluq göstərilmir.   Dəfələrlə fermerlərin əkin sahələrini kəsəyənlər məhv etməsinin şahidi olmuşuq. Fermerlərə müəyyən subsidiyaların ayrılması, pambıqçılıqla bağlı ayrıca qanun qəbul edilməsinə baxmayaraq, hələ də bu sahədə canlanma müşahidə olunmur.   Hazırda bu sahənin inkişafı üçün daha hansı səmərəli təkliflər vermək olar?   İqtisadçı ekspert Vüqar Bayramov bizimlə söhbətində pambıqçılığın inkişafı və bu sahəyə marağın artırılması istiqamətində öz təkliflərini verib.   O bildirib ki, Azərbaycanda pambıqçılıq prioritet sahələrdən olub: “Azərbaycan pambıq istehsal edərək həm illik tələbatını ödəyib, həm də xaricə ixrac imkanları olub. Ancaq təəssüf ki, pambıq istehsal edən fermerlərin pambığın alqı-satqıya olan münasibətləri tam şəkildə qurmaq mümkün olmadı. Belə ki, fermerlər zavodların təklif etdiyi qiymətdən, zavodlar da fermerlərin yetişdirdiyi pambığın keyfiyyətindən narazı oldu. Bu da pambıq istehsalı ilə məşğul olan sahibkarın və pambığa olan marağın azalmasına gətirib çıxardı”.   Vüqar Bayramov bu sahədə canlanmanın bərpa olunması üçün dəyişikliyin edilməsinə ehtiyac olduğunu da vurğulayıb: “Əvvəla, bu sektorun inkişafı sadəcə pambıqçılığın özü ilə bağlı deyil, həmçinin kənar sektorların inkişafı ilə də bağlıdır. Yüngül sənayenin inkişafı pambıq artımına da təsir edə bilər.   Beləliklə, daxili bazarda pambıq bazarı yaranar. Bu baxımdan qeyri-neft sektorunun ixracını prioritet istiqamətlərdən yüngül sənaye sektorunun canlandırılması, pambığa olan ehtiyacın ödənilməsinə nail olmaq olacaq. Prioritet olaraq yüngül sənaye sektorunun inkişafına bir tərəfdən dəstəkləməyə ehtiyac var ki, pambığa daxili tələbat yüksəkdir. İkincisi, pambıq istehsal edənlərə verilən subsidiyaların həcminiartırmaq olar. Pambıq strateji məhsuldur. Buna görə də subsidiyanın yenidən baxılmasına, mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. Daha çox pambıq istehsal edən fermerlərə daha çox subsidiyanın verilməsi vacibdir. Pambığın satınalma qiyməti fermerlərin maraqlarına uyğun olaraq müəyyənləşdirilməlidir. Bu baxımdan pambığın satınalma qiymətinin, eyni zamanda texniki maraqların uyğunlaşdırılmasına ehtiyac var. Pambıqçılığa dəstəyin artırılması olduqca vacibdir. Subsidiyada eləcə də birbaşa və dolayı dövlət dəstəyini həyata keçirtməklə pambıqçılıq sektorunun yenidən dirçəldilməsinə nail olmaq olar. Dünyada neftin qiymətinin aşağı düşməsi fonunda bu sektorun dəstəklənməsi olduqca vacibdir”.   Ekspert onu da əlavə edib ki, keçmiş SSRİ-də Özbəkistan pambıqçılıq sektorunda öncül ölkələrdən olub: “Özbəkistan yenə də pambıq sektorundakı inkişafını qoruyub saxlayır. Ümumiyyətlə, pambıq dünya bazarında satılan strateji aqrar məhsullardan biri kimi dəyərini hələ də qoruyub saxlayıb”.   Kənd Təsərrüfatı Nazirilyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev pambıq istehsalında azalma müşahidə olunduğunu deyib: “Biz fermerləri, kənd təsərrüfatı istehsalçılarını məcbur edə bilmərik ki, pambıq əkin. Bunu sahibkarlar özləri müəyyənləşdirir. Son vaxtlar dünya bazarında pambığın qiymətinin kəskin enməsi ilə əlaqədar olaraq bu sahəyə meyl azalıb. Qiymətlər dünya bazarı ilə tənzimlənir. Ötən il Azərbaycanda 40 min ton artıq  pambıq istehsal edilib. İldən-ilə istehsal azalır. Bu da çox aşağı göstəricidir.   Nazirlik pambığın əkilməsi üçün ərazi ayırmır. Fermerlər nə istəyir onu da əkir. Onlar, şəkər çuğunduruna, üzüm, günəbaxan digər sahələrə üstünlük verirlər”.   Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları