Yuxarı

TÜRK QADINI!

TÜRK QADINI!

turk qadiniBir zamanlar dünyanın coğrafiyadan silməyə çalışdığı imperiyanın Qadını! - Qurtuluş Savaşı tarixinə gerçək bir dastan yazan Ərzurumlu Nene Hatun! Qərbi Anadolunu və İzmiri yunan ordularından təmizləyən Ərzurumlu Qara Fatma! Savaş üçün İstanbulu ayağa qaldırmasıyla Mustafa Kamal Paşanı heyrətləndirən qəhrəman Halide Edip Adıvar! Öküz arabası ilə İneboludan Ankaraya daşıdığı cəbbəxana yağmurda islanmasın deyə şalı ilə silahın üstünü örtərək qarlı-şaxtalı dekabr gecəsində donub şəhid olan Şerife Bacı!

Çanaqqalada can verən mehmetciklərin yarasını sarıyan Safiye Hüseyn Bacı! İnönü savaşlarında yunanların “Kızlı alay” adlandırdığı 70-ci Qolordunun simgəsi Nezahat Onbaşı! Qadın olduğunu kimsə bilməsin deyə kişi qiyafəsində Halim Çavuş kimi savaşaraq bir ayağını itirib, tək ayağıyla ön cəbhəyə çiynində mərmi daşıyan Halime Çavuş! Elm-irfan sevdalısı, kişi qiyafəsində savaşan Kastamonlu Hafız Selman İzbeli! Kocayayla basqınında geri çəkilən silahdaşlarına cəsarət vermək üçün önə atılınca alnından aldığı güllədən şəhid olan Gördesli Makbule! Çanaqqalada şəhid düşən ərindən sonra silaha sarılıb Milli Mücadiləyə qoşulan qəhrəman savaşçı Emir Ayşe! Fransızlara qarşı savaşda cəsarəti ilə əsgərlərə örnək olan və atəş altında qalan iki silahdaşını qorumaq üçün alovun içinə atılarkən şəhid olan Adanalı Rahmiyye Tayyar! Mehmetciyin “Çanakkale içinde bir uzun selvi” deyə sevdiyi yüzlərlə, minlərlə Qəhrəman Türk Qadını! İki ay öncə 90 min mehmetciyin donmuş bədəni Sarıqamışın çöllərində ikən dünyanın ən böyük dəniz savaşı ilə Çanaqqalada üz-üzə gəldin. Tarixin ən ağır yükü sənin çiyinlərində idi. Həm cəbhədə döyüşdün, həm arxada çalışdın, ərinə güc, dəstək, vətəninə dayaq oldun. Çilən büküm-büküm. Övladın şəhid olunca göz yaşını içinə gömməkdən bağrından çeşmə axdı. Çiçəyi burnunda gəlinlər qucağı övlad ətrinə həsrət qalınca şəhid ərinin qanını almağa yollandı. Aclıq, yoxluq, pərişanlıq ümidləri hər il gələn bahara ertələdi, qaranlığın heç aydınlanmırdı. Yenə də bitmədin, usanmadın, savaşa sevdalandın və bu sevdana körüklənərək tarix yaratdın Türk Qadını! Qurtuluş Savaşında, Milli Mücadilədə ümidlərin bitdiyi yerdən yeşərdin. Əski zehniyyətləri qadın gücünlə devirdin, millətini müsəlman ümmətindən millət müstəvisinə çıxarmaqda rol aldın.

