Yuxarı

Təhsildə yeni era - onlayn təhsil

Təhsildə yeni era - onlayn təhsil

tehsil

Bu təhsil sistemi vasitəsilə fiziki qüsurlu insanlar istədiyi universitetdə oxuya bilir

Texnologiyanın, daha dəqiq ifadə etsək, internetin kəşfi və inkişafı ilə birlikdə təhsil sistemində yeni era başladı,  bir çox yeniliyə imza atan dünya təhsil sistemində onlayn təhsil yarandı. İlk dəfə 1990-cı ildə yaradılan onlayn-distant təhsil sisteminin bu gün dünyada milyonlıarla tələbəsi var. Əslində, distant təhsilin tarixi bir az da əvvələ gedib çıxır, 1800-cü illərdə Amerikada bu sistem poçt yolu ilə mövcud idi, distant təhsil alanlarla təhsil verən poçtla əlaqə saxlayırdı. İlk dəfə Amerikada istifadəyə verilən onlayn təhsil sistemi üçün də xüsusi proqramlar yaradıldı, daha sonra bir çox dünya ölkəsində bu təcrübədən istifadə edilərək onlayn təhsil sistemində inkişaf əldə edildi.

Uzaqdan oxumaq nə deməkdir?

Onlayn təhsil  uzaqdan öyrənmək, oxumaq və məzun olmaq deməkdir. Uzaqdan oxumaq müəllimlə tələbənin eyni yerdə olmadan dərslə məşğul olması deməkdir. Tələbə öz evində internet vasitəsi ilə müəllimindən tapşırıqlar alır, imtahan verir, dərsə cavab verir. Onlayn təhsil sərhəd tanımadan dünyada milyonlarla tələbəyə təhsil verir. Hər il bu təhsil sisteminə müraciət edənlərin sayı artır, hər il daha çox dünya universiteti distant təhsil şöbəsi yaradır. İş saatları çox olan və bu səbəbdən təhsilə vaxtı qalmayan, fiziki problemləri səbəbindən evdən çıxa bilməyən, eləcə də xaricdə oxumaq həvəsində olan insanlar üçün bu imkanlar ideal bir seçimdir. Siz evinizdə oturaraq bu səhsil sistemi ilə diplom ala, hətta müdafiə edərək elmi dərəcələrə sahib ola bilərsiniz. Bunun üçün sizə bir kompüter və sadəcə internet lazımdır. Hər nə qədər müəllimlə tələbə arasında minlərlə kilometr məsafə olsa da onlayn dərslər kifayət qədər uğurlu olur. Bunu onlayn təhsilin tələbələrinin imtahandakı nəticələri də təsdiq edir.

Onlayn təhsil həm də təhsil haqqının az olması, kənar xərclər - nəqliyyat, yemək, geyim xərclərindən azad olmaq deməkdir. Onlayın təhsil üçün sizə lazım olacaq bir neçə kitabla baş tutur, bir çox onlayn təhsil universitetləri tələbəsini bu kitablarla özü təmin edir. Beləliklə, universitetlər sərhəd tanımayan bu sistemlə təhsilini daha çox insanla bölüşərək, onları diplomla təmin edir.

Onlayn təhsil alanların sayı artır

Araşdırmalara görə, onlayn təhsil sistemi yarandıqda bu sistem ilə öyrətmək, öyrənmək və başqalarını da cəlb etmək faizi hazırkı göstəricilərlə ciddi nisbətdə fəqlənir. Əgər 90-cı illərdə onlayn təhsil sisteminə maraq 5 faiz idisə, indi bu rəqəm ölkəsindən asılı olaraq 30-50-75%-lik nisbətlərə malikdir.  Onlayn təhsilin üstünlüklərini sadalasaq, bura daha az zamanda təhsil, daha az təhsil xərci, daha çox tələbə, daha çox təhsil fürsəti, daha çox məlumat ötürmə və yaymaq imkanı, daha asan və sürətli münasibət, daha çox öyrənmək və öyrətmək kimi imkanları daxil edə bilərik. Həm tələbənin, həm universitetin, həm müəllimin - ümumilikdə təhsil sisteminin uğuru olan uzaqdan öyrənmək insanlara vaxt baxımından çox sərf edir. Dünyada onlayn təhsil sisteminə 100-dən artıq proqramı ilə London Universiteti liderlik edir. İkinci yerdə Cənubi Afrika universiteti, üçüncü pillədə isə  Feniks universiteti yer alır.  Texas Universiteti, Cənubi Avstraliya Universiteti,  Cənubi Kvinslend, Merilend Universitetləri sonrakı pillələrdə yer alır.

