Yuxarı

Ərəb qadınlarının baharı

Ərəb qadınlarının baharı

hicabli qadinlar

Onların bu gün qazandığı seçki haqqını

Azərbaycan qadını ötən əsrdə qazanmışdı

Səudiyyə Ərəbistanında 12 dekabrda keçiriləcək seçkilərdə namizədliyini irəli sürən 366 qadına bəzi təbliğat qadağaları qoyulub. Bu günədək ölkədə ciddi nəzarət edilən cinsi ayrı-seçkilik seçki kampaniyasında da qorunacaq. Bunu Səudiyyə Ərəbistanının Seçki Komissiyası bəyan edib. Komissiyanın tərtib etdiyi qadağalara görə, qadın namizədlər seçiciləri ilə birbaşa ünsiyyət qura bilməz, təbliğatlarını aparmaq üçün mütləq kişi təmsilçi seçməlidirlər. Buna əməl etməyən qadın namizədlər 2667 dollar cərimə ödəməli olacaq.

Bundan əlavə qadın namizədlərin seçki bröşürlərinə şəkillərinin çap edilməsi də qadağan edilib. Seçki məntəqələrində qadın və kişilər üçün ayrı-ayrı kabinələr yaradılması da bu şərtlər siyahısına daxildir. Qeyd edək ki, Səudiyyə Ərəbistanında qadınlara ilk dəfə seçmə və seçilmə haqqı verilir. Dekabrdakı seçkilərə hazırlıq olaraq hələ avqust ayından qadınlar seçici siyahılarına adını yazdırmağa başlayıb. Seçkidə yerli idarəetmələrə yeni rəhbərlər seçiləcək. Qeyd edək ki, Səudiyyə Ərəbistanında 2005 və 2011-ci illərdə keçirilən bələdiyyə seçkilərinə qadınlar qatılmayıb. Amma kral Abdullah Bin Əbdüləziz 2011-ci ildə səudiyyəli qadınların şəriət qanunlarına əsasən 2015-ci ildəki seçkilərdə namizəd və seçici olaraq işçtirak edə biləcəklərinə dair qərar qəbul eləmişdi.

Ərəb qadınlarının 2015-ci ildə qazandığı seçmək və seçilmək hüququ bir çox ölkə qadınlarına ötən əsrdə verilib. Məsələn, ABŞ və Kanadada qadınlar 1920 və 1918-ci ildə səsvermə hüququna sahib olublar. Meksikada qadınların səs haqqı mübarizəsi 1911 İnqilabından sonra başladı, qadınlar yalnız 1953-cü ildə seçki hüququ qazana bildi,  Böyük Britaniyada qadınlar yalnız 30 yaşlarından sonra 1918-ci ildə səsvermə hüququ qazandılar, 10 il sonra kişilərin haqqı ilə bərabərləşdirildi.

Skandinaviyalı qadınlar 1916-ci ildə, norveçli və danimarkalı qadınlar isə I Dünya müharibəsindən əvvəl səs hüquqlarını almışdılar. İsveçrəli qadınlar 1919-cu ildə seçə bildilər. Almaniyada qadınlar 1902-ci, İtaliyada 1925-ci ildən seçkiyə gedirlər. Fransalı qadınlar 1944-cü ildə, Hindistan qadınları 1950-ci ildə, Yaponiyada isə 1945-ci ildə səsvermə hüququ aldı. Çinli qadınlar Çin Xalq Respublikasının qurulması ilə birlikdə, 1949-cu ildə seçmə və seçilmə haqqı əldə etdilər. Azərbaycana gəldikdə isə, 1918-ci ildə Şərqdə yaradılan ilk respublika- Azərbaycanda Demokratik Respublikası tarixdə qadınlara seçki hüququ və s. hüquqlar verilən ilk ölkələrdən sayılır. Sovetlər Birliyinin tərkibində olduğumuz zamanlarda isə qadınların cəmiyyətdə, ailədə, dövlət sistemində rolu daha sürətlə artdı və gender bərabərliyi həm hüquqi, həm də faktiki olaraq təmin olundu.

Əslində, Azərbaycanda isə ilk dəfə qadınların səsvermə hüquqları haqda məsələ 1907-ct ildə Rusiya Dumasında Azərbaycanın nümayəndəsi Xasməmmədov tərəfindən qaldırılmışdı və Dumanın müsəlman fraksiyasında gərgin keçən müzakirələrdən sonra müsbət həll olunmasına nail olunmuşdu. ADR isə qadınların seçib-seçilmək hüququnu ən yüksək səviyyədə rəsmən təmin etdi.

Məlumat üçün qeyd edək ki, hazırkı parlamentdə 125 deputatdan 19-u qadındır, 2010-cu ildə parlament seçkisində mandat uğrunda mübarizə aparan 146 qadından 20 qadın namizəd qalib kimi çıxsa da, Gülər Əhmədovanın mandatı ləğv edildikdən sonra bu say 19 oldu. Noyabr ayında ölkə parlamentinə yeni seçkilər keçiriləcək. Qeydə alınan təxminən, 1000 namizəddən 177-si qadındır. Proqnozlara görə, 2015-ci il parlament seçkilərindən sonra Milli Məclisdə deputatların say tərkibinin 30 faizini xanımlar təşkil edəcək. Bu cür düşüncələrə səbəb hər parlament seçkisindən sonra Milli Məclisdə qadın təmsilçilərin sayı bir az da artmasıdır. Qeyd edək ki, dünya ölkələrinin parlamentlərində qadınların çəkisi ölkəsinə görə  dəyişir. Məsələn, Seneqalın 150 nəfərlik parlamentində 64 nəfər qadın təmsil olunur. Niderlandda isə zərif cinsin nümayəndələri 150 nəfərlik deputat kürsüsünün 58 yerini zəbt edib, Meksikada 500 nəfərlik parlamentdə 184 qadın deputat var. Anqola məclisində 220 deputatdan 75-i qadındır. Bu göstərici Serbiyada 81, Əlcəzairdə 146-dır. Fransanın 577 deputatından 155-ini qadınlar təşkil edir.

109 nəfərlik Belarus parlamentində 29 nəfərlik yeri qadın deputatlar tutub. Qazaxıstan parlamentindəki 107 stuldan 26-sı qadınların ixtiyarındadır. Yunanıstanda 300 nəfər parlamentarinin 62 nəfəri qadındır. ABŞ-da qanunverici orqanın 434 üzvündən 78-i qadındır. San Marinoda 60 deputatdan 10-u qadındır.  Ukraynanın  445 deputatından 42-si xanımlardır. Koreya parlamentinin 47 qadın üzvü var.

Gürcüstanda 150 nəfər parlamentarinin 18-i qadındır. Ermənistanda 131 nəfərlik orqanın 14 nəfər qadın üzvü var. Yaponiyada 480 parlament üzvünün 38 xanım üzvü var. Küveytdə 65 deputatdan 4-ü xanımlardır. İran islam Respublikasında 290 nəfər deputatın 9-u qadındır.

Lalə Mehralı





Həftənin ən çox oxunanları