Yuxarı

Bir dövlət qurumu quraşdırır, digəri köçürür

Bir dövlət qurumu quraşdırır, digəri köçürür

Paytaxtın küçə və xiyabanlarında avtomobillərin qanunsuz parklanmasının qarşısının alınması üçün küçələrdə Xüsisi Təyinatlı Avtonəqliyyat İdarəsi tərəfindən parkomatlar quraşdırılıb. Yeni avadanlıqlar şəhərin hər yerində, marşurut dayanacaqları, dövlət qurumları, xidmət obyektləri, təhsil və səhiyyə ocaqları və hətta məhəllə daxilində şəxsi evlərin qarşısında nizamsız olaraq quraşdırılması diqqəti çəkir.

Əksər hallarda taksiçilik fəaliyyəti ilə məşğul olan və digər şəxsi avtomobillər həmin dayanacaq ərazisində saxlamalı olurlar ki, nəticədə sərnişin avtobusları dayanacağa girə bilmir, tıxac yaranır. Bu səbəbdən parkomatların avtobus dayanacaqlarından kənar yerlərə köçürülməsi məsələsi gündəmə gəlir. Parkomatların tıxac yaratması məsələsinə münasibət bildirən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı Cebhe.info-ya deyib ki, istənilən ərazilərdə sıxlıq yaradan parkomatların yeri dəyişdirilməlidir: “Parkomatların dayanacaqdan kənar yerlərdə quraşdırılmasını Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi həyata keçirməlidir. Biz NİİM olaraq parkomatların dayanacaqdan kənar ərazilərə köçürülməsi təklifini irəli sürəcəyik və bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə müraciət edəcəyik. Məsələnin həlli isə onlara qalır”. Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, parkomatların tətbiqi ilə bağlı qanunvercilikdə heç nə yoxdur: “Parkomatları gətirib şəhərdə ağıllarına hara gəldi düzdülər. Problemlərdən başlıcası onların nizamsız düzülüşüdür. İkinci problem isə ondan ibarətdir ki, parkomatlari yerləşdirəndə saxlanma hüdudunu bildirən xətlər çəkilir. Bu xətlər həmin hüdudda nə qədər avtomobilin dayana biləcəyini göstərir. Məsələn 50 avtomobil dayana bilərsə, 51-ci olmaz. Bizdə parkomatların saxlanma hüdudlarında o tipdə xətlər mövcud deyil. Elə bil ki, bostana meyvə-tərəvəz əkiblər. Parkomatları da şəhərin bütün küçə və prospektlərində harda gəldi yerləşdiriblər. Bu məsələnin qayda-qanunu olmalıdır. Ən əsası isə bu, qanunvericiliklə tənzimlənməlidir”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları