Yuxarı

Ağ dumanda itən uşaqlıq

Ağ dumanda itən uşaqlıq

siqaret

Millət vəkillərinin səlahiyyət müddətinin başa çatmasına sayılı günlər qaldığı bir zamanda məktəblərdə siqaretə qadağa qoyulması ilə bağlı məsələnin qanunla tənzimlənməsi gündəmə gəlib. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini deputat Musa Quliyev bildirib ki, ictimai nəqliyyatdan sonra məktəblərdə də tütünsüz mühit yaratmağın vaxtı çatıb. Deputatın fikrincə, məktəblərdə müəllimlərin siqaret çəkməsini qadağan etmək şagirdlər arasında siqaret istifadəçilərinin də sayının azalmasına təsir göstərəcək: “Məktəb təlim-tərbiyə ocağıdır. Orada hansısa müəllim şagirdlərin gözü qarşısında siqaret çəkirsə, zərərli vərdişi təbliğ etmiş olur. Ona görə də, düşünürəm ki, bu məsələ gələcəkdə Milli Məclisdə müzakirəyə çıxarılmalı, qanuna salınmalıdır”.

Adambaşına düşən siqaret sayına görə... 22-ci yer

Ümumdünya Səhiyyə Təşkilatının hesabatı dünyanın bir sıra ölkələri ilə yanaşı, Azərbaycanda da siqaret istehlakının təhlükəli vəziyyətindən xəbər verir. Belə ki, təşkilatın açıqlamalarına görə, dünyada hər dəqiqə 10 milyon ədəd, hər gün isə 15 milyard ədəd siqaret satılır. Siqaretin alıcıları arasında qadınlar və uşaqların xüsusi çəkisi də artmaqdadır. Azərbaycan tərəfinin razılaşmamasına baxmayaraq, təşkilat ölkəmizdəki durumu heç də yaxşı xarakterizə etmir. Belə ki, təşkilat ölkəmizin siqaret çəkən ölkələr arasında 85-ci, adambaşına düşən siqaretlərin sayına görə isə, 22-ci yerdə olduğunu bildirir. Rəsmi qurumların bu rəqəmlərə etiraz etməsinə baxmayaraq, tütünsüz həyata nail olmaq üçün parlament səviyyəsində bəzi təkliflərin səsləndirilməsi vəziyyətin xoşagəlməz olması ilə razılaşmaqdan başqa çıxış yolu qoymur.

Məktəblərdə siqaretin qadağan edilməsinin qanuniləşdirilməsi təklifinin nə zaman reallaşacağını indidən söyləmək çətindir, hər halda, qanun layihəsi parlamentin yeni tərkibində hazırlanıb müzakirəyə çıxarılacaq. Amma tütünsüz həyatın tərəfdarı olanlar işlək mexanizm olmayacağı təqdirdə bu qanunun da heç bir effekt verməyəcəyinə inanırlar. Təhsil Nazirliyində belə hesab edirlər ki,  müəllimlərin tütün məmulatından istifadəsinin qarşısının inzibati yolla alınması mümkün deyil. Əgər söhbət, təkcə müəllimlərin məktəb binasında və ərazisində siqaretdən istifadə etmələrinə qadağadan gedirsə, bunu çətinliklə də olsa, reallaşdırmaq mümkündür.

Nazirliyin mılumatına görə, məktəblərin Nizamnaməsi ilə müəyyənləşdirilmiş daxili intizam qaydalarında müəllimlərin məktəb binasında və ərazisində siqaretdən istifadə etmələrinə qadağa qoyula bilər: “Bu, pedaqoji cəhətdən düzgün mövqedir, çünki müəllim şagird üçün nümunədir. Həmin məsələ Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli, 600 nömrəli əmri ilə təsdiq edilmiş, “Müəllimlərin etik davranış qaydaları”nda da öz əksini tapıb”.

