Yuxarı

Az içsən xeyir, çox içsən zərər verir

Az içsən xeyir, çox içsən zərər verir

qehve Təzadlı fikirlər, əks nəticə nümayiş etdirən araşdırmalar qəhvənin təsirləri barədə nə deyir? Bəzi alimlər onun xeyrindən, bəziləri isə zərərli təsirindən əmindir. Qəhvə nədir, nədən hazırlanır və insan orqanizminə zərər verirmi? Əslində, qəhvənin xeyri və ya zərəri barədə olduqca çox elmi məqalələr, araşdırma nəticələri olsa da, yekdil rəy yoxdur.     O zərərdir yoxsa xeyir? Qəhvənin asılılıq yaratması məlumdur, onu içən bir də istəyirsə, bu tərkibindəki kofeindən xəbər verir. Amerikada aparılan yeni bir araşdırmanın nəticəsinə görə, gündə bir fincan qəhvə baş ağrısına, qara ciyərə və mədə narahatlıqlarına qarşı faydalı olur. Araşdırmada bildirirlir ki, həddindən artıq qəhvə istehlakı ürəyin ritmini pozur, Kofenin tərkibindəki kofein çox qəbul edildikdə ürəkdə ritm pozğunluqları meydana gələ bilir, nizamsız ürək döyüntüləri, tənginəfəslik və ürək çatışmazlığına səbəb olma ehtimalı artır. Həkimlər ürək xəstələrinin məhdud miqdarda qəhvə içmələrini tövsiyə edir.   Qeyd edək ki, hələ 2003-cü ildə Edinburq Universiteti mütəxəssislərinin apardığı bir tədqiqatla, qəhvənin təzyiqə təsiri ilə bağlı maraqlı bir nəticə əldə edilmişdi. Nizamlı olaraq gündə 4-5 fincan  qəhvə içənlər üzərində aparılan araşdırmalarda qan təzyiqinin sürətlə yüksəlməsi müşahidə edilib. Qəhvə, xora kimi mədə narahatlıqlarına səbəb olmasa da, bu xəstəliklərin mövcud olduğu mədədə əks-təsir göstərir, yaranın dərinləşməsinə səbəb olur. Qəhvə, mədənin turşu ifraz etməsinə təkan verir. Qeyd etdiyimiz araşdırmada marağa səbəb olan məqam isə odur ki, qəhvə şəkərli diabet xəstələri üzərində fərqli nəticələr göstərib. Amerikada aparılan elmi-tibbi tədqiqatlarda yemək vaxtlarında yüksələn qan şəkərinə rəğmən bir fincan qəhvə içən şəkərli diabet xəstələri orqanizmlərinə ciddi zərər vururlar. Bir çox ekspert qəhvənin bədəndə maye itkisinə səbəb olduğunu iddia edir, bir qisim ekspert isə bunun yalnız iddia olduğu qənaətindədir.   Amerikalı alimlər niyə qəhvəni “xilaskar” kimi tanıdır? Bəs əslində, qəhvə insan orqanizminə necə təsir edir? Bunu araşdırarkən əldə etdiyimiz məlumatlara görə, qəhvə böyrək daşının yaranma riskini azaldır. Hər gün 3 fincan qəhvə qəbul edən insanlarda qəbul etməyənlərə nisbətən bəzi ağır xəstəliklərin nəticəsi olan ölüm riski təxminən 10 faiz azaldığını iddia edənlər də amerikalı alimlərdir. Dünyanın ən böyük xərçəng araşdırma mərkəzlərindən biri hesab edilən Amerikanın Milli Xərçəng Təşkilatının araşdırmasına bir il ərzində 400 min insan könüllü olaraq qoşulub. 1995-1996-cı illəri əhatə edən araşdırma 50-71 yaş aralığında olan insanlar arasında aparılıb.   Araşdırmanın aparılmasında köməkçi olan könüllülərin tam yarısı bir il müddətində hər gün 3 fincan qəhvə içməyi öhdəlik götürüblər. Digər könüllülər isə bu müddət ərzində gündə bir fincan qəhvə qəbul ediblər. Nəticələri “New England Journal of Medicine” jurnalında nəşr olunan araşdırmaya görə, gündə üç fincan normal, ya da kafeinsiz qəhvə içən insanların ürək-damar, tənəffüs, şəkər xəstəlikləri, infarkt riskinin gündə bir fincan kafeinli qəhvə içənlərə görə daha azdır.   