Yuxarı

Haram ətdən “halal” kolbasalar

Haram ətdən “halal” kolbasalar

kolbasa-3

Dindarları kim aldadır və ya donuz əti olmadan istehsal edilən kolbasa yalanını kim uydurur?

Azərbaycan kulinariyasının əsasını ət və ət məhsullarının təşkil etdiyini və rəsmi statistikaya görə, adambaşına ət istehlakı 25 kq-a yaxın göstərildiyini əksəriyyətimiz bilirik. Əslində ət istehlakının rəsmi statistikadan ən azı 2 dəfə çox olduğu ehtimal edilir. Müsəlman ölkələrinin ətə düşkünlüyü isə işbazların dəyirmanına su tökür. Dini inancına görə, kolbasa və sosislərdə seçim etməli olan müsəlmanlar aldadılaraq içində donuz əti olan kolbasalar “halal” adı ilə satılır.

Kolbasanın içində nə var?

“Müsəlmanların donuz ətini haram hesab etməsi işbazların işini çətinləşdirir” desək yalan olar, istehsalçı üçün  müsəlmana donuz ətinin haram olması və ya olmaması fərq etmir, əsas odur ki, məhsulu satılsın. Ekspertlərin ümumi rəyinə görə, kolbasa və sosiska məmulatlarına donuz əti və ya piyinin qatılmaması mümkün deyil, əks-təqdirdə məhsul tez xarab olaraq istehsalçıya külli miqdarda zərər verər.  Bunu zaman-zaman hətta rəsmilər də etiraf ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov da mətbuata verdiyi açıqlamalarında bildirir ki, Azərbaycanda istehsal olunan bütün kolbasaların tərkibində donuz əti və ya donuz piyi var. Çünki, kolbasanın tərkibində 25 faiz donuz piyi və ya əti olmasa məhsulu çox saxlamaq olmur və keyfiyyəti aşağı olur.

Müsəlmanları necə aldadırlar?

Cəmiyyətin dindar kəsimini avam və savadsız hesab edən kolbasa sexlərinin sahibləri isə bildirir ki, biz kolbasalara donuz əti və piyi qatmırıq. Alıcısı bol olan belə sexlərin sahiblərinin “hacı”, “məşədi” olması onların bazarını daha da alovlandırır, amma araşdırsan, bu insanların ümumiyyətlə, Həccə, Məşhədə getmədiyini görərsən.

Yazımızı hazırlayarkən Sabunçu rayonu, Bakıxanov qəsəbəsində bir çox mağazaya baş çəkdik, kiçik dükanlarda da, məşhur supermarketlərdə də “halal” markalı sosiska, kolbasa alan dindar müştəriləri müşahidə etdik, əksəriyyəti sadəcə “halal olsun” deyib satıcının verdiyi “halal” markasını alırdı. Heç biri kolbasanın üzərindəki yazıları oxumurdu, əslində oxusa belə o yazılarda “tərkibində donuz əti var” yazısı yoxdur. Söhbətləşdiyimiz bir neçə müştəri “bu marketin sahibi dindar adamdır, namaz qıldığını deyirlər, ona görə də etibar edib alırıq, namaz qılan haram mal satmaz” dedi. Nədənsə, Bakıdakı bütün mağazaların sahibi namaz qılan hacı, ya da məşədi çıxırdı.

“Halal”lıq satış faizini artırır

Məsələylə bağlı apardığımız araşdırma zamanı öyrəndik ki, quş əti istehsal edən “Hövsan-broyler” fabriki, kolbasa və kolbasa məmulatları istehsal edən “M-T” firması, “Sab” firması, "Səhliyalı" kiçik müəssisəsi də eyni üsuldan istifadə edərək öz məhsullarını “Halal” adı altında bazara çıxarırlar. “Heyvanlar və  toyuqlar üzü qibləyə kəsilir” cümləsi  də satış şüarı olaraq istifadə edilir.

“Halal” sosiskaları sırasında isə “ovçular”, “közləmə” sosiskaları və digər müxtəlif çeşidlərdə məhsul var. Sözügedən məhsulların çoxunun üzərində istehsal tarixi, saxlama müddətinin olmaması ilə yanaşı, onların “halal” olması ilə bağlı heç bir məlumata rast gəlmək də mümkün deyil.