turk qadini1Dastanlar səni yaxşı tanıyır, onları sən yaratdın Türk Qadını! Millətinin həyat haqqı, varlığını yaşatmaq mübarizəsi üzərinə tərəddüd etməyəcəyin vəzifələr qoydu. Düşmənə, “Vətənimizə sahiblənmək üçün gərəkirsə hər birimiz torpağın qoynuna girərik” ismarıcı verdin. Çanaqqala içində vurdular səni, büklüm-büklüm axan Sakaryanın sularına qərq oldun, Kocatəpədə yaralı əsgərin yardımına qaçarkən alnından vuruldun. Dumlupınarda xışımla üzərinə gələn düşmən mərmisinə sinən meydan oldu, İlqaz dağının keçilməz qarlı yollarında donaraq şəhid oldun, ərin savaşdaykən gavur təcavüzünə uğramayasan deyə köydəki komanda asdın özünü, iffəti-şərəfini qorumaq üçün. Hər batışın yenidən doğuşun, yeni bir kardələnin həyata gəlişi idi. Çanaqqala boğazını ələ keçirmək istəyən qərbin boğazını ələ keçirdin. Dünya bu savaşı tarixinə fəlakət və başarısızlıq kimi yazarkən Türk Milləti “Çanaqqala Zəfəri” deyə həkketdi.

1921-ci ilin şaxtalı dekabr gecəsində İneboludan Ankaraya öküz arabasında mərmi daşıyan Anadolu gəlini Şərifə, “Bu yorğun, axsaq öküzlə haraya qədər gedə bilərsən?” - deyə soran şeytana: - Hacca gedirəm-demiş.

-Varamassan- demiş iblis."O da, varmasam da yolunda ölürüm” söyləmiş. Həmin gecə İlqaz dağını aşa bilməyərək soyuqda donub ölən Şerife bacının yolun yarısına qədər gətirdiyi mərmiləri əsgərlər tam vaxtında cəbhəyə çatdırmışdı. Millətin, Vətənin uğruna canını fəda etdin Qəhrəman Qadın! Dastanın həyəcansız, gözyaşısız, ürpərtisiz oxunmur. “Allah-Allah” nidalarıyla meydan savaşlarını ərşə dirək edən oğulları sən dünyaya gətirdin, qonşun erməni çetəbaşının evindəki silah-sursatı məhv etmək üçün öz evini yandırıb, onun da evini külə döndərdin Türk Qadını! Nə yazıq ki, Qarabağda, Xocalıda, Urumçidə, Kərkükdə, Hələbdə, Bağdadda Türk qadını yenə döyüş meydanında şəhid olur, övladını qurban verir. Nə ağırdı çiləmiz, bu bizim alın yazımızmı!?

Dədə Qorqud dastanında evinin dirəyi kimi dəyərləndirilən Şanlı Türk tarixinin qürurlu qadını! Sən şəfəqdən öncə oyandın, Günəşin doğmasını gözləmədən, gecənin bağrını səsinlə yardın, əlləşdin, vuruşdun, zəif vücudunla cəbhədə savaşan on əsgərin işini gördün. Amma ümidlərini heç üşütmədin, üstünə qar yağdırmadın, öləziyən ümidləri inancınla, imanınla, sevginlə isitdin, Yaradana dualarını da axsatmadın, insanoğluna vəd etdiyi haqqa yetışəcəyinə inanırdın. "Sabahı olmayan gecə yoxdur", dedin, millətinin Vətən yaralarına ana şəfqətinlə məlhəm oldun. Çünki inanclıydın, bir gün millətinin alnına Günəş doğacağına əmin idin, ana ruhunla, qadın duyğunla. Savaş meydanına eşq meydanı deyə girdin, dəli bir sevdalı kimi. Xışım ilə düşmənin başına endin. “Qadın sevərkən güclü olur” demişlər. Əlbəttə, bu qədər sevdalanmışkən savaşı qazanmazmıydın!?

Saçların xınalı, üzün boyalı, əyin-başın süslü deyildi sənin, bəlkə həyatın boyu heç təzə geyinmədin, bəzək-düzəyin olmadı, “Haydi”lər xəyalının qızı idi. Sən düşmənin dörd tərəfdən ayaqladığı ulusuna gərək idin, bər-bəzəyin, incik-muncuğun çəlimsiz çiynində cəbhəyə daşıdığın ağır top mərmiləri, gecələr səhərədək göz qırpmadan cəbhəyə toxuduğun yun corablar, əlcək və hörmələr idi. Günlərlə bir loxma yemədin, cəbhəyə göndərdin. Xışla-kotanla yer əkdin, gecə-gündüz çılpaq ayağınla tarlada çalışdın, öküz olmayınca kotan arabalarını özün çəkib torpağı əkdin-biçdin, ömür yoldaşının sənə əmanət etdiyi övladlarını böyütdün.

