Yuxarı

"Komandalar Ağdama gəlməyə etiraz edirdi"

[caption id="" align="alignleft" width="300"] Səttar Əliyev: "Ailəmi görməyə getmək üçün pulum olmurdu"[/caption] Ağdam şəhərində Pənahəli xanın imarəti adlanan bir abidə vardı. Sovet dönəmində Ağdamın futbol komandaları burda həm yerli, həm də ittifaq komandaları ilə yarışardı. Şəhərin əsas futbol stadionu "İmarət" adlanardı. Burda kimlər futbol oynamamışdır ki... Neftçinin ikinci məşqçisi Səttar Əliyevin də futbol karyerası İmarətdən başlayıb. Məşqçi ilə bugünkü söhbətimiz əsasən nostaljilər üzərində quruldu...  DOSYE: Əliyev Səttar Kamran oğlu... 1965-ci ildə Ağdam şəhərində doğulub. Ailədə 6 uşaq olublar. 1972-ci ildə Ağdam şəhər 4 nomrəli orta məktəbinin birinci sinifinə gedib, 1982-ci ildə həmin məktəbi bitirib. Futbol karyerasına  1984-cü ildə "Qarabağ" futbol komandasından başlayıb. 2004-cü ilə qədər elə həmin komandada fəaliyyətini davam etdirib. 2004-cü ildən "Qarabağ", "Abşeron" və "Neftçi" komandalarında məşqçi kimi çalışıb. Hazırda, Neftçi PFK-da ikinci məşqçi işləyir. Qızıl gümüş, bürünc medalların və ölkə kubokunun sahibi olub. Özbəkistan Poltexnik İnstitutunun məzunudur. Ailəlidir, iki qızı, bir oğlu var. -Karyeranızın ən gözəl çağları müharibə dövrünə təsadüf edib. Bu bir idmançı üçün nə deməkdir? -Müharibə dövründə nəinki  futbol, bütün peşə sahələrində işləmək çox çətindir. Hamı işləyə bilməz... əgər ürəyində öz peşəsinə, təmsil elədiyi quruma və vətəninə sevgi yoxdursa, məsələ lap qəlizləşir. Mən uşaq olanda məktəbdən gələn kimi qaçırdım küçəyə futbol oynamağa. Hətta elə olurdu ki, qonşu məhəllələrdən yarışa gəlirdilər heç məktəbli çantamı evə aparmağa macal tapa bilmirdim. Birdən də bizim məhəllə qonşu məhəlləyə yarışa gedirdi, dəstədən geri qalmamaq üçün məktəbdən qaçmağa məcbur olurdum. Məhəlləmizin uduzmaması üçün dəfələrlə ciddi zədələr almışam. Buna görə məni evdən çox danlayırdılar. Amma xeyri olmurdu, yaramın sarğısı açılmamış yenə futbola qaçırdım.. Bax beləcə, həm futbol bacarığım, həm də təmsil etdiyim ərazi böyüməyə başladı. Bir də gözümü açdım ki, əvvəllər küçəsində top qovaraq bir məhəlləsinin təmsil etdiyim şəhərin “İmarət”ində indi "2" nömrəli forma geyinərək bütöv şəhərimi-Ağdamı, Qarabağı təmsil edirəm. Əvvəllər mənə 5-10 nəfər baxırdısa, indi 5-10 min nəfər çılğın ağdamlı baxır. Bir sözlə, məni küçələrdən xalqın qəlbinə daşıyan peşəni bir müharibəyə görə ata bilməzdim. Heç vaxt da belə bir fikrim olmayıb. Ağdamlı balasıyam, ən çox şəhid verən rayonun oğluyam. Əgər bir erməni dığalarına görə futbolu atsaydım, elə bilərdim ki, Ağdama və ağdamlılara xəyanət etmişəm. -İmarət, Ağdam şəhərini təmsil edən komanda və Səttar Əliyev. Bu üçbucağın mahiyyəti Sizin üçün nə demək idi? Öncə sənə imarət haqda məlumat verim ki, orada olan ot örtüyü və o örtüyün üzərinə çıxarkən insanda yaranan əzmkarlıq hazırda Avropanın heç bir öndəgedən komandasında ola bilməzdı. Imarət bambaşqa bir yer idi... (gözləri yaşarsa da, bunu gizləməyə çalışır. Xəyal dəryasında kiçik balıqçı gəmisi kimi qeybə çəkilir) Oranın ot örtüyü təbii otdan idi. Amma o çayır otları o qədər sıx və səliqəli bitmişdi ki, insan az qalırdı üzərinə çıxanda butsini çıxara. Orada oynamamaq, mübarizə aparmamaq üçün heç bir bəhanə yox idi. Təsəvvür edin ki, bu saydıqlarımla yanaşı, on minə yaxın azərkeşin dəstəyi insanı qələbədən qələbəyə daşıyırdı. Düşünürdük ki, əgər uduzsaq, bu  millətin üzünə necə baxarıq?! O ki qaldı mənim "İmarət"də futbol oynamağıma və Ağdam şəhərini təmsil etməyimə, bu, mənim karyeramın pik nöktəsi idi. O zaman daha böyük arzum yox idi.  -Müharibə gedən bir şəhərin stadionunda futbol oynamaq komandanın fəaliyyətində hansı məhdudiyyətlər yaradırdı? -Bizim üçün heç bir məhdudiyyət gətirmədi. Əksinə, özümüzü meydançada bir əsgər hesab edirdik. Düşünürdük ki, biz də Ağdam uğrunda belə vuruşuruq. Ancaq 92-ci ildən sonra bir çox komandalar şəhərimizə gəlməyə etiraz edirdi. Bax bu da bizə psixoloji təsir edirdi. Oyuna gələn qonaq komanda qarşısında özümüzü borclu hesab edirdik. Düşünürsüz, bu nə deməkdi?! Həm şəhərin üçün mübarizə aparmalısan, həm də məğlub edəcəyin komandaya hörmət etməlisən. Idmançı üçün bundan çətin bir şey ola bilməz. Elə oyunlarınız olubmu ki, oyun gedə-gedə meydançaya və ya şəhərə mərmi düşsün? Müharibə başlayandan sonra şəhərə mərmi tez-tez düşürdü. Elə olurdu ki, bir vacib oyun sırasında şəhərə mərmi düşürdü. Ağlımız-fikrimiz qalırdı evdəkilərin yanında ki, görəsən, kimə nə oldu?! Səhv etmirəmsə, birinci dəfə “Kəpəz” (Gəncə) oyununda, ikinci dəfə “İnşaatçı” (Bakı) oyununda oyun yarıda saxlanıldı. Əslində bizim üçün adı hal idi. Hətta elə olub ki, oyundan çıxandan sonra eşitmişəm ki, qonşumuzun evinə "Qrad" mərmisi düşüb. -Bəs müharibə dövründə meydançaya gələn azarkeşlərin sayı azalmışdımı? -Yox, o qədər də azalmamışdı. Daimi fanatlarımızdan post növbəsində olanları olurdu, vəssalam. Ağdam camaatı, rayon ictimaiyyəti heç vaxt bizi meydançada tək qoymayıb. Post növbəsində olan fanatlarımıza qələbə xəbərini özümüz aparırdıq. Oyun bitən kimi onların yanına gedirdik. Oyunu onlara danışırdıq. Onlar bizə dəstək olduqları kimi, biz də onlara dəstək olurduq. -Bəs komandadan ayrılıb orduya yazılmaq qərarınız olubmu? Bəli, bir dəfə Mahir Əliyev, Elçin Xudadatov və mən getdik rəhmətlik Fred Asifin yanına ki, bizi orduya yaz. O da qəbul etmədi. Dedi ki, siz kifayyət qədər orduya kömək edirsiniz. Biz döyüşdən gəlib sizin oyununuzla dincəlirik, bizi ruhlandırırsınız. Bilirsinizmi biz səngərdən sizin qələbə sədanızı alanda nə qədər güclənirik? Gedin meydançaya orada sizin səngərinizdir. əgər ehtiyac olsa, mütləq çağıracam. Ikinci dünya müharibəsində də idmançıları ən sonda çağırıblar dedi. Amma buna baxmayaraq, biz daim səngərlərə gedir, döyüşçülərin yanında olurduq. Elə olurdu ki, məşqləri dayandırıb ağır çəkili mərmiləri maşınlara yükləməkdə əsgərlərimizə kömək edirdik. Dəfələrlə şəxsən özüm döyüş vertolyotunun mərmilərini yükləmişəm. Bir dəfə xəbər gəldi ki, xeyli sayda yaralı var. Kömək lazımdır. Şəhər çamaatı hamısı köməyə getmək istəyirdi. Bir təcili yardım maşını dayandı. Qaçıb qapısını açdım. Camaat məni necə itələyib maşına doldusa, mənə yer olmadı. Özüm özümə pis oldum ki, necə olur bu qapını hamıdan qabaq mən açdım amma maşına minə bilmədim. Eləcə gözüm qaldı maşında, o da bir az getmişdi ki, tank əleyhinə minaya düşüb partladı. O maşından sadəcə sürücü salamat qalmışdı onunda iki qılçı kəsildi. -Bəs o vaxtlar komandada maddi vəziyyət nə yerdə idi, maaş alırdınız? -Maddi vəziyyətimiz çox da yaxşı deyildi. Imkanı olan şəhər sakinləri komandaya pul verirdi, biz də o pulları komandamızda Ağdamlı olmayan az sayda futbolçulara verirdik ki, komandanı tərk etməsinlər. Heç olmazsa, cempionat bitənə qədər oynayaq.   Bax, bu yolla, bu çətinliklə biz "Qarabağ"ı saxlaya bildik. Dəfələrlə pul ücbatından dağılma təhlükəsi ilə də üz-üzə qaldıq. Komanda olaraq köçkün həyatı yaşadıq. Amma komandamızı tərk etmədik. -Köçkün həyatı demişkən, komandanın o illər hansı çətin sınaqlardan keçdiniz? Ağdamda qızğın döyüşlər gedirdi, şəhərətrafı kəndlər ermənilər tərəfindən işğal edilirdi. Onda biz də Mingəcevirdə, Salyanda, nə bilim orda-burda qala-qala oyunları dayandırmadıq. Elə günlərimiz oldu ki, oyuna bir saat qalana yaxın zorla 11 nəfər toplayıb meydançaya çıxdıq. Yaxşı yadımdadır, Kəpəzlə oyuna çıxırdıq uşaqlar hamısı ac idi. Gənclikdəki "Çempion" mağazasında toplanmalı idik. Oyuna bir saat qalanda birtəhər qəpik-quruş toplayıb hərəyə bir peraşki alıb yedik. Sonra da gedib respublika stadionunda Kəpəzlə heç-heçə oynadıq. Həmin ili çempion olduq.Çempionluq oyunumuzu heç vaxt unutmayacam... Meydançaya çıxdıq, komandada hamıdan Ağdam qoxusu gəlirdi. Elə bilirdik ki, bu bizim komandada son oyunumuzdur. Kapitan mən idim. Uşaqların hamısına ürək-dirək verirdim. Elə bil döyüş meydanına girəcəkdik. Lap özümü batmaqda olan bir gəminin kapitanı kimi hiss edirdim. Meydana çıxdıq final oyunun ilk fiti çalındı. Meydançada açıq üstünlüyümüz var idi. Birdən diktor elan verdi “final oynayan Qarabağ komandasının təmsil etdiyi Ağdam şəhəri bu dəqiqələrdə ermənilər tərəfindən işğal edilib”. Elə bil respublika stadionu üstümə uçdu. Göz yaşlarımı saxlaya bilmirdim. Bütün üşaqlar oyunu ağlaya-ağlaya oynadı. Oyunun başa çatmasını bildirən fit çalındı. Biz ölkə cempionu idik. Amma cempionluğumuza sevinə bilmirdik. Fikirləş ki, illər boyu cempionluq uğrunda mübarizə apar, cempion ol amma sevinə bilmə... -Bəs işğaldan sonra rayon rəsmilərindən kömək görürdünüzmü? -Bəli, kömək edənlər olurdu. Istər Ağdamın vəzifəli şəxsləri, istərsə də imkanlı səxsləri... Bunların içərisində Həsən Sarıyevi xüsusi qeyd etmək olar. "Qarabağ" komandasının dağılmaması üçün apardığımız mübarizədə onun böyük rolu olub. Həsən müəllim həmişə bizim yanımızda idi. Dəfələrlə bizə qıraq komandalar ev, maşın təklif edirdi ki, artıq "Qarabağ" dağılır, gəl bizim komandada oyna. Biz heç vaxt qəbul etmədik. Çünki bu Ağdama, Ağdam şəhidlərinə bizimlə əziyyət çəkən ağdamlılara xəyanət olardı. Elə olub ki, Bakıda çamadanla pul və maşından imtina etmişəm. Amma Bakıdan Ağcabədiyə ailəmi görməyə gəlmək üçün yol pulum olmayıb. İndi Allaha şükür ki, Qarabağ komandası Avropada sözün deyən komandalar sırasındadır. Indi onlara baxanda keçmiş əziyyətlərim, komanda üzərində olan zəhmətim yadımdan çıxır. Ən azı, doğulduğum şəhərin adını Avropaya daşıyırlar. -Qarabağ komandasından razısınızmı? "Qarabağ" komandasında 20 il oynamışam və komandanın ən çox kapitan bandını daşıyan futbolçusuyam. Hazırda, bu rekordumu təzələyən yoxdur. Komandanın vəziyyəti tam düzəlmişdi mən "Qarabağ" komandasının heyətində 2004-cü ildə futbolla vidalaşdım. Rəhbərlik məni əsil qəhrəman kimi yola saldı. Dövlət televiziyası ilə canlı yayımlanan vida oyunum oldu. Mənə pul və maşın hədiyyə etdilər. Bir şeyi qeyd edim ki, hazırda Neftçi klubundan olmağıma baxmayaraq, haçan eşitsəm ki, "Qarabağ" komandasının sponsoru yoxdur mən "Qarabağ"da pulsuz işləməyə hazıram. Mən heç vaxt "Qarabağ"dan narazı olmaram.. -Bəs hazırda ən böyük arzunuz nədir? Oğlum Kamran "Qarabağ" komandasının aşağı yaş qurupunda oynayır. Özü də, mənim kimi 2 nömrəli formada. Ən böyük arzum odur ki, mənim rekordumu oğlum Kamran təzələsin. Həm də bu rekord İmarətdə qeydə alınsın. Elgün Gəncimsoy





Həftənin ən çox oxunanları