Azərbaycanlı tələbələrin distant təhsili

Ölkəmizdə oxumaq arzusu olan tələbələrin əksəriyyəti 2009-cu ildən Azərbaycandan tələbə qəbul edən Anadolu Universitetini seçir. Əvvəllər 5 ixtisas üzrə distant təhsil verən Anadolu universiteti indi bu sayı 11-ə çatdırıb. Hazırda ölkəmizdən 2000 nəfər bu universitetdə birinci və ya ikinci təhsilini alır, bir qismi isə paralel təhsil almaqdadır. Anadolu Universitetinin Azərbaycan rəhbəri Azər Hətəmovun sözlərinə görə, hazırda bu universitetin tələbələrinin sayı 2 milyonu keçib: “Türkiyənin Anadolu Dövlət Universiteti Türkiyə və 30-dan çox ölkədə distant formada təhsil verir. Tələbə sayına görə, dünyanın meqa universitetlərindən biridir - 2.4 milyon. Distant təhsil sahəsində zəngin təcrübəyə malik olan universitet, tələbələrinə öz tədris proqramlarını əsasən internet üzərindən həyata keçirir”.

Gələcək onlayn təhsillə qurulur

Əslində, təhsil və gələcək dövrümüzün ən vacib iki məsələsidir. Təhsil özü də gələcək deməkdir, üstəlik, bu, gələcəyimiz olan gənclərə böyük imkanlar yaradır. Onlayn təhsil sistemi də gələcək üçün böyük yatırım, investisiya  deməkdir. Əgər bir ailənin 3-4 uşağı varsa, online təhsil onlar üçün yaxşı fürsətdir, ailə hər uşağın universitet xərclərini ödəməkdə çətinlik çəkirsə, onlayn təhsil sistemi ilə bu xərcləri minimuma endirə bilər. Bizim ölkəmizdə bir neçə ildir böyük marağa səbəb olan onlayn təhsil sistemi getdikcə həyatımıza daha çox təsir etməyə başlayır. Düzdür, Amerikada başlayan bu sistem elə indi də orda daha çox yayılıb, çünki yaranma və yayılma nöqtəsi məhz bu ölkədir. İndi dünyanın bir çox ölkəsi bu təhsil sistemi ilə bağlı olduqca çox nailiyyət əldə edib. Ən çox da ərəb ölkələrində qadınlara qoyulan qadağalar bu təhsil sisteminə müraciəti çoxaltdı, qadınlar evlərində oturaraq qadın müəllimlərdən onlayn təhsil ala bilirlər. Bəzən onlayn təhsil sistemini real təhsil sistemi ilə müqayisə edənlər ikincinin daha effektiv olduğunu deyirlər. Amma nəzərə almaq lazımdır ki, real təhsil sistemindən yararlana bilməyən minlərlə fiziki qüsurlu insanlar var ki, onlar üçün distant təhsil böyük fürsətdir. Evindən çıxa bilməyən, əlilliyi olan insanlar üçün onlayn sistemlə təhsil almaq, elmi dərəcələrə belə sahib olmaq mümkündür. Gözləri görməyən, danışa bilməyən, yeriməyi bacarmayan, qolları olmayan milyonlarla tələbə var ki, onlayn təhsilin sayəsində universitet bitirib, diploma sahib olub, onların arasında elmi dərəcə alan tələbələr belə var. Bu baxımdan distant təhsil uğurlu layihədir.

Lalə Mehralı





Həftənin ən çox oxunanları