Bu da yetmirdi amma... Sevdalısı olduğun ulusun Qurtuluş üçün, Azadlıq üçün qan, can istəyirdi. “Mövzu Vətən olunca gerisi təfərrüatdır” demişdi öndərin.

Belə olunca sənin edə bilməyəcəyin nə vardı ki!? Düşmənə nifrətini, hüriyyət atəşini ərinin, övladlarının qanı ilə söndürdün Sevdalı Qadın! Oğulların şəhid olunca ciyərin yandı, amma hıçqırığını duyan olmadı, öləzimiş ruhunu savaşla gücləndirdin. Torpağı sıxınca çiçək-çiçək Şühəda fışqırdı yerdən, ay-ulduzlu hilal olub göylərdə dalğalandı. O hilal uğruna bunca günəşlər sönərkən sənin ümidin Günəş kimi yenidən doğdu, həyata gülümsədi. Sinən oyuq-oyuq məzarlıqdı, Sarıqamış, Çanaqqala, Gelibolu, Sakarya, Kocatəpə, İzmir, Afyon məzarlıqları. Dünyanı heyrətə gətirən savaş ruhunla Cahanı ürəyindən vurdun. Yeni Türkiyə Cümhuriyyəti sənin əzmin, gücün, inamın, imanın və sevdan üzərində quruldu Türk Qadını!

Tarix səni belə anladır:

“Çanaqqala savaşında avstraliyalı döyüşçü J.D.Daviesin anasına yazdığı məktubdan: “Ana, mənim də vurulduğum 18 may 1915 tarixində kəskin nişançı bir türk qızı pusquda dayanıb çarpışırdı. Gizləndiyi yerdən gün boyunca atəş açaraq çox sayda adamımızı vurdu. Lakin axşama doğru bir avustralyalı tərəfindən vuruldu və mən buna çox üzüldüm. Gözəl yapılı, 19-21 yaşlarında gənc bir qızdı. Bədənində tam 52 güllə yarası vardı. Bu savaş çox qorxuludur ana”.

Misirdə dərc olunan “The Egyptian Gazete” adlı yayın orqanında bir düşmən əsgərinin məktubundan:” 15 avqust 1915-ci il, bazar günü savaşa girdik. Böyük bir təpəni ələ keçirmək əmri almışdıq. Çox can vermişdik. Pusquda atəş açan kəskin nişançı Türk qadınları bizi cəhənnəmə irəliləməyə məcbur edirlər. Burada çarpışanın çoxu qadın və gənc qızlardı. Gizli qalmaq üçün özlərini ağac və bodur bitkiləri rənginə boyayırlar”.

Avstraliyanın “The Age” qəzetinin 1915-ci ilin sentyabr sayında yer alan bir yazıdan: “Burada Türk qadınları kişi qılığına girərək savaşırlar. Arxada da mərmi və ərzaq daşımaqla savaşın qazanılmasına çalışırlar. Anafartalardakı 56-cı cəbhədə silahlı mücadiləyə qatılmış Mücahide Hatice “Ahmet” snayperi ilə gözümüzü açmağa qoymur. Bədəni güllə və mərmi yaralarından dəlik-dəlik idi. Qadın olduğu yalnız xəstəxanada bilinmişdi”...

