Yuxarı

Yeddi gün cəhənnəmdə...

Yeddi gün cəhənnəmdə...

7gunƏləkbərov Xasay Surxay oğlu... O, 1950-ci ildə Bərdə rayonunun Qullar kəndində fəhlə ailəsində anadan olub. 1958-ci ildə Qullar kənd orta məktəbinin birinci sinifinə gedib. O, 1968-ci ildə həmin məktəbi kafi qiymətlərlə bitirib. Sonralar həqiqi hərbi xidmətə yollanıb. Döndükdən sonra Bərdə Subartezian Quyularının İstismarı İdarəsində sürücü kimi əmək fəaliyyətinə başlayıb. 1972-ci ildə, özünün dediyi kimi, bir könüldən min könülə aşiq olduğu Maya adlı qızla- doğma rayonun Bala Qəcər kəndindən Ələkbərova Maya Yusif qlzl ilə ailə qurub. 3 övlad böyüdüblər. Hazırda 5 nəvəsi var.

1988-ci ildə Ermənista-Azərbaycan Dağlıq Qarabağ munaqişəsi başlayandan sonra Xasay Ələkbərova verilən tapşırıqlar onun həyatını dəfələrlə riskə atır. Belə ki, sürücü Ələkbərov Bərdə şəhərindən Naxçıvan Muxtar Respublikasına Artezan nasosları və digər artezan qurğuları daşımaqla məşğul imiş. O, Sovetlər dönəmində yük maşını ilə apardığı qurğuları Qazaxdan Ermənistan ərazisinə, oradanda Naxçıvana keçməklə daşıyırmış. Qarabağ münaqişəsi başalayandan sonra Bərdədən Ağdam, Ağdərə, Füzuli rayonlarından keçməklə Zəngilan rayonuna gələn sürücü rayonun Mincivan Dəmir Yolu Stansiyasından Naxçıvana qədər yük qatarı ilə hərəkət edirmiş: Mincivan stansiyasında maşınlarımızı qatara yükləyib özümüz də otururduq kabinədə. Cəmi 60 km yol gedib Naxçıvana çatırdıq. Amma münaqişə şiddətləndikcə, erməni hərbiçilər bizi incidirdilər. Bilərəkdən qatarı ləngidirdilər. Elə olurdu ki, 10 saata yaxın Ermənistan ərazisində qalmalı olurduq. Əlisilahlı erməni hərbiçilərin yanında rus zabitlər də olurdu. Ruslar bizə silah göstərib hədə-qorxu gələn erməni hərbiçilərinə heç nə demirdi. Minbir əziyyətlə Naxçıvana keçə bilirdik. 5-10 gün ərzində işlərimizi bitirib yenə həmin istiqamətlə geri dönürdük. Qayıdanda da eyni hallarla qarşılaşırdıq. Özü də, hər səfərdə daha çox təzyiqə məruz qalırdıq”.

Naxçıvana İrandan da keçməyin mümkün olduğunu xatırladıram.Deyir ki, bunu bilirdik, amma... Ammasını belə ifadə edir: “Bizim hökumət dəfələrlə farslara müraciət etmişdi, onlar razılıq verməmişdilər. Biz də məcbur qalıb rusun araçılığı ilə bu yoldan istifadə edirdik. Əgər İran hökuməti bizə icazə versəydi, niyə o əziyyəti çəkirdik ki?..”

Dəfələrlə gözünün önündə iş yoldaşlarının erməni hərbiçilər tərəfindən döyülməsinə, təhqir edilməsinə, hətta bu halın özünün də başına gəlməsinə baxmayaraq, o, dövlət tapşırığının heç birinə "yox" deməyib. Hər tapşırığın öhdəsindən layiqincə gəlib. Deyir ki, hərə bir sahədə dövlətinə, millətinə xidmət etməlidir: "O zaman da mənim öhdəmə bu iş düşürdü. Mən də bunu edirdim. Hər səfərdən sağ salamat ailəmin yanına dönəndə allah şükür edirdim ki, dövlətimin bir tapşırığını da yerinə yetirdim."

