Yuxarı

Ev bazarı çökür?

Ev bazarı çökür?

ev bazari

Evlər ucuzlaşır, müştərilər Bakını tərk edir

Son aylar mənzil bazarında hiss ediləcək dərəcədə ucuzlaşma ilin sonuna doğru davam edir. Satışa çıxarılan mənzillərin sayı artsa da, alıcı qıtlığı var. Eskpertlərin mənzil almaq üçün münasib zamanın olduğunu bildirmələrinə rəğmən, potensial alıcılar bir az daha gözləməyə üstünlük verirlər. Müşahidələr göstərir ki, paytaxt Bakıda mənizllərdə 20, bəzən hətta 30 faizlik ucuzlaşma var. Ancaq buna baxmayaraq, alıcı tapmaq heç də hər kəsə nəsib olmur.

Pulu olmayan üçün 40 min də çoxdur, 4 min də

Ev alqı-satqısı ilə məşğul olan Rizvan Cabbarovun sözlərinə görə, bu işlə məşğul olduğu son 12 ildə bu qədər ucuzlaşma görməyib: “Əlimizdə 17 satılıq ev var. Şəhərin mərkəzindən tutmuş Əhmədliyə qədər ən müxtəlif ərazilərdə yerləşir. Əvvəl 1 otaqlı təmirli mənzil üçün ən azı 55-60 min istəyirdilər. İndi hətta 48 minə də razılaşanlar var, amma alıcı tapmaq olmur. Elə vəziyyət yaranıb ki, bir alıcı görəndə onu nə yolla olursa-olsun, razı salmağa çalışırıq. Çünki bizim də çörəyimiz bundan çıxır. Amma müştəri tapılmır. Hamı eşidir ki, evlər uzuşlaşır, gəlib maraqlanırlar. Aralarında yeni evlilər də var, 20 ilin ailəliləri də. Hamı evsizlikdən şikayətlənir, amma heç kəsdə ev alacaq qədər pul yoxdur. Pulu olanlar əvvəllər alıb, indi az-çox pulu olanların 2-3 yerdə evləri var, pulu olmayanlar üçünsə 40 min də çoxdur, 4 min də”.

“Rusiyadakı böhran bazarı öldürdü”

Evlərin qiymətini ucuzlaşmasının xüsusilə Rusiya amili ilə əlaqələndirən həmsöhbətimizin sözlərinə görə, bazarda əvvəllər əsas alıcılar məhz Rusiyada işləyən soydaşlarımz olub: “Elə ailə var ki, onun 2 oğluna, bir qızına mən ev satmışam. Yəni daimi müştərim olub. Ev bazarında daimi müştəri bir az normal səslənmir, çünki insan evi həyatı boyunca bir , uzağı 2 dəfə alır. Amma bu ailə bütün övladları üçün evi məndən almışdı. Rusiyada qazanırdılar, gəlib burda ev alırdılar. Həm sərmayə kimi, həm də gələcəkdə yaşamaq üçün. 4 ildə 3 nəfərə ev alacaq qədər yaxşı qazanmışdılar. İndi də həmin ailə ilə əlaqəm var. İndi nəinki ev almaq, hətta adi normal dolanışıq üçün də pul qazana bilmədiklərini deyirlər. Rusiyada iqtisadi böhrandır, həm də miqrasiya qanunları sərtləşdirilib. İş yerlərinin çoxu bağlanıb, qiymətlər qalxır, dollar da bahalaşır. Buna görə də orda pul qazanıb Bakıda ev almaq istəyənlərin də sayı azalır. Amma əksinə, orda qazandığı pulla burda ev alan elələri var ki, indi o aldıqları mənzilləri satışa çıxarır. Bu da qiymətlərə təsir edir. Rusiyadakı böhran bazarı öldürdü”.

Türkiyə potensial alıcıları “alır”

