Yuxarı

İpoteka varlılar üçündür?

İpoteka varlılar üçündür?

Ipoteka_230108Ekspert: Strateji ehtiyatların bir hissəsi ipotekaya yönəldilməlidir

Bütün ölkələrdə kütləvi tətbiq olunan ipoteka kreditləri Azərbaycanda eyni effekti vermədi. Bu istiqamətdə  dövlət büdcəsindən ayrılan maliyyənin azlığı, özəl bankların bu işdə maraqlı, əhalinin sosial vəziyyətinin isə yüksək olmaması kimi amillər əhalinin, xüsusilə gənc və aztəminatlı ailələrin evlə təmin olunmasına mənfi təsir göstərdi. Buna görə də yüz minlərlə ailənin kirayələrdə yaşamasını nəzərə alaraq həm parlamentdə, həm də mətbuatda ipoteka şərtlərinin yüngülləşdirilməsi və ayrılan maliyyənin artırılması təklifləri tez-tez səslənir.

Son aylarda bu məsələ ilə bağlı dövlət tərəfindən ciddi addımlar atılır, məsələn, bu ilin sonunadək ipoteka kreditləşməsinə 200 milyon manatın ayrılması, ölkə prezidentin İpoteka Fondu ilə bağlı son fərmanı evsizlərdə ümid oyadır. Lakin burada aydın olmayan bəzi məsələlər və həll ediləsi əlavə problemlər də var.

“1000 manat aylıq gəlirlə kredit götürə bilmirik...”

Redaksiyamıza müraciət edən Sumqayıt şəhəri 6 mkr. sakini Nuranə Abbasova deyir ki, həyat yoldaşı nüfuzlu avtomobil şirkətinin Bakıdakı distrübütorunda mühasibi vəzifəsində işləyir. Dediyinə görə, 3 nəfərlik ailənin 1000 manat aylıq gəliri olsa da, banklar bunun bir qismini məcburi xərclərə çıxdaş edib, yerdə qalan 500-600 manata kredit götürməyin mümkün olmadığını bildirirlər. “Belə çıxır ki, Azərbaycanda ipoteka krediti verilmir. Biz orta əmək haqqından 2 dəfə yuxarı maaşla ipoteka krediti ala bilmiriksə, deməli, heç kim ala bilməz”- deyə vətəndaş şikayətlənir. Onun sözlərinə görə, bacısıgil 20 ildir kirayədə yaşayırlar: “Bu müddətdə hər ay 200 manat kirayə pulu ödəyirlər, yoldaşı və özü işlədiyi üçün ayda 800 manat sabit gəlirləri olur. Çox çalışsalar da, heç bir bank onlara kredit verməyib ki, gəliriniz azdır. Əgər dövlət bu problemi həll etsəydi, vətəndaş kirayəyə verdiyi pulu öz evinin ipotekasına ödəyərdi və mənzil sahibi olardı. Mən başa düşmürəm, ipoteka krediti varlılar üçündür? Orta təbəqəyə belə kredit vermirlərsə, bu, kimin üçündür?”.

“Kredit, ödəniş aylıq gəlirin 70%-dək olanda verilir”

Bəs banklar hansı şərtlərlə ipoteka krediti verirlər? Banklardan öyrəndik ki, Azərbaycan İpoteka Fondunun ayırdığı vəsait hesabına verilən kreditlər məbləği 50 min manatdan və girov qoyulan yaşayış sahəsinin bazar dəyərinin 80%-indən artıq ola bilməz. Girov olaraq yaşayış sahəsi qoyulur. 8%-lə verilən kreditin müddəti 3 ildən 25 ilədəkdir. İpoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın aylıq məcmu gəlirlərinin 70%-indən çox olmamalıdır. Borcalanın həyatı və əmək qabiliyyəti, habelə girov qoyulan yaşayış sahəsi kreditin məbləğinə bərabər məbləğdə slğorta olunmalıdır.

Kreditin son ödəniş tarixi borcalanın yaşı qanunvericiliklə müəyyən olunan pensiya yaş həddindən çox olmamalıdır.

İlkin mərhələdə Borcalan tərəfindən təqdim olunacaq sənədlər bunlardır;

* Şəxsiyyət vəsiqəsi

* Son 12 ay üçün gəlirlərin mənbəyinin və kreditin qaytarılmasını təmin edən Təqaüd Fonduna ayrılmaların təsdiqi

* Satın alınan əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd

* Ailənin tərkibi haqqında sənəd

* Kredit mütəxəssisi tərəfindən tövsiyə olunan digər sənədlər. Bankdan öyrəndiyimiz şərtləri Nuranə xanıma çatdırdıqda, bildirdi ki, əvvəl elə deyirlər amma gedib işlə məşğul olanda o qədər problem çıxarırlar, məlum olur ki, bu qədər yüksək maaşla da  mənzil almaq mümkün deyil.