Xasay Ələkbərov gələcəkdə onu nələrin gözlədiyindən xəbərsiz idi. Bilməzdi ki, növbəti tapşırığı yerinə yetirəndə onu, bəlkə də ömrünün ən acı, ən unudulmaz işgəncələrlə dolu 7 gün gözləyir. Müəssə tərəfindən yeni göndəriş əmri alır. Özü də, yenə Naxçıvana: “1990-cı ilin sentyabr ayının 5-i idi. Bərdədən yola düşdüm. Əvvəlki səfərlərimdən fərqli olaraq, bu dəfə tək getməli idim. Elə həmin tarixdəcə Mincivan Dəmir Yolu Stansiyasına çatdım və oradan yola düşdüm. Erməni ərazisi olan Meqridən keçəndə qatarı dəfələrlə saxladırdılar. Bu dəfə qarşılaşdığım mənzərə o birilərdən çox fərqli idi. Həm erməni həm də rus zabitləri, bir sözlə, əlisilahlılar çoxalmışdı. Bizə gah silah göstərir, gah da bıcaqla hədə-qorxu gəlib rişxəndlə gülürdülər. Birtəhər Naxçıvana keçə bildim. Avadanlıqları aparıb lazım olan yerlərə təhvil verdim. Sentyabrın 10-u idi. Səhəri gün Bərdəyə yola düşməliydim. Qaldığım mehmanxanaya tez getdim ki, bir az çox yata bilim, sabah yolu rahat gəlim. Təsadüfən, mehmanxananın dəhlizində bizim idarənin mühəndisi ilə rastlaşdım. Əmirxan müəllimlə... Baxşəliyev Əmirxan. Bərdənin Gərənə kəndindən idi. Idarəmizdə təzə işləyirdi. O Naxçıvana təyyarə ilə gəlibmiş. Söhbət əsnasında mənə bir yerdə qayıtmağımızı təklif elədi. Onun təklifi məni çox sevindirdi. Ən azı bir yol yoldaşım, hayanım olacaq deyə...”

Naxçıvandan yola düşən həmkarlar  sentyabrın 11-də Zəngilana çatırlar. Dəmiryolu stansiyasında maşını yük qatarından düşürüb. Üzü Bərdəyə hərəkət etməyə başlayırlar. Hər ikisi bu dəfə də salamat qurtardıqlarına görə, Allaha şükür edirlər. Amma anlamırlar ki, ömürlərinin işgəncələr dolu dəhşətli günləri onları yolda gözləyir:

“Zəngilandan Qubadlıya sonra da Füzuli rayonuna çatdıq. Füzuli ərazisindən Ağdama getməli idik. Yolumuzun üstündə ermənilərin yaşadığı Çartaz ərazisi vardı ki, biz oranı keçməklə Ağdama girəcəkdik. Orada bir polis postu var idi. Posda yenə erməni və rus hərbiçiləri xidmət aparırdılar. Bizi saxlatdılar. Sənəd tələb etdilər, biz də sənədlərimizlə bərabər ezamiyyət kağızlarımızı da göstərdik. Kim olduğumuzu, hardan gəlib, hara getdiyimizi dedik onlara. Onlar sənədlərimizi qaytarıb. Gülə-gülə xorla “yaxşı yol!” dedilər. Postdan bir az aralaşmışdıq ki, yolun ermənilər tərəfindən çay daşları ilə bağlandığını gördük. Başımızın bəlada olduğunu hiss etmişdim. Çünki erməni və rus zabitlər heç vaxt bizi gülərüzlə yola salmamışdı. Maşını yolu kəşən daş təpəsinin yanından geri qaytarmaq istəyirdim. Birdən yol kənarındakı dərədə gizlənən 200-dən çox erməni qalxaraq üstümüzə hücum çəkdi. Maşını döndərib qaçmağa macal tapa bilmədim. Bizi daşqalaq elədilər, maşının bütün şüşələri sınmışdı. Daş üstümüzə yağış kimi yağırdı. Sir-sifətimiz qan içində idi. Qapıları açıb ikimizi də yerə saldılar. Mühəndisin sifətinə avtomatın qundağı ilə bərk zərbə endirdilər. Onun bütün dişləri sindı. Məni də, əli var olan, yerdə çırpırdı. Alın sümüyüm, burnum, üç qabırğam sınmışdı. Amma bizdən əl çəkmirdilər. Futbol topu kimi təpikləyirdilər. İki dəfə huşumu itirdim, amma hər dəfə də ayılanda hələ döyüldüyümüzü görürdüm. Onların arasında qadın da var idi. Qadınlar amansızlıqda kişilərdən heç də geri qalmırdılar. Axırda, silahlı bir neçə erməni saqqallısı gəldi. Onlar saqqallılardan bərk qorxurdular. Saqqallılar bizi onlardan aldı ki, "bunları pulla satacağıq”.

