Yuxarı

Arxeoloqlar pul axtarır

Arxeoloqlar pul axtarır

arxeol

Şəkinin Cəfərabad kəndinin inzibati ərazisində yerləşən, eramızdan əvvəl II-IV əsrlərə aid olan, bir müddət əvvəl qızıl axtaranların dağıtdığı kurqanda təmir-bərpa işləri aparılması üçün maliyyə vəsaitinin ayrılması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə, eləcə də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutuna müraciət olunub.

Bu barədə açıqlamasnı Cebhe.info-ya AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, arxeoloq İntizar Bədəlova verib. Onun sözlərinə görə, bir müddət əvvəl kurqanda qızıl tapmaq məqsədilə naməlum şəxslər tərəfindən aparılan qanunsuz qazıntıdan sonra abidədə müəyyən bərpa işlərinə ehtiyac yaranıb: “Abidədə bərpa işlərinə maliyyə vəsaitinin ayrılması üçün həm Mədəniyyət və Turizm Nazirliyinə, həm də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutuna məlumat vermişik. Gözləyirik ki, hansı qurum maliyyə vəsaiti ayıracaq. Kurqandakı bərpa işlərinə az vəsait kifayət etməyəcək. Kurqanın əhatə dairəsi geniş olduğu üçün bura böyük vəsait tələb olunur. Abidədə ən azı 10 nəfərdən ibarət işçi qrupu və arxeoloqlar çalışacaq. Kurqanın üstünün daşları əllə açılmalıdır ki, abidə tam olaraq görünsün. Daha sonra abidənin əhatəsi genişləndiriləcək. Arxeoloq abidənin kamerasına toxunmamaqla orada ehtiyac olan lazımi işləri görəcək”.

İntizar Bədəlova onu da əlavə edib ki, davamlı yağışların yağması kurqanda görüləcək işləri ləngidir: “Qazıntıdan sonra burada heç bir iş görmək mümkün olmayıb. Yağışın davamlı yağması işləri çətinləşdirib”. Xatırladaq ki, kurqanda naməlum şəxslər oktyabrın 9-u ağır texnika ilə qanunsuz qazıntı işləri aparıb. Kurqanın diametri 12 metrdən çox olan zireh hissəsi dağıdılıb, lakin dəfn çalasına toxunulmayıb. Ehtimal edilir ki, kurqanda qanunsuz qazıntı işləri aparan şəxslər qızıl axtarıblar. Şəkinin Cəfərabad kəndində yerləşən tunc dövrünə aid kurqan dövlət qeydiyyatına alınıb. Bundan əvvəl də qədim tarixi abidədə qızıl axtarmaq məqsədilə qanunsuz qazıntı aparılıb.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları