Yuxarı

Bakının ən sərfəli bazarından REPORTAJ

Bakının ən sərfəli bazarından REPORTAJ

bazar bazar2

Bakının məşhur “Vosmoy bazarı”nın oxucularımız arasında da müştərisi çox olar, elə mənim kimi. Həm yaşadığımız yerə yaxındır, həm qiymətləri sərfəlidir, həm də ekoloji təmiz məhsulu bol olur. Ona görə də hər həftə bazarlıq üçün bu bazara baş çəkirik. Müştəri cəhətdən heç problemi olmayan 8-ci km. bazarının varlı müştəriləri də az deyil. Bahalı avtomobilini bazarın kənarında saxlayıb satıcılarla 3-5 qəpik davası edən imkanlı müştəriləri kifayət qədər çoxdur. Ötən həftənin son günü 4-5 saatlıq bazar maratonundan sonra bu reportaj doğuldu.

Alverçi kəndliyə imkan vermir

Düzdür, bir dəfə bu bazarda bir sehrbaz satıcı pulqabımda gördüyü 70 manatımı  xırdalamaq istədiyi üçün mən 48 manat zərərə düşdüm, çünki o “fokus göstərən əmi” necə elədisə, ona verdiyim 50 və 20 manatları xırdalayıb mənə qaytaranda pul düz idi, sonra çantama qoymaq istəyəndə dedi ver bir də sayaq və mən də sadəlöhvcəsinə verdim, sən demə, o pulu saymaq yox, sayını azaltmaq istəyirmiş. Belə ki, sayıb mənə qaytaranda pulun altından yarısını çəkərək uzunqollu körnəyindən içəriyə ötürübmüş. Bunu evə gəldikdən sonra anladım, təzədən kimə nə sübut edə bilərsən? Nə isə, o gün bu gündür o bazara apardığım ən iri pul vahidi 10 manatdır, üstəlik, “iri pulunuz varsa xırdalaya bilərəm” deyən satıcıları elə ordaca rüsvay edərək başqalarının da aldanmamasına çalışıram.

Bu dəfə reportajımıza günə hələ hava işıqlaşmamış başlayan meyvə-tərəvəz bazarından başladıq. Hava ağarar-ağarmaz rayonlardan məhsul gətirən maşınlar bazara girir, amma öz malını özü sata bilməyən bir çox kəndli elə girişdəcə gətirdiyi məhsulu alverçilərə verməli olur. Fermerdən ucuz aldığı malı dəfələrlə bahasına satan alverçi bazarın ən çox qazananıdır. 60 qəpiyə aldığı yerkökünü 1.60 qəpiyə,  20 qəpiyə aldığı gavalını 80 qəpiyə, 90 qəpiyə aldığı sarımsağı 3 manata satır.

90-100 minlik maşını olan 20 qəpiklik balığa alıcı düşür

Maraqlı burasıdır ki, əvvəllər bu bazar “kasıb bazarı” kimi tanınsa da, indi kifayət qədər normal təminatlı olduğu hər halından hiss olunan insanlar da gəlir. Bahalı markalı maşını ilə düz bazarın içinə girən belə alıcılar kənardan təzyiqlərə məruz qalırlar, səbəbi isə piyada alıcılara və orta yerlərdə piştaxta quran satıcılara mane olmalarıdır. Düzdür, bir çoxu ekoloji təmiz, GMO olmayan kənd məhsulları almağa gəlir, amma bəzilərinin də gediş-gəliş yolunun kənarında, üstü açıq, heç bir gigiyenik tələblərə cavab vermədən satılan qurudulmuş duzlu balıqlara alıcı düşməsi isə kifayət qədər təəccüblü görünürdü.

Səbəb təbii ki, sadədir - burda mağazalara nisbətən ucuzluqdur. Əgər siz duzlu balığın bir ədədini normal mağazadan 1.50-2 manata alırsınızsa, bu bazarda hətta 20 qəpiyə də satılan duzlu balıq var. Ən bahalı qurudulmuş balığın qiyməti 1 manat idi. Yun şalına möhkəm bürünmüş satıcı nənə deyir ki, “öz qiymətinə satıram”...

Ucuzdur, amma tərəzi...

“Vosmoy bazarı”nda meyvə-tərəvəzin qiyməti demək olar ki, bütün piştaxtalarda eyni idi, cərgələr boyu 50 qəpiyə üzümlər tökülmüşdü, 50-60 qəpik “karolyok”a qiymət qoyulmuşdu, nar 50-70 qəpik arasında dəyişən qiymətlərə təklif edilirdi. Şabalıdı 3 manatdan, qozu 2-4 manatdan ala bilərsiniz. Pomidor mövsümü başa çatmaq üzrə olduğu üçün nisbətən bahalaşma var,  qiyməti 80 qəpik-1 manat arası dəyişir, amma xiyarı 10-15 qəpikdən də ala bilərsiniz. Düzdür, alarkən sizi də mənim kimi tərəzidə aldadıb 1 kilo əvəzinə 800 qram verəcəklər, amma siz tədbirli olun, bazara gedərkən əl tərəzinizi də özünüzlə götürün. Bir qızıl məsləhət, bazarın orta yolunda qutuların üzərinə mal qoyub satanlar ən çox tərəzi fırıldağı edənlərdir.