Bəs ekspertlər nə düşünürlər, bu sistemdə hansı dəyişikliklərə ehtiyac var? Bu suala cavab verməzdən əvvəl yaxşı olardı ki, dünyada və ölkəmizdə bu sahədə müqayisəli vəziyyətə baxaq…

Dünya ölkələrində ipoteka ilə mənzil almaq necə həll olunur?

Azərbaycanda ipoteka kreditlərinin faizləri əksər ölkələrdən yüksəkdir. Ölkəmizdə adi ipoteka kreditləri 8, güzəştli ipoteka kreditləri 4 faizlə verilir. Adi ipoteka kreditlərində maksimal  məbləğ 50 min, güzəştli ipoteka kreditlərində isə  35 min manatdır. Lakin əksər ölkələrdə şərtlər xeyli yüngüldür. Məsələn, Gürcüstanda ipoteka kreditlərinin faiz dərəcəsi 4%, Rusiyada 3%, Türkiyədə isə 3,7%-dir. Fransa, Portuqaliya, Belçika, Almaniya və İtaliyada ipoteka krediti 1,5%, Kipr, İspaniya və Yunanıstanda 2%,  Danimarkada 1,3%, Türkmənistanda və Kanadada 1%-lə ipoteka krediti almaq mümkündür. Qeyd edək ki, bu ölkələrdə 65 yaşa qədər vətəndaşların ipoteka krediti əldə etmək hüququ var. Həm də cəmi 2-3 sənəd təqdim etməklə. Azərbaycanda isə ən yaxşı halda 10-dan yuxarı sənəd tələb olunur. Mənzil almaq üçün ən ideal şərtlər isə neft ixrac edən ərəb ölkələrindədir. Birləşmiş Ərəb Əmirliklərində yeni evlənənlər dövlətdən 20 min dollaradək faizsiz kredit alır. Lakin ailədə birinci uşaq doğulan kimi kredit bağışlanır. Bundan əlavə, hər yeni qurulan ailənin hesabına dövlət 100 min dollar köçürür. Qəddafinin rəhbərliyi vaxtı Liviyada dövlət tərəfindən yeni evlənən gənclərə mənzil almaq üçün 64 min dollar hədiyyə edirdi. Bu qədər pula Liviyada 150 kv. metrlik bütün şəraiti olan təmirli mənzil almaq mümkün idi.

“Hökumət ehtiyatları ipotekaya yönəltsə, 1 güllə ilə “3 quş” vurar”

İqtisadçı ekspert, “Təməl” Hüquq Mərkəzinin rəhbəri Vüqar Abbasov deyir ki, Azərbaycanın tikinti bazarını canlandırmaq üçün ipoteka kreditlərinin umumi həcminin daha da artırılmasına ehtiyac var. Bundan başqa, ipoteka kreditlərinin verilməsi üçün qoyulan şərtləri isə bir qədər də yüngülləşdirmək lazımdır. Ekspertin fikrincə, əhalinin ən vacib sosial problem olan evsizliyi azaltmaq üçün hökumət xarici banklarda saxladığı vəsaitlərin kiçik bir qismindən istifadə edə bilər və nəticədə həm daha çox faiz əldə edər, həm də əhali ölkənin maliyyə imkanlarından yararlanmış olar. “Son 1 ildə ipoteka ilə mənzil almaq istəyənlərin sayı 2 dəfə azalıb. Bizdə əhali ona görə, ipoteka kreditləşməsi ilə maraqlanmır ki, bu kreditləşmənin şərtləri çox ağırdır. Bundan başqa, sosial ipoteka kreditləri üzrə maksimum məbləğin də arıtılmasına ehtiyac var. 50 min manata nəinki Bakıda, heç Sumqayıt, Xırdalan şəhərlərində belə 2 otaqlı ev almaq mümkün deyil”- ekspert deyir.

Bir çox bankların 1500 manat aylıq gəlir tələb etdiyini anormal sayan iqtisadçı deyir ki, orta aylıq əmək haqqı 400 manat olan ölkədə vətəndaşdan 1000-1500 manat gəlir tələb etmək absurdddur.

V.Abbasovun fikrincə, hökumət ipotekaya böyük vəsaitlər yönəltməklə “1 güllə ilə 3 quş vura” bilər: “Birincisi, xarici banklarda 1-2 faizlə saxlanan, xarici valyutaların kursunun dəyişməsi nəticəsində əslində gəlir gətirməyən vəsaitləri 3-5 faizlə ölkə vətəndaşlarına verib daha çox gəlir əldə edə bilər. Ölkə daxilində pul və mal dövriyyəsi artar, nəticədə dövlət büdcəsinə vergilərin həcmində artım olar.

İkincisi, bunun nəticəsində ölkədə tikinti sektoru böhrandan çıxar, boş qalmış mənzillər alınar və şirkətlər müflis olmaqdan qurtular.

Üçüncüsü, ölkədə əhalinin mənzil problemi həll olunar, sosial narazılıq minimuma enər”.

Turan





Həftənin ən çox oxunanları