Yuxarı

Bəlkə sizin övladınız da onun qurbanıdır?

Bəlkə sizin övladınız da onun qurbanıdır?

siqaret Passiv siqaret istifadəçiləri aktiv istifadəçilərdən daha çox zərər görür Ümumdünya Səhiyyə Təşkilatının passiv siqaret istifadəçiləri ilə bağlı hazırladığı son hesabata görə, sadəcə siqaret çəklənlər deyil, onun tüstüsünə məruz qalanlar da ciddi risk altındadır. Belə ki, hər il dünyada 600 mindən artıq passiv istifadəçi siqaret tüstüsünə məruz qaldığı üçün həyatını itirir. Daha təhlükəlisi isə odur ki, 600 min nəfərin 168 min nəfəri uşaqlardır. Böyüklərin siqaret aludəçiliyi kiçiklərin ömrünü həyatlarının ilk illərində yarıda qoyur. Passiv istifadəçi olan uşaqlar əsasən xərçəng, nəfəs yolu xəstəliklərinə yoluxurlar, bir qismi isə qəfil ölümün qurbanı olur. Hər şey ilk 30 dəqiqədə baş verir Araşdırmalar, aktiv siqaret istifadəçilərinin çəkdiyi siqaretin tüstüsünə məruz qalan passiv istifadəçilərin 30 dəqiqə ərzində fiziki problemlər yaşadığını aşkarlayıb. Bundan əlavə, ÜST mütəxəssisləri hesabatda qeyd edir ki, passiv istifadə zamanı insan orqanizmində baş qaldıran xərçəngdən ölənlərin sayı nüvə, radiasiya, kimyəvi dərman, təhlükəli maddələrlə tənəffüs nəticəsində yaranan xərçəng xəstəliyindən vəfat edənlərin sayından daha çoxkdur. Mütəxəssislər qeyd edir ki, siqaret yandırıldıqda 50%-i tüstüyə çevrilir, ətrafa yayılır, 25 % külə çevrilir, 25% isə çəkənin ciyərlərinə hopur. Nəticədə siqaret çəkəndən çox tüstüyə məruz qalan passiv istifadəçi zərər görür. Dünyada hər iki kişidən biri və hər 5 qadından biri aktiv siqaret istifadəçisidir. Hesabata görə, dünyada 2 milyarda yaxın siqaret aludəçisi var. Dünya üzrə hər 5 saniyədə 1 nəfər siqaretdən yaranan xəstəlikdən ölür.  ÜST-ün məlumatına görə ötən əsrdə 100 milyon insan bu zərərli vərdişin qurbanı olub. Azərbaycanda 3 milyona yaxın siqaret istifadəçisinin olduğu təxmin edilir. Bu rəqəm dünyanın ən yüksək siqaret statistikalarından biri hesab olunur. ÜST-ün iki il əvvəl hazırladığı siyahıda Azərbaycan siqaret çəkən ölkələr arasında 85-ci yerdə qərarlaşır. Siqaret tərgitmə xətti bu günədək milyonlarla insanın siqaretdən asılılığını dəf edib. Dünya ölkələri ondan qurtulur Siqaretin aldığı canların gündən-günə artmasına səbəb ictimai yerlərdə siqaret çəkilməsidir. İctimai yerlərdə siqaret qadağası dünyanın bir çox ölkəsində var. İlk dəfə 2004-cü ildən belə bir qadağa qoyulub, qanunda da əksini tapıb. İndi Almaniya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İtaliya, Danimarka, Yunanıstan, Hindistan, Misir, İspaniya, Çin, Rusiyada da bu qanunla ictimai yerlərdə siqaret qadağan edilir. Qanunu pozub çəkənləri də 25 dollardan 3000 dolaradək cərimə gözləyir. Onu da qeyd edək ki, qapalı və ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən bir çox ölkələr sırasında qonşu Ermənistan da var. Düşmən ölkədə 2006-ci ilin mart ayının 1-dən etibarən hospitallarda, mədəniyyət və təhsil obyektlərində, həmçinin ictimai nəqliyyatda, bütün dövlət və özəl müəssisələrdə, restoran və barlarda siqaret çəkməklə bağlı qadağa tətbiq edilib. Bəs biz? Qeyd edək ki, hazırda Naxçıvanda qapalı və ictimai yerlərdə siqaret çəkmək qadağandır. Ümumilikdə Azərbaycanda bunu tətbiq etmək üçün Milli Məclisin Sosial-siyasət komitəsi bu il məsələni yenidən müzakirəyə çıxardı. Milli Məclisin “qəbul edildi” sözünə həsrət olan bu qanun layihəsinin qəbul edilməməsini Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli belə açıqlayır: “Burada siyasi iradə, kütləvilik, qanunun işləmək məsələsi, inzibati orqanlarda ümumi adamların səviyyəsi, bir sözlə çox sayda məqamlar var ki, bunların hər biri nəzərə alnmalıdır. Türkiyədə bu qanunun 10 il bundan öncə qəbul etdilər. Lakin qanun işləmədi. Məcbur olub qanuna düzəliş etdilər. Qüvvədə olan qanuna görə, siqaret çəkənlər cərimə olunurdusa, dəyişiklikdən sonra siqaret çəkməyə şərait yaradanları cərimələməyə başladılar. Qanun layihəsinin qəbul olunmamasına baxmayaraq “Tütün və tütün məmulatı haqqında” qanunda qanunun 21-ci maddəsinə əsasən, Azərbaycanda tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, inzibati binalarda fərdi iş otaqları və siqaret çəkmək üçün müəyyən edilmiş xüsusi yerlər istisna olmaqla, iş yerlərində, yüksək kateqoriyalı restoranlar, kafelər, barlar istisna olmaqla, ticarət, ictimai-iaşə, məişət obyektlərində, ümumi istifadədə olan yaşayış binalarında və digər qapalı yerlərdə,  uzaq mənzilli sərnişin nəqliyyatında xüsusi ayrılmış yerlər istisna olmaqla, bütün ictimai nəqliyyat növlərində siqaret çəkmək qadağandır. Bu da cərimələr... İnzibati Xətalar Məcəlləsinə görə hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə 100 manat miqdarında cərimə, dəmir yol nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə xəbərdarlıq və ya 5 manatdan 15 manatadək miqdarda cərimə, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda siqaret çəkməyə görə 50 manat miqdarında cərimə, dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə xəbərdarlıq və ya yeddi manatdan 13 manatadək miqdarda cərimə, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə görə 40 manatdan 50 manatadək miqdarda cərimə müəyyən edilib.   Lalə Mehralı





Həftənin ən çox oxunanları