Yuxarı

AMEA-nın ləğvi  alimləri üz-üzə qoydu

AMEA-nın ləğvi  alimləri üz-üzə qoydu

[caption id="attachment_1970" align="alignleft" width="286"]Ejder Agayev Əjdər Ağayev: “Məsələyə bu cür yanaşma səviyyəsizlik və savadsızlıqdır”[/caption]

Sabiq deputat, uzun müddət parlamentdə Elm və Təhsil komitəsinə rəhbərlik etmiş professor Şahlar Əsgərov “modern.az”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının ləğv edilməsi haqda fikir irəli sürərək bu qurumun sovet rejiminin məntiqinə uyğun olan bir qurum olduğunu və hazırda bu quruma ehtiyac olmadığını bildirib. Sabiq deputatın AMEA-nın ləğvi təklifi bir qrup alimlər və ziyalılar tərəfindən narazılığa səbəb olub.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev də akademiyanın ləğvi ilə bağlı təklifi etirazla qarşılayıb.

O, “Cümhuriyət” qəzetinə açıqlamasında uzun müddət ömrünü Təhsil Nazirliyinin tabeliyində olan Elmi Tədqiqat İnistutunda keçirdiyini deyib: “SSRİ Pedaqoji Elmlər Akademiyası ilə sıx əlaqədə olmuşuq. Pedaqogika və psixologiya elmləri o zaman mərkəzdə idi. Bu gün də mən Rusiyada fəaliyyət göstərən Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvüyəm. Ordakı akademiya üzvlərinin də nə iş gördüyünü bilirəm, AMEA-nın da indiyə qədər nə iş gördüyünü və bu gün də hansı təşəbbüslərə qol çəkdiyini, hansı islahatlar apardığına bələdəm. Akademiyanın ləğv olunması barədə səslənən fikirlərin tamamiləəleyhinəyəm. Bu təklifi irəli sürən adamları nabələd hesab edirəm. Bu insanların elmi tədqiqat işindən, fundamental, praktik tədqiqatlardan, ideya nəzəriyyələrin formalaşması məsələlərindən xəbərləri yoxdur. Təəssüf edirəm ki, vaxtı ilə Milli Məclisdə oturan o cənab, Milli Elmlər Akademiyasının buraxılması fikirini irəli sürüb. Bu, mümkün deyil. Azərbaycan Ali məktəblərində dərs deyən alimlər çoxlu maraqlı tədqiqatlar aparmış, müəyyən təkliflər və ixtiralar ediblər. Bu gün də universitetlərdə xeyli tədqiqatçı alim çalışır. Bu lazımdır, çünki onların əldə etdiyi nailiyyətlər öz vasitələri ilə tələbələrə ötürülür. Akademiya fundamental tədqiqatların ürəyidir, özəyidir. AMEA-nın Yusif Məmmədəliyev kimi alimin ixtira etdiyi yüksək oktanlı benzinlə Faşist Almaniyası üzərində SSRİ-nin qələbəsini təmin edən amillərdən biri oldu. Akademiyanın yetirmələrini sadalamaq istəmirəm. Onların sayı bir deyil, iki deyil. Buna görə də akedimiyanın müasir texnaologiyaları institutlarını artırmaq, maddi bazasını gücləndirmək lazımdır”.

Əjdər Ağayev kadr məsələsinə də fikir bildirib: “Guya AMEA-nın kadrları elmi tədqiqatlar aparmır. Deyərdim ki, onların xəbəri yoxdur, düz demirlər. Onlar çox iş görürlər. Ali məktəblərdəki ixtiralar da akademiyada qəbul olunub sertifikat verilir, bundan sonra dünyaya çıxır. Belə fikirlərə təəccüb edirəm. Əksinə, bizim bu gün dünyaya çıxışımızda iqtisadi inkişafla yanaşı, elmi də qaldırmaq lazımdır.

Elmi qaldıran mənbə akademiyadır. Üzvlər müxtəlifdir. O adamları narahat edən nazirliklərin elmi tədqiqat institutlarında işləyən adamlardır. Rəqəm deyə bilmərəm, amma onu bilirəm ki, o adamların xeyli qismi kimlərinsə xahişi ilə qəbul olunub. Bir şöbədə 10 adam oturubsa, onun 2-si elmi işlə məşğuldur, 8-i gün keçirir. Kadrların yerləşdirilməsi, akkretasiyadan keçirilməsi, uyğunluğunun müəyyənləşdirilməsinə qətiyyətlə yanaşma varsa, bu, yaxşıdır. Mən bunun tərəfdarıyam. Zəif kadrın arxasında kimlərsə dayanırsa, inistitutu niyə ləğv etmək lazımdır? Əksinə, akademiyanı gücləndirmək lazımdır.

Guya bəzi Avropa ölkələrində Elmlər Akademiyası yoxdur. Bu fikir də yanlışdır. Bəzi akademiklərimiz var ki, onlar İngiltərə, Amerika akademiyasının üzvüdür. Bunların formatı fərqlidir. Biz Con deyilik. Xaricdə çox şeylər var ki, bizə tam yararsızdır. Nəyə görə gözüyumulu xariclə bəhs etməliyik? Məgər biz xaricdəkilər qədər əmək haqqı alırıq? Məgər biz xaricin keçdiyi neçə yüzillik yolu keçmişik? Xaricə bu qədər aludə olmağı səviyyəsizlik və savadsılıq hesab edirəm. Məsələyə obyektiv yanaşmaq üçün fikir bildirdiyin məsələnin dərinliyinə varmaq lazımdır. Nəticəliliyi, faydalılığı meydana çıxarmaq lazımdır”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları