Yuxarı

Uşağınız səhər yeməyi yemirsə, şəkərli diabetə tutula bilər!

Uşağınız səhər yeməyi yemirsə, şəkərli diabetə tutula bilər!

yemek-sechen Məktəblilərin günə ac başlaması məktəbdəki müvəffəqiyyətini minimuma endirir   Ümümdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir: “Səhər yeməyi körpə və məktəbyaşlı uşaqların böyüməsində və inkişafında ən önəmli faktordur”. Təşkilatın məktəbli uşaqlarda diabet xəstəliyinin yayılması ilə bağlı araşdırmasında bildirilir ki, səhərlər yemək yemədikdə, nahara qədər mədədə 4-6 saatlıq aclıq olur və bu da xüsusilə uşaqlarda şəkərli diabetə yol açır. Bu səbəbdən uşaqlarda diabetə rastlanma halları 12-13 yaşa qədər enib. Pediatr Pəri Həsənova səhər yeməyi yemədən evdən çıxan uşaqların bayırda dönər, bulka, şirniyyat, şokalad kimi karbohidratlarla zəngin qidaları yediyini və bu qidaların da diabetə təkan verən önəmli bir faktor olduğunu deyir. Uşaqların digər bir böyük probleminin məktəb bufetləri olduğunu deyən pediatr bildirir ki, uşaqlar məktəbdə istədikləri hazır qidanı tapıb yeyə bilir: “Düzdür, bir-iki il qabaq bufetlərdən çipsi, kola kimi zərərli qidaları yığışdırdılar, amma yenə də peçenye, şokalad, bulkalar satılır. Üstəlik evdə səhər yeməyi yeməyən uşağın cibinə valideyni də pul qoyur ki, dükandan, bufetdən nəsə alıb yesin. Uşaq da yolüstü mağazalardan çipsi, dönər, kola kimi zərərli qidaları alıb yığır çantasına, məktəbdə bu qidaları yeyir. Üstəlik bu qidaların mütəmadi qəbulundan sonra uşaqlarda mədə problemləri, bağırsaq narahatlıqları, qəbizlik yaranır”. Pediatr valideynlərə uşaqların məktəb çantasına qoyulacaq qidaları da sadaladı: “Yaxşı olar ki, övladınızın çantasına qoz, fındıq, badam, şabalıd, meyvə və ya meyvə quruları qoyasınız.  Uşağa mütləq səhər yeməyi yedirin, məktəbə qətiyyən ac göndərməyin. Səhərlər süd, yumurta, ağartı məhsulları yedirin. Əgər məktəbdə qalma saatı çoxdursa, o zaman çantasına əlavə olaraq evdə hazırladığınız sendviç qoya bilərsiniz. Sendviçi təmiz ətdən hazırlanmış kotlet, pomidor və xiyar, göyərtidən hazırlaya bilərsiniz. Ketçup yerinə ev üsullu tomat istifadə edin, mayonezin istifadəsini məsləhət görmürəm”. Anaların bir çoxunun səhərlər oyanmağa tənbəllik etdiyini də diqqətə çatdıran pediatr bildirir ki, bu tənbəllik uşaqların həyatına ciddi formada təsir göstərir: “Səhərlər uşaqların yemək yeməsi valideyndən asılıdır. Əgər onların marağına səbəb olan səhər yeməkləri hazırlansa, məsələn, boşqabda maraqlı bəzəklər düzəldilsə, səhər yeməyinin vacibliyi barədə uşaqlarla söhbət edilsə nəticə effektiv olacaq. Unutmayın, səhər ac məktəbə göndərdiyiniz uşaq hər gün bir az da şəkərli diabetə yaxınlaşır”. Qidalanma və pəhriz eksperti, həkim Rövşən Sadiqinin sözlərinə görə, səhər yeməyi böyüməkdə olan uşaqların gündəlik enerji və qida ehtiyacını ödəməsi ilə yanaşı, məktəbdəki müvəffəqiyyətinə də təsir edir: “Axşam şam yeməyindən sonra yatan uşaqların səhər