Ruslar fərqli fikirdədir Maraqlıdır ki, qəhvənin birmənalı olaraq orqanizmə xeyir olduğunu deyən amerikalı mütəxəssilərdən fərqli olaraq qəhvənin zərərləri barədə yazan ekspertlər də var. Rusiyalı ekspertlər ifrat qəhvə qəbulunun mədədə turşu ifrazatını artırdığını deyirlər. Mədəsində problemləri olan insanların gündə 2 fincandan artıq qəhvə içməsini tədrici intihar kimi qiymətləndirən mütəxəssislər həddən artıq qəhvə qəbulunun ürəyin döyünmə ritminə mənfi təsir göstərdiyini də deyirlər. Rus mütəxəssislər deyir ki, yemək yedikdən dərhal sonra qəhvə içmək doğru deyil. Bunu yemək yeyən kimi qanda şəkərin miqdarı artması və bu zaman üstəlik şəkərli qəhvənin qəbulunun bu prosesi daha da sürətlənməsi ilə izah edirlər. Yeməkdən sonra şəkərli qəhvə qəbul etməyi adət halına gətirmiş insanlarda şəkər xəstəliyinin yaranması da istisna edilmir.   Ona görə də, bir çox ölkələrdə həkimlər şəkər xəstələrinə  qəhvənin fərdi təyin edilmiş qaydada qəbulua icazə verirlər. Təsadüfü deyil ki, ötən ilin son ayında Türkiyədə vərdiş nəticəsində gündə 4-5 fincan qəhvə qəbul edən insanlar üzərində aparılan araşdırmaların nəticəsində məlum oldu ki, yüksək miqdarda qəhvə qəbulu təzyiqin anidən yüksəlməsinə də səbəb olur.   Bəs bizdə necə düşünürlər? Tibb elmləri doktoru, professor  Adil Qeybulla deyir ki,  qəhvənin ən böyük xeyri orqanizmin maddələr mübadiləsini sürətləndirməsidir. Müsahibimiz deyir ki, indi qəhvəni həm arıqlamaq üçün, həm şəkəri salmaq üçün, həm də qan təzyiqini normallaşdırmaq üçün içirlər: “Qəhvə aşağı təzyiqi olan insanlara köməkçi ola bilər, çünki qan təzyiqini normada saxlayır. Mən məsləhət görürəm ki, gün ərzində 1-2 fincandan çox qəbul edilməsin. Amma bir şərtlə - qatqısız olmalıdır. Tərkibində quru süd olan qəhvələrdən uzaq durmaq lazımdır”. Azərbaycanda indiyədək qəhvənin xeyri və ya zərəri barədə heç bir araşdırılma aparılmayıb. Bu barədə AMEA-dan bildirdilər. Bu mövzu ilə bağlı bir neçə tanınmış tibb aliminə müraciət etsək də çoxusundan konkret cavab ala bilmədik. Elə bu səbəbdəndir ki, yerli mətbuatda bu mövzuda yazılan bütün yazılar yalnız xarici araşdırmaların nəticələri əsasında hazırlanır.   Başqa nəyə xeyir, nəyə zərərdir? İtaliya alimlərinin silsilə araşdırmaları maraqlı nəticələrlə yadda qalıb.Məlum olub ki, qəhvə qanda xolesterolu salır, ağrıkəsicilərin təsirini 40% artırır, xərçəng riskini azaldır, gündə 3 fincan qəhvə astma təhlükəsini minimuma endirir, nəfəsi təravətləndirir, sümükləri gücləndirir. Amma yaşlıların çox qəhvə istehlak etməməsini məsləhət görən italiyalı alimlər bildirir ki, qəhvənin normal dozada qəbulu insanı parkinson (mərkəzi sinir sistemində dofamin neyronlarının dağılıb məhv olması) xəstəliyindən qoruyur. Qəhvə selülit kimi dəri problemlərini də aradan qaldırır,  yüksək təzyiqin yaranmasına mane olur, pankreas (mədəaltı vəzi) xərçəngini azaldır, miqren ağrılarına kömək edir.   Bunlardan əlavə, qəhvənin ürək, qan-damar xəstəliklərinin böyük nisbətdə aradan qaldırdığı iddia edilir, bildirilir ki, bağırsaqların normal fəaliyyətini təmin edən qəhvə həmçinin depressiyaya qarşı yaxşı mübarizə vasitəsidir. Müntəzəm olaraq qəhvə içənlərin qaraciyər xəstəliklərindən daha az əziyyət çəkdiyi isə artıq çoxdan sübut edilib. Qəhvə bundan əlavə diqqətin cəmlənməsinə kömək edir, onu qəbul edənin özünü daha gümrah hiss etməsinə vasitəçilik edir.   Qeyd etmək laızmdır ki, yaşıl və qara çay kimi qəhvənin də tərkibində antioksidantlar var və bu da xərçəngə yol açan hüceyrələrin çoxalmasına ciddi ölçüdə mane olur. İmmuniteti gücləndirməklə bərabər qəhvənin tərkibində baş ağrısı dərmanlarında olan bəzi keyidici və ağrını azaldan maddələr də var.   Qeyd edək ki, qəhvə ağacı bol yağışlı, orta temperatur 18-24 dərəcə olan, buzlaşma olmayan iqlimdə yetişir. Soyuqda ağac ölür, çox isti hava da qəhvə ağacına zərər verir. Bu ağac yağışı sevdiyi üçün mütamadi yağış olan iqlimlərdə becərilir. Yasəmənə bənzəyən çiçəyi yaşıl meyvə verir, ağac ildə bir neçə dəfə bar verir. Altay Bayramlı





Həftənin ən çox oxunanları