Yuxarı

İşğaldakı 7 rayon boşaldılır?

İşğaldakı 7 rayon boşaldılır?

[caption id="attachment_416" align="alignleft" width="306"]Qabil Qabil Hüseynli: “Ermənistan əvvəlki kimi qeyri-konstruktiv mövqe nümayiş etdirə bilməyəcək”[/caption]

Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyada görüşü baş tuta bilər. Bu barədə ATƏT baş katibi Lamberto Zanyer bildirib. O ümid edir ki, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağla bağlı vəziyyət üzrə görüşü bu payız baş tutacaq: “Dağlıq Qarabağ münaqişəsinin həllinə qaldıqda, orada baş verənlər bizdə müəyyən narahatçılıq yaradır.

Xüsusən, təkcə Dağlıq Qarabağda yox, eyni zamanda Azərbaycan və Ermənistan sərhədində müşahidə edilən zorakılığın artması da bizi narahat edir.”, - deyə o Avrasiyada təhlükəsizliyin təminatı məsələləri üzrə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Daimi Şurasının geniş toplantısında bildirib.

L.Zannyer qeyd edib ki, iki ölkənin siyasi rəhbərliyi ilə qarşılıqlı fəaliyyət daha fəal olmalıdır: “Bizim xarici işlər nazirləri ilə görüşlərimiz baş tutub, mən Minsk Qrupunun həmsədrlərini nəzərdə tuturam. Ola bilsin ki, payızda daha bir görüş baş tutsun və biz ümid edirik ki, ola bilsin, prezidentlər arasında görüş baş tutsun. Lakin bu prosesə beynəlxalq dəstəyi təmin etmək çox vacibdir. Hazırda elə məqamdır ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin siyasi həllinə daha çox diqqət yetirməlidir. Vəziyyət olduqca ciddidir. Hazırda müşahidə etdiyimiz bir neçə insident olduqca təhlükəlidir, ona görə ki, bu kimi hallar bölgədə, eləcə də Azərbaycan-Ermənistan sərhədində qeyri-sabitliyə gətirib çıxara bilər. Bu məsələyə siyasi diqqəti artırmaq lazımdır".

qarabagAzərbaycan Prezidenti İlham Əliyev isə oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zaman Qarabağla bağlı növbəti sərt mövqe ortyaya qoyub. Dövlət başçısı bildirib ki, daim diqqət mərkəzində olan sahə ordu quruculuğudur. Biz bu sahəyə daim böyük diqqət göstəririk. Bu da təbiidir, çünki Azərbaycan müharibə şəraitində yaşayır, müharibə bitməyib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil. Bunu artıq hamı görür, o cümlədən bu məsələ ilə məşğul olan vasitəçilər”.

İlham Əliyev vurğulayıb ki, ordu quruculuğu gələn il də prioritet  sahə olaraq qalacaq:  “Bu sahəyə nə qədər lazımdırsa vəsait ayrılacaq. İndi həm yeni texnikanın, silah-sursatın alınması, istehsalı prosesi gedir, eyni zamanda, hərbi hissələr üçün ən yüksək səviyyədə şəhərciklər, hərbi bazalar tikilir... Keçən ay düşmənin növbəti təxribatının qarşısı alındı. Bizə qarşı böyük təxribat hazırlanırdı, çoxsaylı diversantlar artıq təşkil olunmuş və səfərbər edilmişdi ki, Azərbaycanın mövqelərinə hücum çəksinlər. Bizim ordumuz o təxribatın qarşısını aldı. Preventiv zərbə vurmaqla düşmənə çox böyük ziyan yetirdi və bir çox işğalçı hərbiçi məhv edildi... Biz ölkəmizin ərazi bütövlüyünü bərpa etməliyik və edəcəyik”. Ehtimal olunur ki, cəbhədə vəziyyətin gərginləşməsi və müharibə ritorikası narahatlıq yaradıb və gərginliyin səngiməsi üçün prezidentlərin görüşü təklifi irəli sürülüb. Politoloq Qabil Hüseynli isə bildirir ki, prosesə ATƏT-in Minsk Qrupunun həmsədrləri də  qoşulub: “Doğrudur, həmsədrlər daha çox qoşunların təmas xəttində atəşkəsin pozulması ilə bağlı məsələləri qabartmağa çalışır. Amma nəzərə alaq ki, prosesin içərisində Rusiya, Rusiya-Azərbaycan münasibətləri  də var.