“Ay uşaq, get mənə bir siqaret al”

Xatırladaq ki, məsələ bir neçə il bundan əvvəl geniş icitmai müzakirəyə çıxarılmışdı. Xüsusilə azyaşlılar arasında zərərli vərdişlərə meylin artması fonunda bu qorxulu tendensiyanın qarşısının alınması üçün şagirdlərin gözü önündə  siqaret çəkən müəllimlərin də qınaq obyektinə çevrilməsi vacib hesab olunurdu. Məhz məsələyə bu prizmadan yanaşma, mətbuatda, televiziyalarda aparılan diskussiyalar sinif otağına daxil olub şagirdinə “Get mənə bir siqaret al” deyən müəllimlərin sayının azalmasına səbəb oldu. Müəllimlər həm məktəb rəhbərliyinin iradları, həm də valideynlərin narazılığı qarşılığında bu adətlərindən əl çəkməli oldular. Şəhər ətrafında yerləşən mağazalardan fərqli olaraq, mərkəzdəki  ticarət obyektlərində 18 yaşı tamam olmamış şəxslərə tütün məmulatlarının satışı qadağasına, məhz cərimələrdən qorxaraq az-çox riayət edənlərin olması da müəllimləri bu əməldən çəkindirən əsas səbəblərdən biri oldu. Amma bütün bunlar o demək deyil ki, məktəblər tütnüsüzdür və siqaret çəkən müəllimlər də, şagirdlər də azdır. Əksinə, belələrinin sayı kifayət qədərdir. Sadəcə, müəllimlər bunu həm şagirdlərin, həm də valideynlərin gözü qarşısında edirlərsə, şagirdlər daha çox bir-birini “siqaretə” qonaq edir. Məktəb həyətlərində müəllim və valideynlərin siqaret çəkməsi adi haldır, əksər məktəb rəhbərləri bundan şikayətçi olsalar da, hər kəsə ayrılıqda nəzarət və təsir imkanına malik deyillər.

Qeyd edək ki, siqaretin satışı ilə bağlı müddəalar  “Tütün və tütün məmulatları haqında” Qanunda öz əksini tapıb. Qanunda tədris, tərbiyə, səhiyyə, mədəniyyət obyektləri yaxınlığında, həmçinin uşaq və yeniyetmələr üçün malların satıldığı yerlərdə və 18 yaşından aşağı şəxslərə siqaret satışı qadağan edilib. İnzibati Xətalar Məcəlləsinə əsasən, “Ticarət və ya ictimai iaşə müəssisələrinin işçiləri tərəfindən etil (yeyinti) spirti və alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə şərti maliyyə vahidinin (şərti maliyyə vahidi 1 manat 10 qəpikdir) on beş mislindən qırx mislinədək miqdarda cərimə edilir. Ancaq qanun öz yerində, ona əməl edilməsi səviyyəsi necədir? Əsas problem qanunların olmamasında yox, olub icra edilməməsindədir.

“20 qəpiyə görə 1000 manat verdim”

Market sahibləri uşaqlara siqaret satılmadığını bildirir və uşaqların bu məqsədlə əsasən, kiçik köşklərə üz tutduğunu deyir. Başqa sözlə desək, dənə ilə satılan siqaretlərin əsas müştərisinin 13-18 yaşlı uşaqlar olduğu vurğulanır. Köşk sahibləri də bunu, əslində, inkar etmirlər. Aydın adlı satıcının dediyinə görə, məktəb uşaqları ilk siqaretini dərsə gedəndə elə yolda çəkir: “Şəxsən mən uşaqlara siqaret satmıram, amma fikir versəniz, görərsiniz ki, köşklərdə siqaretlər dənə ilə satılır və hər kəsin əlinin çata biləcəyi yerdə qoyulur. Uşaqlar heç bizə demədən 20 qəpiyi qoyub bir siqaret götürüb gedirlər. Mənim başım bir dəfə bundan cəncəl çəkib- 1000 manat cərimə ödəməli olmuşam. Amma mən bir şeyi başa düşmürəm- bizim günahımız var, qanunsuzluq edib, uşağa siqaret satmışıq, bu uşağın ata-anası yoxdurmu? Onlar uşaqlarını siqaret çəkdyini görmürlərmi?  Biz satdığımıza görə cəzamızı alırıq, bəs ata-anaları kim cəzalandırır?”