Rizvan Cabbarov onu da qeyd edib ki, ev bazarında durğunluğun bir səbəbi də atıq daşınmaz əmlakın sərmayə rolunu oynamamasıdır. Başqa sözlə desək, sərmayə yatıracaq qədər pulu olan şəxs bunu evə yatırmır: “Əvvəllər real müştərilərim vardı, əllərindəki pulu evə yatırırdılar. Gələcəyinin təminatı kimi. Amma indi belə müştəri yoxdur. Çünki indi alacağı evi bir il sonra aldığı qiymətə sata biləcəyini düşünmür. Deyirlər ki, Amerika Rusiyanı iqtisadi cəhətdən diz çökdürəcək, dünyada da neft ucuzlaşır, bunların müqabilində Azərbaycanda da evlərin qiymətində ucuzlaşma olacaq. Buna görə də indi 100 min manatı evə verməkdənsə daha çox Türkiyədə daşınmaz əmlak almağa maraq göstərirlər. Çünki orda şərtlər daha sərfəlidir. Məsələn, 100 minə İstanbulda çox yaxşı şəraiti olan 3 otaqlı mənzil alır. Mənzili aldığı şirkət müştəriyə xidmət edir, bütün sənədləşmə işlərini həll edir, hətta evin kirayə verilməsinə də kömək edir. Yəni müştəri həm ev alır, həm də onun sənədləşdirmə işləri üçün ora-bura qaçmaqdan yorulmur, üstəlik də yaşamadığı  evdən pul qazanır. Çünki evi olduğu təqdirdə orda yaşamaq üçün ona normal şərait də yaradılır, gələcəkdə orda hansısa iş qurub daimi yaşaya da bilər. Buna görə də son zamanlar alıcılıq qabiliyyəti olan az sayda adamlar da Türkiyəyə gedir. Biz də istəyərik ki, ev satıb pul qazanaq. Hərdən heyfsiləndiyimiz zamanlar da olur. Adam var ki, uşağını müalicə etdirmək üçün evini dəyər-dəyməzinə satır. Neynəsin, hardan alsın? Elə evlərə baxanda özüm də heyfsilənirəm. Amma düşünürəm ki, bunun evi var, satıb uşağını müalicəyə aparacaq, bəs evi olmayıb uşağı, ya da özü xəstə olanlar nə etsin? Belə adamlar evi satanda deyirlər ki, müştəriyə evi niyə satdığımızı deməyək. Çünki bizdə düşüncə fərqlidir, hamı deyəcək ki, evdə nəfsi qalıb, məcbur qalıb satıb, almayacaqlar. Buna görə də əsasən müştərilərə ucuzluğun səbəbini “satıb xaricə köçür” deyirik ”.

“Camaatda ev alacaq qədər pul yoxdur”

Gələcəklə bağlı proqnozlarını verən həmsöhbətim heç də ümidli görünmür. Dediyinə görə, ev bazarındakı ucuzlaşmaya baxmayaraq, durğunluq davam edəcək: “İşimlə əlaqədar hər gün xəbərlərə baxıram. Maraqlanıram görüm təzə nə deyirlər. Belə görürəm ki, hələ neçə ay da burda müştəri gözləyə-gözləyə qalacağıq. Camaatda ev alacaq qədər pul yoxdur. Heç olmasa banklar normal şərtlərlə kredit versələr, adamlar ev sahibi olar. Amma bankların da vəziyyəti yaxşı deyil. İpotekaya heç kim ümid bəsləmir, yanıma nə qədər müştəri gəlib, yaxşı yerdə işləyənləri də var. Amma görmədim ki, onlardan biri ipoteka ilə ev alsın. Çünki şərtlər çox ağırdır, ondansa borc-xərc nəğd almaq yaxşıdır. Hələ köhnə evlərə az-çox tələbat var. Hündürmərtəbəli binalarda evlə maraqlanan ümumiyyətlə azalıb. Çünki orda qiymət həm bahadır, həm də insanlar inanmır. O evlərdə kupça yoxdur, hamı düşünür ki, günlərin birində evi söksələr nə edəcək? Bu binaların əksəriyyəti qeydiyyata alınmayıb, ancaq müqavilə ilə satılır, qaz verilmir, hər şey elektrik enerjisi ilədir. Bu da ikiqat ziyandır”.

Ucuzlaşma ilin sonuna qədər davam edəcək

İqtisadçılar da ev bazarındakı durğunluğun davam edəcəyi qənaətindədir. Qiymət ucuzlaşmasının hazırda 18 fazi civarında olduğunu deyən iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, vəziyyət ilin sonuna kimi belə davam edəcək: “Neftin qiymətini dünya bazarında ucuzlaşması ölkəmizdə ev bazarında qiymətlərə ciddi təsir göstərib. İlin sonuna kimi mənzil bazarında ucuzlaşmanın davam edəcəyi proqnozlaşdırılır. Bazardakı durğunluğun bir səbəbi də məhz budur. Alıcılar bir az daha gözləməyə üstünlük verirlər”.

Sevil Ağazadə





Həftənin ən çox oxunanları