Politoloq vurğulayır ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin  həlli ilə bağlı bir neçə dəfə bəyanat verib: “Dağlıq Qarabağ ətrafındakı rayonların taleyinin həll edilməsi məsələsini qabardıb: “Bu nöqteyi-nəzərdən hər şey  gözləmək mümkündür. Əgər  Rusiya prosesləri irəlilətmək istəyirsə, 7 rayonunun taleyi və  problemin mərhələli həlli gündəmə gələ bilər”.

Politoloq hesab edir ki, 7 rayonun  birdən birə olmasa da, hissə-hissə Azərbaycana qaytarılması məsələsi reallaşa bilər: “Mənim fikrimcə, bu münaqişənin həllində önəmli bir məsafənin qət edilməsi olardı”.

Artıq Ermənistan-Azərbaycan münasibətləri o səviyyəyə çatıb ki, ciddi addımlar atılmasa, müharibəyə gətirib  çıxara bilər- deyən Q. Hüseynli əlavə edir ki, ona görə də prezidentlərin görüşündən mütləq nəticə gözləyir: “Ermənistan tərəfi əvvəlki kimi qeyri-konstruktiv mövqe nümayiş etdirə, məsələləri dalana dirənən istiqamətə apara bilməyəcək. Hər halda görüş olacaqsa, bu müsbət hadisədir.”

Politoloq Rasim Musabəyov bildirir ki, prezidentlərin ilin sonuna kimi görüşəcəyini demək bir qədər çətindir: “Xüsusilə Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe nümayiş etdirməsi bu məsələni daha da çətinləşdirir. Lakin mən ATƏT-in baş katibi Lamberto Zanerin bəyanatına diqqət çəkmək istəyirəm. Cənab baş katib təmas xəttində baş verənlərdən xəbərdar olduğunu deyir, həmçinin, bildirir ki, münaqişəni Nikolay Bordyuja ilə müzakirə edib. Mən əmin deyiləm ki, hər iki şəxs münaqişə ilə bağlı vəziyyətdən tamamilə xəbərdar olsunlar. Digər tərəfdən, Minsk Qrupu ATƏT-in strukturudur, lakin bu təşkilatın baş katibinin münaqişənin nizama salınmasına heç bir təsir imkanı yoxdur. Həmçinin, KTMT baş katibi Bordyuja da münaqişəyə təsir imkanına malik olmadığı kimi, proses haqda ətraflı informasiyaya malik deyil”.

Rusiyalı politoloq Aleksandr Karavayev isə bu ölkəsinin KİV-nə açıqlamasında prezidentlərin görüşünə heç bir maneə görmədiyini deyib: “İlin sonuna kimi bu görüşün təşkilinə hansısa maneə görmürəm. Münaqişənin nizama salınması istiqamətində cəhdlər davam etdikcə, praktiki olaraq hər il Azərbaycan və Ermənistan prezidentləri müxtəlif meydançalarda görüşlər keçirirlər. Buna görə növbəti görüş olacaqsa, bu gözlənilməz olmayacaq”. Politoloq hesab edir ki, rəsmi Bakı növbəti görüşün keçirilməsini rədd etməyəcək:

“Çünki Azərbaycan tərəfi Minsk qrupunun təsir mexanizmlərinin olmamasını, münaqişəyə ciddi töhfə verə bilməməsini tənqid etsə də, danışıqlar prosesindən geri çəkilmir, hər fürsətdə masaya oturmağa hazırdır. Ermənistan haqda isə belə demək bir qədər çətindir”.

Cavad





Həftənin ən çox oxunanları