yeməyinə qədər 10-12 saatlıq zamanı yuxuda keçir, bu müddət ərzində təbii olaraq orqanizm axşam qəbul etdiyi qidanı həzmə göndərir, yenidən acır və yemək tələb edir. Yeni bir günə yemək yemədən başlamaq o ehtiyacı içimizdə boğmaq və bədənin tələbinə əhəmiyyət verməmək deməkdir. Xüsusilə də səhər yeməyi yeməyən uşaqların dərsdə diqqəti, aktivliyi azalır, verilən tapşırıqları çətin qavrayır. Səhər yeməyi uşaqlarda qavrama bacarığını artırır, çünki səhərlər sağlam qidalanma ilə uşaqların beynində enerji və diqqət artımı olur”. Ekspert deyir ki, səhər yeməyində kifayət qədər zülal istehlak edilməlidir: “Xüsusilə, süd, taxıl məhsulları, sıyıq və ya kobud undan hazırlanmış çörək,  meyvə vacibdir. Zehni fəaliyyətlərin tələb etdiyi enerji resurslarının ən mühümlərindən biri də meyvələrdir. Beynin oksigendən başqa yeganə enerjisi qlükozadır və bədənimiz qlükoza anbarına malik deyil. Yəni başqa vitaminləri bədənimiz özündə mühafizə edib anbar kimi saxlaya bilir, orqanizmin ehtiyacı olanda lazımi yerlərə ötürə bilir, amma bu qlükozada mümkün olmur. Qlükoza meyvələrdə hazır halda olur, ona görə səhərlər istehlak edilməlidir. Əgər səhər uşaqlara yedirə bilmirsinizsə, mütləq məktəb çantasına qoyun, məktəbdə yesinlər. Meyvələrin tərkibindəki qlükoza qanda şəkərin miqdarını tənzimləyir, nə normadan aşağı düşməyə, nə də normadan yuxarı çıxmağa qoymur”. Müsahibimiz də səhər yeməyi yeməyən uşaqların şəkərli diabetə tutulma riskini təsdiqlədi: “Səhərlər yemək yeməyən uşaqlarda qan şəkərinin səviyyəsi kəskin düşür, məktəbdə özünü yaxşı hiss etmir, halsızlıq, mürgüləmə, özündəngetmə, tərləmə, ürəkdə döyüntünün sürətlənməsi, mədə ağrısı, ürəkbulanması və sancılanma halları baş verir. Aparılan araşdırmalar da təsdiq edir ki, səhərlər yaxşı qəlyanaltı edən uşaqlar məktəbdə uğur əldə edir, səhər yeməyi yeməyən yaşıdlarından fərqlənir. Uşaqlara səhərlər  karbohidrad mənbəyi kimi çovdar və ya kobud taxıl unundan hazırlanmış çörək, tərəvəz, meyvə və ya meyvə şirəsi, zülal mənbəyi kimi pendir, yumurta, süd və qatıq, yağ mənbəyi kimi nəhrə yağı, qoz, badam, fındıq, bal və ya doşab kimi sağlam qidalarla zənginləşdirilmiş bir menyu təşkil edə bilərik”. Əgər övladınız uzun zamandır səhər qəlyanaltısı etmirsə, məktəbə ac gedirsə və onda çox su içmə, tez-tez sidiyə getmə, çəkisində getdikcə azalma və halsızlıq müşahidə edirsinizsə şəkərli diabetdən şübhələnin. Orqanizm qandakı şəkəri istifadə edə bilmədiyi üçün bədəndəki yağları istifadə edir və buna görə də arıqlama baş verir, bu vəziyyətə qarın ağrısı, ürəkbulanma və tez-tez nəfəs alma da əlavə olunur. Nəzərə alın ki, uşaqlarda diabet elə ilk mərhələsindən insulinlə müalicə edilir, ona görə ilkin diaqnozun nə qədər erkən olması müalicədə  bir o qədər irəliləmə imkanı verir. Övladınızın səhər yeməyinə diqqət edin, insulin asılılığı onların körpə bədənləri üçün böyük yükdür. Lalə Mehralı





Həftənin ən çox oxunanları