1923-cü il martın 17-si. Ölkənin hər yerində Çanaqqala Zəfəri qeyd edilirdi. Mustafa Kamal paşa törənlərə qatılmaq üçün həmin il Tarsusa gedir. Kiçikdən böyüyədək tarsuslular paşanı gül-çiçəklə, sevgiylə qarşılayıb birlikdə şəhərin mərkəzinə doğru irəliləyərkən birdən savaş geyimini hələ əynindən çıxarmayan bir qadın Atatürkün yolunu kəsərək gözyaşlarıyla ayaqlarına qapanır: - "Basdığın torpağa qurban olum Paşam!" deyir. Mustafa Kamal onu yerdən qaldırmaq üçün əyilərkən qulağına pıçıldayırlar ki, bu qadın Qurtuluş Savaşında cəbhələrdə çarpışmış Adile Çavuşdur. Gözlərindən iki damla yaş axan paşa qadının əlindən tutub ayağa qaldırır və:

-Dünyada heç bir ulusun qadını “Mən Anadolu qadınından daha çox çalışdım, millətimi qurtuluş və zəfərə çatdırmaq üçün Anadolu qadını qədər xidmət etdim” deyə bilməz. Qəhrəman Türk Qadını! Sən yelərdə sürünməyə deyil, baş üzərinə qaldırılmağa layiqsən - deyir.

Deyilənə görə, hər il avqustun 26-dan 30-a qədər qaranlıq düşəndən gecənin yarısınadək Kocatəpədə, Dumlupınarda, Gözəlim dağlarda “Allah-Allah” nidaları eşidilir. Onlar - tariximizin şanlı qulları Türk Qadınının evladlarının səsidir. Yer üzündə övladının saçına xına yaxıb vətəninə qurban deyən millətin anası yalnız sənsən, əslinə-asalətinə yaraşan da budur. Körpə qız uşağı tək məsum, ağappaq pambıq əlli, burunlarından süd qoxusu çəkilməmiş, bığları çıxmamış onbeşliklərin saçına xına yaxaraq geri dönməmək üzərə sipər savaşına yolladın. Şəhid düşdüyü torpağa sarılıb Mehmetciyim dedin. Mustafa Kamal Paşa: “Mən sizə taarruz əmr etmirəm, ölməyi əmr edirəm. Biz ölüncəyə qədər keçən zaman içində yerimizə başqa qüvvələr, başqa komandanlar gələr” deyərək tarixdə ən böyük Sipər Savaşını başlatmış oldu. Düşmənlə 18 metrlik məsafədə ətdən sipər çəkən əsgər vurulduqca yerini başqa əsgər alırdı. Tarixin bu səhifəsini də yalnız Türk xalqı yazdı. Ah, nə çətindir düşmən atəşinin qurbanı olmaq üçün əliboş, sadəcə ölüm sırasını gözləyən əsgərin anası olmaq! Türkülərin, ninnilərin qan ağlayırdı, göz yaşı axıdırdı, sən barış arzuluydun amma Türk Qadını! Sevgi, həsrət nəğmən də savaşı anladırdı:

Çanakkale içinde bir dolu sandık,

Alaylar içində dört asker kaldık.

Çanakkale içinde bir top kestane,

Kalan gazilere çalı hactane

Heç dəyişməmisən, Türk şanınla, gücün, gözəlliyin və savaş ruhunla var olduğun kimi yaşayırsan, zamana meydan oxuyaraq. Əliflərin, Çiydəmlərin, Tuğbaların, Tunaların ruhunda. Səni gördüm İzmirdə, Bursada, Afyonda, hər addımda, hər bayrağın rəngində, hilalın bəyazlığında. Hər an düşmən bağrında açılacaq kimi tətikdəsən.

Bu gün də savaş meydanındasan -həkimsən, alimsən, bilim insanısan, millət vəkilisən, təyyarə sürürsən, ev xanımısan, mehmetciklərə gəlin gedirsən, ana olursan Türk Qadını!

...Haradan başlayım, harada bitirim!? Sənin dastanın bitməz ki, Türk Qadını..!

Rəsmiyyə QARAYEVA





Həftənin ən çox oxunanları