Yuxarı

Uğurun sirri -ruh yüksəkliyi

Uğurun sirri -ruh yüksəkliyi

ugur Bunu necə yaratmalı və necə yüksəltməli? Ruhi sağlamlıqla fiziki sağlamlığın əslində, ayrı-ayrı qavramlar olduğunu desələr də, bir çox psixoloqa görə, hər ikisi bir-birinin eynidir. “Sağlam ruh sağlam bədəndə olar” misalı bu yerdə ən yaxşı örnəkdir. İnsan sağlamlığını qorumaq üçün bədəninə vaxt ayırdığı qədər ruhunu da nəzərə almalıdır, onların bir-birinə sıx əlaqələrlə bağlı olduğunu deyən ekspertlər yaşadığımız dövrdə ruh yüksəkliyinin az adamda rastlandığını da vurğulayırlar. Oktyabr ayının 10-da dünyada Ümumdünya Ruhi Sağlamlıq Günü qeyd edildi. Bəs dünyanın ruhi vəziyyəti necədir? Məlumat üçün qeyd edək ki, araşdırmalara görə, hər ölkədə əhalinin 20-25 faizi ruhi xəstəliklərdən əziyyət çəkir. Ruhi pozğunluqlar həm yüngül, həm də ağır xarakterli olur. Ölkələr arasında ruhi xəstəliklərin sayına görə, kəskin fərqlənən demək olar ki, yoxdur. Dünyada hər 4 nəfərdən biri ruhi sarsıntıdan əziyyət çəkir. Yəni, hər 100 nəfərdən 15-i depressiyadadır. Mütəxəssislər hesab edir ki, bu xəstəliklərin əksəriyyəti müalicə edilə bilər. Çünki əksəriyyət sadəcə, ruh düşkünlüyü yaşayır və əhvalını yüksəltmək istəmir.   Psixoloq Aygün Həsənzadə bildirir ki, sağlam bir bədən üçün yediklərimizə nə qədər fikir veririksə, saatlarla idman zallarında məşq ediriksə, sağlam bir ruh üçün də olduğumuz mühitə, ünsiyyətdə olduğumuz insanlara, müzakirə etdiyimiz mövzulara, izlədiyimiz televiziya proqramlarına diqqət etməliyik. Bədənimizi tanıdığımız, bizə nəyin zərər verib-vermədiyini bildiyimiz kimi ruhi vəziyyətimizi də nəzarətdə saxlamalıyıq. İnsanın həmişə özünü başqalarına oxşatması, uğurlu insanların uğuruna paxıllıq və ya qibtə etməsi, hərəkətlərinə sərhəd qoymayaraq sonunda peşmançılıq yaşamaq ruh düşkünlüyünü yaradan birinci səbəbdir”.   Səhər 8-dən işə gedib gündə 9-10, bəzən 12-13 saat işləyən insanlarda ruh düşkünlüyü daha çox rastlanır. Müsahibimiz deyir ki, qadağalar, sərt iş qanunları bu problemi yaradan  ikinci səbəbdir: “İşini sevməyən insanlarda ruh düşkünlüyü  daha çox rastlanır.   İşə həvəssiz gedən, bütün günü gördüyü işin stressi altında əzilən, axşamın olmasını, iş saatının bitməsini səbirsizliklə gösləyən insanlarda əlbəttə ki, ruh yüksəkliyi olmayacaq. Pessimizm, bədbinlik, həvəssizlik insanı yoran şeylərdir, ruhu yüksəldən, əhvalı yaxşılaşdıran məşğuliyyətlər belə zamanlarda müsbət effekt verir”.   Ruh yüksəkliyini necə yaratmalı? Müsahibimiz deyir ki, bədənimizin edə bildikləri və edə bilməyəcəkləri olduğu kimi, ruhumuzun da müəyyən sərhədləri var: “Təsəvvür edin, tanımadığınız bir mühitdə tanımadığınız bir insan sizə yaxınlaşanda necə narahatlıq keçirirsinizsə, eyni vəziyyət ruhunuz üçün də keçərlidir. Ruh yüksəkliyini yaratmaq əslində öz əlimizdədir. Qətiyyətlə ruhu yoran, əsəbləri tarıma çəkən hadisələrə qarışmayın, televizorda yalnız ürəkaçan proqramlara baxın, tez-tez klassik və milli musiqilər dinləyin. Bunu bir növ terapiya kimi düşünün. Unutmayın ki, sizi işinizdən bezdirən, insanlardan qaçmağınıza səbəb olan ruh düşkünlüyüdür, ona görə ruhunuzu müalicə edin”. Psixoloq ruh yüksəkliyimizi qorumaq üçün bir neçə məsləhət də verdi: “Unutmayın ki, azad, sivil bir insan olmağımız  hər şey edə biləcəyimiz anlamına gəlməz. Azadlığımız istədiyimiz hər şeyi etmək demək deyil, azadlıq bəzi şeyləri etmək istəsəniz belə etməməyinizdir. Hər bir insan həyatında nə zamansa əngəllərlə qarşılaşır, işimizi itirə bilərik, axtardığımız ünvanı tapmaya bilərik, zəng etdiyimiz adam telefonuna cavab verməyə bilər, ay sonunda kommunal xərclərimizi ödəməkdə çətinlik çəkə bilərik, imtahanda istədiyimiz nəticəni əldə edə bilmərik, bütün bunlar əlbəttə ki, dünyanın sonu deyil və ruh yüksəkliyimizi əlimizdən ala bilməz. Əngəlləri qəbul etmək bizi daha çox rahatladacaq”.   Aygün Həsənzadə deyir ki, həyatda heç kim əbədi deyil: “Valideynlərimizi, doğmalarımızı itirə bilərik, vəfat edə  bilərlər, bu bizim üçün ağır itkidir, amma həyatın qanunudur, "ölənlə ölmək olmaz" deyiblər, kədərimizi, faciəmizi yaşayırıq, matəm saxlayırıq, amma yenidən həyata dönmək məcburiyyətindəyik.   Çünki bizim də öhdəliklərimiz var, bizə ehtiyacı olan ailəmiz, övladımız və ya həyat yoldaşımız var. Ruh düşkünlüyünə imkan verməyin.   Çalışın insanlığa, dünyaya xeyir verin, nəsə yaradın, tikin, düzəldin, heç olmasa bir heyvana sahib çıxın, mərhəmət hissi ruhu rahatladacaq. Keçmişdə yaşadığınız problemləri ağlınızdan çıxarın, keçmişin bədbin xatirələrinə qapılıb həyatı özünüzə zəhər etməyin. Amma davamlı olaraq gələcəyi də düşünməyin, ölçüb-biçməyin, hadisələr öz axarı ilə baş verəcək, taleyimizə nə yazılıbsa o olacaq”.   Altay Bayramlı





Həftənin ən çox oxunanları