Mağazalardan birində üzərinə “halal” yazılmış, amma görünüşündən və qiymətinin ucuzluğundan nə olduğu görünən kolbasanı satıcıya göstərib “mal ətinin kq-i 7-8 manatdır, 3-4 manata necə halal kolbasa ola bilər?” - deyə soruşduq, “mən qoymuram ki qiyməti, hardan bilim” dedi.

QMİ-nin zamanət verməyə haqqı varmı?

Heç bir hüquqi, qanuni, mənəvi haqqı olmadığı halda bəzi firmalara “Halal” markalı sertifikat verən Qafqaz Müsəlmanları İdarəsinin də bu aldadılma əməliyyatında böyük rolu var. Kolbasa firmalarının bir çoxunun məhsulunun  üzərində "Qafqaz Müsəlmanları İdarəsi təminat verir" sözləri yazılır. QMİ sözügedən məhsulun istehsalı prosesinə nəzarət edə bilmək iqtidarında deyil. Ən azı ona görə ki, idarənin bunun üçün xüsusi labaratoriyası və peşəkar mütəxəssisləri yoxdur.

Məlumat üçün qeyd edək ki, “Yeyinti məhsulları haqqında” qanunun 11-ci maddəsində (qablaşdırılma və etiketləşdirilmə ilə bağlı) bildirilir ki, müvafiq icra hakimiyyəti orqanlarının icazəsi olmadan yeyinti məhsuluna “müalicəvi”, “pəhriz”, “ekoloji təmiz” və onlara bərabər tutulan adların verilməsi və reklam xarakterli digər məlumatların etiketdə yerləşdirilməsi qanunsuzdur.

Dindarları aldada bilirlər, amma...

Ekspert İmran Soltanov bildirir ki, “Halal” nişanının hansısa məhsula verilməsi olduqca məsuliyyətli işdir: “Ad verdin, iş bitmir, gərək içində donuz ətinin olmamasından əlavə heyvanın dini qaydalara əməl edilərək kəsilməsinə, İslam qanunlarına görə qüsul almış olmasına, kəsənin dindar olmasına da əmin  olasan. Heyvanın saxlandığı yer pak olmalıdır, istehsal prosesində təmizliyə, gigiyenaya fikir verilməlidir. Nəzərə alsaq ki, bizdə kolbasa istehsal edən sexlər zirzəmilərdə, natəmiz vəziyyətlərdə istehsalla məşğuldular, onda nəinki halallıq, gigiyenik tələblər belə absurd görünəcək”.

Ekspert deyir ki, tək kolbasa yox, broyler toyuqlarının isteahsalçıları da hallalıq baxımından müştərinin hissi ilə oynayır: “Milyonlarla toyuğun əl ilə üzü qibləyə kəsilməsi yalanı ilə yalnız savadsız, cahil insanları aldada bilərlər, gözüaçıq adam bilir ki, o toyuqlar texnikanın köməyi ilə kəsilir, necə gəldi təmizlənir. Texnikanın üzünü qibləyə döndərəcəklər?”.

Müsahibimiz təklif edir ki, dindarların inancı ilə oynayanlara qarşı elə müsəlmanların, din adamlarının özləri də mübarizə aparsın: “Hansısa bir sertifikatla haramı halal edən sexlərə qarşı boykot elan edilsin, onların istehsal etdikləri alınmasın, vitrinlərdə köhnələrək fırıldaqçı istehsalçını zərərə salsın. Sexlərin ictimaiyyətə açıq olması tələb edilsin, istənilən bir vətəndaş istədiyi zaman gedib istehsal prosesi ilə tanış ola bilsin. Əgər məhsullar həqiqətən də halal şəraitdə hazırlanırsa, məsul şəxslər bu təklifə etiraz etməzlər”.

Və nəticə... “Halal” kampaniyası lazımi effekti verir və istehlakçılar aldandıqlarını ağıllarına belə gətirmədən donuz əti qatılmış, ölü heyvan cəsədindən hazırlanmış ucuz məhsulları yeməkdə davam edirlər. “Heyvanlar üzü qibləyə kəsilir”, “kəsən adam müsəlmandır”, “bismillah"la kəsilir”", “qəssab qüsul alır” kimi yalanlara inanmaq sadəlöhvlükdür. Yalnız qazanacağı pulu düşünən sahibkarı müsəlmanın inancı maraqlandırmır.

Altay Bayramlı





Həftənin ən çox oxunanları