Həmsöhbətimizin “1000 manat cərimə” ifadəsi diqqətimizi çəkir, yuxarıda da qeyd etdiyimiz kimi, qadağanı pozanlar şərti maliyyə vahidinin on beş mislindən qırx mislinədək miqdarda cərimə edilir. Bəs indiki halda niyə 1000 manat? Aydın deyir ki, nəyin cərimə, nəyin qeyri-rəsmi ödəniş olduğunu heç o özü də bilməyib: “Dedilər bu qədər verməlisən, yoxsa köşkü bağlayarıq. Nə edim? Çörəyim burdan çıxır, məcbur qalıb ödədim. 20 qəpiklik siqaret satdım, 1000 manat ödədim. Amma başım daşa dəyməyib, deyəsən, yenə uşaqlar gəlib gözdən yayınıb alırlar”.

Qadın və uşaqları mentalitetlə yox, ziyanla qorxudun

Terapevt Sədaqət Mirzəyevanın sözlərinə görə, siqaret yaşından asılı olmayaraq, hər bir şəxsə mənfi təsir göstərir və orqanizmdə bir çox xəstəliklər yaradır. Bəşəriyyətin qorxulu röyası olan xərçəngin yaranmasının da əsas səbəblərindən biri kimi məhz siqaret göstərilir: “Siqaret bədəndə 20 növdə xərçəng xəstəliyinin yaranmasına təkan verə bilər. Ağ ciyər xərçəngi,qida borusu xərçəngi, tənəffüs yolu xərçəngini yaradan səbəblər arasında siqaret ön sıradadır. Çünki siqaretin tərkibində xərçəng yarada biləcək 50-dən artıq maddənin olduğu  barədə bəzi araşdırmalar var. Siqaretin tərkibindəki nikotin asılılıq yaradan maddədir. Təəssüf ki, biz bunu insanlara təbliğ edib onları siqaretin zərərinə inandıra bilmirik. Məsələn, qadınlar siqaret çəkəndə demirlər ki, ziyandır, çəkmə. Yaxud uşaq siqaret çəkəndə demirlər ki, özünü məhv edirsən, deyirlər ki, atan bilsə, öldürəcək. Halbuki, qadın ana olacaq, dünyaya uşaq gətircək və özü ilə yanaşı, gələcəkdə doğulacaq körpəsini də məhvə sürükləyir. Siqaret çəkən qadına bunu demirlər, əvəzində “Ayıbdır, Azərbaycan qadınına siqaret yaraşmaz” deyirlər. Yəni siqaretin ziyanı qalır bir tərəfdə, milli mentaliteti əllərində bayraq edirlər. Siqaret çəkən qadın onsuz da barəsində deyiləcəkləri gözə alır, ona görə də yaxşı olar ki, ona siqaretin ziyanı barədə danışılsın, nəinki mentalitet dərsi keçilsin. Çünki insan mental dəyərlərlə yaşamaya bilər, amma hər insan sağlam və uzun yaşamaq istəyir”.

1 siqaret = 113 dollar

Qayıdaq siqaretin məktəblərdə qadağan edilməsinə. Əslində, bu təcrübə bir çox dünya ölkələrində var və siqaret çəkənlərin sayının azalmasında əhəmiyyətli rol oynayır. Çünki müəllim şagird üçün həm də bir nümunədir. İnkişaf etmiş ölkələrlə yanaşı, keçmiş SSRİ məkanında da məktəbdə siqaretin qadağan edildiyi ölkələr var.

Məsələn, qonşu Gürcüstanda artıq 2010-cu ildən bu qərar qəbul edilib. Qərara əsasən, ölkə ərazisində orta və ali məktəblərdə, həmçinin uşaq bağçalarında siqaret çəkmək rəsmən qadağan edilib. Gürcüstan parlamentinin qəbul etdiyi qanuna görə, qadağanı pozan şəxs 113 dollar cərimə olunur. Qanun həmçinin məktəb, institut və uşaq bağçalarında, həmçinin bu müəssisələrin yerləşdiyi binaların 50 metr yaxınlığında siqaret satılmasını qadağan edir. Bu qadağanı pozanlar 28 dollar cərimə edilir. Qanuna əməl edilməsinə gəlincə isə, bu barədə fikir birmənalıdır: “Qanun varsa, əməl edilməlidir”.

Deməli, Azərbaycan da qanun qəbul edilməzdən əvvəl həm də qanunun işlək mexanizmi və ən əsası isə qanunu pozmağa imkan verməyəcək düşüncə formalaşdırmaq lazımdır.

Sevil Ağazadə





Həftənin ən çox oxunanları