Göy-göyərtini bazarda 5-10 qəpiyə ala bilərsiniz, yun şala bürünmüş nənələrə cəmi 1 manat versəniz böyük bir torbanı doldurub göyərti verəcək. Kartofu 70 qəpikdən ucuz tapa bilməyəcəksiniz, amma soğanın 3-4 kilosunu 1 manata ala bilərsiniz. Yaşıl lobyanı 1-2 manatdan, badımcanı 50 qəpikdən, bəzən 3 kilosunu 1 manatdan tapmaq mümkündür. Balığın kilosunu 1 manata belə ala bilərsiniz. Payız sütülü də bazarda boy göstərməyə başlayıb, könlünüzə “hədik” düşübsə qarğıdalının bir ədədini 30 qəpiyə təklif edirdilər.

Paytaxtda bu bazarı boş yerə “yetim bazarı”, “kasıb bazarı” adlandırmırlar. Maddi problem yaşadığınız ən çətin zamanlarda belə cəmi 10-15 manatla girdiyiniz bazardan götürməyə çətinlik çəkdiyiniz iki dolu çanta ilə çıxa bilərsiniz...

Oğurlayanın əri ölsün!

Bazarın paltar satılan hissəsində canlanma başlamışdı, yaxınlıqdan satıcıların maraqlı alıcı cəlb eləmə şüarları eşidilirdi. Gənc oğlanlar satdıqları ucuz paltarları tökdükləri piştaxtanın üstünə çıxıb ucadan “ay alan, gəl qalmadı, hələ bu qiymətə satan olmadı”, “oğurlayanın əri ölsün”, “mala haram qatanın qapısı elçiyə həsrət qalsın” kimi sözlərlə diqqət cəlb edirdilər. Cəhdləri boşa getmirdi, paltarların müştərisi bol idi. Türkiyə istehsalı olduğunu göstərən yarlıqlı uşaq köynəkləri, şalvarları cəmi 1-2 manata satılırdı.

Diqqətimi 3-6 aylıq körpələr üçün nəzərdə tutulmuş paltarlar, daha doğrusu bu paltarlara qoyulmuş qiymət  çəkdi. Paltarlar - köynəklər, şalvarlar, body-lər nə az, nə azacıq, cəmi  50 qəpiyə satılırdı. Yaxınlaşıb paltarlara alıcı kimi maraq göstərdim, markalarına baxdım. Tikişdən anlayan biri olaraq sizi əmin edə bilərəm ki, bu paltarlar kifayət qədər yaxşı bir fabrikdə, peşəkar ustaların əlindən çıxıb. Markalar Türkiyənin idi, paltarların parçaları da kifayət qədər keyfiyyətli idi. Satan cavandan “bu qiymətə satırsan, görəsən, keyfiyyəti nədir?” deyə soruşdum, “Allaha and olsun ki, təmiz maldı, Türkiyədən gəlir” dedi. “O boyda yol gəlir, neçəyə alırsınız ki, 50 qəpiyə satırsınız” dedim, “ Biz kilo ilə alırıq, azdan-çoxdan qazanırıq” deyə cavab verdi.

Piştaxtaların yanındakı qadınlar əllərinə keçəni torbalara doldururdular, hər müştəri ən azı 4-5 paltar alırdı. Paltarlara baxmağa başım qarışdı, bir qədər sonra yaxınlıqda səs-küy eşidildi. Boylananda bir kişinin piştaxtanın üstünə çıxaraq ətrafdan keçən qadınları öz mallarına cəlb etməyə çalışdığını gördüm. Yaxınlaşıb nə satdığı ilə maraqlandım. Qadınlar üçün ev geyimləri, pijamalar, xalatlar səliqəsiz şəkildə ayaqqabısız çıxdığı piştaxtanın üstünə səpələnmişdi. Satıcının 4-5 manata təklif etdiyi xalatlara kifayət qədər çox alıcı çıxdı, təpələnmiş piştaxta bir neçə dəqiqənin içində suyu sovrulmuş dəyirmana döndü. Paltarların yarlığına baxdım, bu da türk istehsalı idi.

Ümumiyyətlə, bazarda ucuz satılan paltar adına nə vardısa hamısının yarlığına “türk malı” yazılmışdı. Bir zamanlar bazarımızı zəbt edən Çin malı paltarlar hara yoxa çıxıb, məlum deyil. Ya da yoxa çıxmayıb, sadəcə yarlıqları türk yazılı yarlıqlarla əvəz edilib. Bazarın narahatlıq doğuran bir problemi var ki, bu da natəmizliyidir. Satıcılar satdıqları malların qalığını, qutularını elə yerə tökərək bu natəmizliyin yaranmasına səbəb olurlar, baxmayaraq ki, gediş-gəliş yollarının kənarlarında böyük zibil çənləri qoyulub. Üstəlik, göylər azacıq yağış da çiləsə, vəziyyət çətinləşir, bazar olur bataqlıq. Örtülü hissə dam örtüyü vasitəsi ilə bu bataqlıqdan özünü qorusa da, bazarın orta küçəsi keçilməz olur. Maşınların, arabaların təkəri altından sıçrayanlar isə mənim kimi ağ geyimdə girənlərin bazardan qara geyimdə çıxmasına səbəb olur.

Bazarın içindəki mağazalarda 5 manata mal ətinin farşı satılır, mal əti sümüklü halda 7-8 manatdırsa, onda bu farşın mal əti olmadığını bilmək üçün dahi olmaq lazım deyil, amma satanlar və alanlar onun həqiqətən də mal əti olduğuna inanır.

Lalə Mehralı





Həftənin ən çox oxunanları