Yuxarı

İnsanı məhv edən dəb

İnsanı məhv edən dəb

debDəb, moda insan həyatına daha mənfi yöndə təsir edir. Bunu son illərin çox yayılmış sonsuzluq, varikoz kimi xəstəliklərinin yüksəlmə statistikasına əsasən demək olar. Həkimlər xəbərdarlıq edir ki, həddindən artıq dar geyimlər həm kişilərdə, həm də qadınlarda qarşısıalınmaz problemlər yaradır. Kişilərin dar şalvar geyməsi isə kişi yumurtalıqlarının (xayaların) bədənə daha yaxın yerdə dayanmasına səbəb olur.

Yumurtaların bədəndən daha az temperaturda olması lazımdır, amma dar geyim onları bədənə sıxdığı üçün bədənin temperaturu ilə uyğunlaşır. Bu vəziyyətin də sperma hüceyrələrinin hərəkətliliyinə və sayına mənfi təsir göstərdiyi sübut edilib. Sonsuzluğun başlıca səbəblərindən biri məhz budur.

Mütəxəssislər kişilərə dar şalvar geyməmələrini bir də ona görə tövsiyə edir ki, dar şalvar və dar alt paltarları geymək sperma yollarının tıxanmasına yol aça bilir. Və qeyd etdiyimiz kimi, bunun da sonu məhz sonsuzluqla nəticələnir. Dar geyim geyinən kişilərin sonsuzluğunun eyni zamanda bir səbəbi də o geyimlə saatlarla oturaraq işləməsidir.  Uzun yol sürücüləri, kompüter arxasında uzunmüddətli işi olanlar da bu qəbildən olanlardır. Dar geyimlər hüceyrələri korlaşdırır, zəiflədir. Bu cür geyimlərin qan dövranına maneə törətdiyi və bunun da toxumaların və hüceyrələrin korlaşmasına səbəb olduğu bildirilir.

Qadınların uzun müddət dar şalvar geyməsi damarların sıxılaraq qeyri-normal vəziyyət almasına səbəb olur.  Rəhmdə iltihablanma, göbələk, ayaqların büküm yerlərində bədən yaralarına, ayaqlarda varikoz genişlənməyə də səbəb olur. Bu cür geyimlər mütəmadi geyinilərsə, rəhm və yumurtalıq xərçənginin peyda olmasına rəvac verir. Daha çox dəbdə olan dar cins şalvarlar əsasən bel və mədənin aşağı bölgəsini həddindən artıq sıxdığına görə  mədə yırtılmasına, mədə xorasına-qastritə səbəb ola bilər.

Əsasən yaz-payız aylarında geyilən neylon və sintetik parçalardan hazırlanmış geyimlərin də  sağlamlıq baxımından təhlükəli olduğu bildirilir. Tül corablar, günlük həyatımızda istifadə etdiyimiz kapron corablar da bu qəbildən olanlardır. Əsasən də  revmatizm-yel xəstəliyindən şikayəti olanlar bu cür geyimlərlə öz xəstəliklərini daha da qüvvətləndirirlər. Eyni zamanda dar geyimlərin digər bir zərəri də qan dövranına maneə törətməsidir. Bu geyimə görə bədənin bəzi bölgələrinə gec çatan qan insanın üşüməsinə səbəb olur.

Qadınların ayaq hissədən daha çox üşüməsi və soyuqlaması bir çox xəstəliyə səbəb olur. Mütəxəssislər bildirir ki, xüsusilə gənc qızlar buna diqqət etməlidirlər. Amma gözəl olmaq, incə və zərif görünmək məqsədi ilə paltarlar diqqətli seçilmir. Gənc qızların istifadə etdiyi dar paltarların parçaları bədənə yapışdığı üçün soyuq hava birbaşa bədənə təsir edir. Halbuki gen-bol bir şalvar arada hava boşluğu yaradır və çöldəki soyuq hava birbaşa bədənə təsir etmir. Tez-tez sidiyə gedən, qarın boşluğunda sancılar olan və cinsi orqanından maye gələn qadınlar bu xəstəlikləri məhz dar geyimin sayəsində qazanırlar. Həkimlər dar şalvarların eyni zamanda əzələlərə və sinir sisteminə də zərər vurduğu qənaətindədir. Belə ki, Avstraliyada dar şalvar geyinən 35 yaşlı qadının hekayəsi bu istiqamətdə araşdırılma aparılmasına təkan verərək, çox ciddi bir problemin aşkar edilməsinə səbəb olub. Evini dəyişərkən saatlarla dar şalvarda əyilib əşyaları qutulara yığan qadının ayaqları, daha çox baldırları inanılmaz dərəcədə şişib. Günün sonunda ayaqlarını hiss etməyən qadını təcili həkimə aparıblar, müayinələrdən sonra məlum olub ki, qadınn dar şalvarda çömələrək iş gördüyü üçün ayaqlara həddindən artıq basqı olub və nəticədə kompartman sindiromu adlanan xəstəlik yaranıb.

Qeyd edək ki, kompartman adı verilən bu xəstəlik əzələlərdə şişmə və qanamaya səbəb olan ağrıdır. Dəb dünyasının “skinny jeans” adı verdiyi dar şalvarların əzələləri sıxması səbəbindən geyinməyi məsləhət görməyən həkimlər bu geyimin insanlarda hissiyyatı öldürdüyünü deyirlər. Bu qənatə həkimlər avstraliyalı qadının ayaqlarının şişməsindən sonra yıxılması, təkrar qalxmaq istədikdə isə ayaqlarının hiss edə bilməməsi faktından sonra gəliblər. Qadın yalnız 4 günlük müalicədən sonra normal həyatına dönə bilib.

Ayaqlarında yetərli qədər qan dövran eləməyən dar cins həvəskarları da əzələlərinin hissiyyatını az-az itirirlər və bunun hələ fərqində deyillər. Ayaqlardakı şişkinlik və zədələnmə sinir sisteminə də təsir göstərir, hissiyyatın ölməsi də bu səbəbdəndir. Beli qısa dar şalvarlar ikiqat təhlükəlidir, çünki bu şalvarların qısa beli yumurtalıqları sıxaraq fəaliyyətinə mane olur.

Eyni zamanda, bədənimizdəki sinir bölgələrindən biri də məhz kəmər yerində yerləşir və çanaq sümüyü bölgəsi bədənimizdəki yeganə yerdir ki, sinirlər dəriyə daha yaxındır. Bu səbəbdən çox sıxılmış kəmərlər də orqanizmə ciddi zərər verir.

Həkimlər xüsusilə də dar şalvarları geydikdə ayaqlarını üst-üstə aşırıb oturmağı ciddi narahatlıqlar yaradacağını da istisna etmirlər. Oturma əsnasında bədən daha çox sıxılır, bu zaman bədəndə dar geyim olduqda isə ayaqlarda uyuşma, sanki iynə batırırmış kimi kiçik sancılar olur. Əgər ağrı və sancılar çoxdursa, həkimə müraciət etmək lazımdır. Dolabınızda dəb adı altında gizlənən xəstəlik yaradıcılarını isə istifadə etməyin.

Lalə Mehralı





Həftənin ən çox oxunanları