Sonra hər ikisi ağır travma almış və yarıhuşsuz vəziyyətdə “saqqallıar” tərəfindən Xankəndinə aparılırlar. Orada heç bir müalicə görməyən girovlar erməni polislər və hərbiçilər tərəfindən işgəncələr görərək dindiriliblər. Sonra onları bir neçə saat polis məntəqəsinin kamerasında saxlayırlar. Bir müddət keçdikdən sonra erməni quldur dəstəsinin rəhbərlərindən biri onları polislərdən alaraq UAZ markalı maşınla aparıb avtomobil yolunun altında qoyulmuş iri su borusunun içinə salır. Gecəni orada keçirən Xasay Ələkbərov sonrasını belə xatırlayır: “Sınmış qabırğamın biri onurğa sümüyümün arasına batdığından ifliç kimi olmuşdum, nə yeriyə bilirdim, nə də tərpənə... Məni mühəndisin çiynində daşıtdırırdılar ora-bura. Heç onun da vəziyyəti yaxşı deyildi. Sonradan yanımıza daha iki girov gətirdilər. Onlar müdir və sofer idi. Səhv eləmirəmsə, müdirin adı Əliyev Akif idi. Sürücüsünün adı dəqiq yadımda qalmasa da, onun Ağdamın Gülablı kəndindən olduğu dəqiq yadımdadır. Akif müəllim hansısa rayonda ikinci katib vəzifəsində işləyirdi. Onların da hər ikisini bərk döymüşdülər. Bizə qarovul çəkən ermənilər tez-tez növbələrin dəyişirdilər. Hər yeni növbəyə gələn erməni bizi bərk döyürdü. Bizə  Qarabağın ermənilərin torpağı olduğunu dedirtmək üçün başımıza olmazın oyununu açırdılar. Sonra da yerimzi tez-tez dəyişirdilər. Başa düşdük ki, bizi kimlərdənsə gizləməyə çalışırlar. Artıq 6 gün idi ki oradan-ora, buradan-bura  daşıyırdılar bizi. Gah meşədə, gah çay kənarında, gah da ki, hansısa uçuq sökük binanın içində gizlənirdik. Bax beləcə tam altı gün keçirdik, axırda əlinə keçdiyimiz quldur dəstəsinin başçılarından biri bizə dedi ki, sizi meşənin içində bir yerə aparacağıq. Kənardan snayperimiz sizə nəzarət edəcək, əgər qaçmaq istəsəniz sizi öldürəcəyik. Sizi ordan milis rəisi gəlib aparacaq.

Elə də oldu. Gecə saat 2 radələri olardı. Bir UAZ yaxınlaşdı bizi bir yüksək rütbəli rus zabiti ilə Martuninin polis rəisi götürərək Ağdama təhfil verdilər.

Ağdamda tibbi yardım alıb xeyli müddət dindirilir, sonra isə  evlərinə göndərilirlər. Mühəndis bir müddət sonra qorxudan duçar olduğu xəstəlikdən vəfat edib.

Ərinin girov götürüldüyündən xəbər tutan həyat yoldaşı həyəcandan şəkərli-diabet xəstəliyinə tutulub. O gündən bu günə həmin xəstəlikdən əziyyət çəkir. Hazırda Maya xanım gözünün birini tamam itirib. Digər gözünün görmə qabiliyyəti cəmi 10 faiz təşkil edir.

Müsahibimizin dediyinə görə, hazırda 155 manat təqaüd alır. Onun başına gələn işlər və yaşadığı girovluq həyatını nəzərə alan yoxdur. Aldığı beyin travmaları səbəbindan hazırda başgicəllənmə, daxili beyin təziqindən əziyyət çəkir. Həyat yoldaşının digər gözünün görmə qabiliyyətinin itməməsi üçün isə hər ay 250 manat pul xərcləyir. Ailənin tək gəliri isə 155 manat özünün, xəstəliyə görə isə, xanımının aldığı 100 manatdır. Bir neçə ay əvvələ qədər Xasay kişi Bərdə-Bakı-Bərdə marşrutunda işləyən mikroavtobusda günəmuzd sürücü işləyib. Indi səhhətinin əl verməməsi onu bu qazancdan məhrum edib. Evinin təmiri üçün bankdan götürdüyü krediti artıq üç aydır ki, ödəyə bilmir. Deyir ki, tək əlacı evini satıb bankın borcunu ödməyə qalıb.

Elgün Gəncimsoy





Həftənin ən çox oxunanları