Yuxarı

“Yerli icra hakimiyyətləri ləğv edilməldir” - Razi Nurullayev

“Yerli icra hakimiyyətləri ləğv edilməldir” - Razi Nurullayev

razi nurullayev

“İcra başçıları rayonları kolxoz sədrləri kimi idarə edirlər”

Cebhe.info xəbər verir ki, bu sözləri ölkədəki sosial-iqtisadi problemlərdən danışan AXCP sədri Razi Nurullayev deyib. Partiya sədri qeyd edib ki, hazırda ölkə iqtisadiyyatında çox ciddi problemlər mövcuddur:

“Düzdür, dövlət başçısı bu problemlərin həlli istiqamətində bəzi addımlar atır.  Gömrük qaydalarında sadələşdirmələr aparıldı, bəzi nazirliklərin səlahiyyətləri əlindən alındı, nazir istefaya göndərildi, bələdiyyələrin torpaq satışına qadağa qoyuldu, Vergilər Nazirliyində həbslər həyata keçirildi, vergi yoxlamaları məhdudlaşdırıldı. Lakin bütün bunların fonunda birbaşa problemin həllinə gedən yol görünmür. Çünki iqtisadi problemlərin kökündə siyasi problemlər dayanır. İqtisadi problemlərin həlli üçün öncə siyasi problemlər həll olunmalıdır. Bunun üçün bu gün biz çalışırıq ki, müxalifətdə təmizləmələr aparaq, yeni, müasir fikirli, perspektivli, potensiallı gənclərin önünü açaq. Müxalifət güclü olarsa, o zaman hakimiyyət də ehtiyatlı davranmağa, hər addımını ölçüb-biçməyə məcbur olar, müxalifətlə hesablaşar. Lakin uğur əldə etmək üçün müxalifətdə yenilənmələr kifayət deyil. İqtidar da öz tərkibində ciddi təmizləmələr aparmalıdır. Nazirliklərdə, Milli Məclisdə, Prezident Aparatında köklü dəyişikliklər edilməlidir. Xaricdə təhsil alan savadlı gənclərə görəv verilməli, onlar vəzifəyə gətirilməlidir”.

Region əhalisinin sosial durumunun ağır olduğuna diqqəti çəkən R. Nurullayev problemlərin həlli üçün yerli icra orqanlarının ləğv edilməsinin vacibliyini vurğulayıb: “Regionlarda durum heç də ürəkaçan deyil. Əhali ciddi sosial-iqtisadi problemlərlə çarpışır. Bu problemlərin də kökündə icra başçıları durur. Onlar rayonları kolxoz sədrləri kimi idarə edirlər. Prezident öz konstitusion səlahiyyətlərindən istifadə edərək, bütün icra başçılarını kütləvi istefaya göndərməlidir. Onların yerinə işgüzar, xaricdə təhsil almış, müasir fikirli gənclər gətirilməlidir. İslahatın növbəti dalğası kimi isə yerli icra hakimiyyəti orqanları ləğv edilməli, həmin gənclər isə yerlərdə prezidentin səlahiyyətli nümayəndələri kimi saxlanılmalıdır. İcra hakimiyyətlərinin səlahiyyətləri isə bələdiyyələrə verilməlidir”.





Həftənin ən çox oxunanları