Yuxarı

Döl müayinəsi və aborta qadağa?

Döl müayinəsi və aborta qadağa?

abortBu il ilk dəfə olaraq Azərbaycanda məktəbə gedən oğlan uşaqlarının sayı qız uşaqlarından çox olub. Bu göstərici Əfqanıstan, Nepal kimi ölkələrdə özünü göstərib. Bir müddət əvvəl qonşu Türkiyədə BMM-nə qadınların abort hüququnu məhdudlaşdırılması ilə bağlı qanun layihəsi hazırlandı. Bu qərar ölkənin o vaxtki baş naziri Rəcəb Tayyip Ərdoğanın 2012-ci ildə "Abort cinayətdir" şəklində şərhindən sonra gündəmə gəldi.

Bir müddət əvvəl Azərbaycan Respublikası Milli Məclisinin Sosial siyasət komitəsində sədr müavini, deputat Musa Quliyev, mediaya açıqlamasında bildirib ki, komitənin hazırladığı "Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında" Qanun layihəsinə ediləcək əlavədə təbii yolla baş tutan hamiləliyin 3 aylığından sonra uşağın cinsinin müəyyən edilməsi ilə bağlı edilən müayinə və selektiv abortlar qadağan olunacaq. Onun sözlərinə görə, Qanun layihəsinə təklif olunan əlavəyə əsasən bu müayinəni aparan həkimlər cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata əsasən, Azərbaycanda son 10 ilin ən yüksək göstərici 2013-cü ildə qeydə alınıb. Belə ki, 2000-2014-cü illərdə abortların sayı (15-49 yaşlı hər 1 000 qadına hesabı ilə) 2000-ci ildə 7,8, 200-ci ildə 8, 2002-ci ildə 7,1, 2003-cü ildə 7, 2004-cü ildə 8, 2005-ci ildə 7,8, 2006-cı ildə 8,1, 2007-ci ildə 8,5, 2008-ci ildə 9,5, 2009-cu ildə 9,1, 2010-cu ildə 9,9, 2011-ci ildə 10,3, 2012-ci ildə 11,5, 2013-cü ildə 10,4, 2014-cü ildə 10,1 faiz qadın abort etdirib.

Azərbaycanda abortu qadağan edən qanun olmasa da, abort qadağan sayılır. Xəstəxanalar selektiv abort tələbini geri çevirir. Bu da qadınların ev şəraitində, türkəçarə yollarla abort etdirməsi ilə nəticələnir. Hansı halda qadının abort haqqı olur və hansı halda abort tələbi geri çevrilə bilər?

Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova “Cümhuriyət” qəzetinə abortla bağlı mövcud vəziyyətdən danışıb. O bildirib ki, hər bir qadının analıq barədə məsələni təkbaşına həll etmək hüququ var: “Hamiləliyin süni surətdə pozulması qadının arzusu ilə hamiləliyin 12 həftəlik müddətinədək aparılır. Sosial göstərişlər üzrə hamiləliyin süni pozulması hamiləliyin 22 həftəsinə qədər aparıla bilər. Tibbi göstərişlərə əsasən və qadının razılığı olduqda hamiləlik müddətindən asılı olmayaraq abort icra oluna bilər. Hamilə qadının sağlamlığı üçün təhlükə olduğu halda və dölün həyatla uyğunlaşmayan inkişaf qüsurları və ya digər patologiyası qeyd olunduqda hamiləlik konsiliumun qərarı ilə pozula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il yanvarın 12-də verilən qərarı ilə təsdiq edilmiş hamiləliyin pozulmasına dair sosial göstərişlərə ərin 1-2 qrup əlil olması, nikahdankənar hamiləlik, hamiləlik dövründə nikahın pozulması, çoxuşaqlılıq (5 və daha artıq uşaq),  ailədə əlil uşağın olması, qadının qaçqın və ya məcburi köçkün statusunun olması, müəyyənləşdirilmiş qaydalar əsasında qadının və yaxud onun ərinin işsiz hesab edilməsi və s. hallar daxil edilib. Hamiləliyin süni surətdə pozulması dövlət və qeyri-dövlət tibb müəssisələrində ixtisaslı həkimlər tərəfindən aparılır. Qeyd etmək lazımdır ki, hamiləliyin 9 həftəsindən sonra abort ancaq stasionar şəraitində aparılmalıdır. Həkim tərəfindən abortun icra edilməsi üçün xüsusi şəraiti olan tibb müəssisəsindən kənarda abort etməsi qadağandır”. Leyla Məmmədovanın sözlərinə görə, cinsiyyətə görə aborta qadağa və ya icazə məsələsi qanunvericilikdə xüsusi olaraq göstərilməyib: “Lakin nəzərə alsaq ki, qadın öz arzusu ilə hamiləliyini ancaq hamiləliyin 12 həftəsinə qədər pozdura bilər, dölün cinsiyyəti isə bu müddətdə dəqiq müəyyən edilmir, bu artıq öz-özlüyündə dölün cinsinə görə abortların aparılmasının qanuni əsasının olmadığını göstərir. Dölün cinsiyyəti müəyyən olunduqdan sonra icra olunan abortların statistikası yoxdur. Belə ki, dölün cinsi mənsubiyyəti hamiləliyin pozulması üçün göstəriş ola bilməz”.

“Sizə müraciət edən hamilələr arasında cinsiyyət qız olduğu üçün abort etdirmək istəyənlər olubmu” sualına, Leyla Məmmədova bildirib ki, müraciət edən elə hamilələr olub ki, gələcək övladının  oğlan olduğunu biləndə qaş-qabaq töküb: “Ailələrin böyük əksəriyyəti uşağın cinsiyyəti barədə deyil, sağlamlığı barədə düşünürlər. Əlbəttə, oğlan uşağı arzulayanlar da az deyil. Amma ilk övlad qız da olsa, oğlan da olsa, ailə sevinclə qarşılayır. Uşağın cinsiyyət problemi əsasən ailədə eyni cinsli 2-3 uşaq doğulduqdan sonra aktuallaşır. Lakin bir daha vurğulamaq istəyirəm ki, ailələr fərqlidir”.

Qadınların ev şəraitində, qeyri-steril şəraitdə abort etdirməsinə münasibət bildirən Leyla Məmmədova deyib ki, artıq tibb elə bir səviyyəyə çatıb ki, evdə abort halına rast gəlinmir: “Heç buna ehtiyac da yoxdur. Çünki tibb müəssisələri hamilə qadınlar üçün əlçatandır. Ölkəmizdə aborta qadağa yoxdur. Hamiləliyin müddətindən asılı olaraq qadın məsləhətxanalarına və stasionarlara müraciət edilir.

Təəssüf ki, hamiləliyin erkən dövrlərində ev şəraitində apteklərdə reseptsiz buraxılan dərman preparatlarından istifadə etməklə hamiləliyini pozmağa cəhd edən qadınlar da az deyil. Lakin nəzərə almaq lazımdır ki, bu, çox təhlükəlidir və qadının sağlamlığı, hətta həyatı baxımından çox təhlükəli ola bilər. Hər il dünyada 40-50 milyon abort icra edilir. Təhlükəli abortlar dünyada ciddi problemlərdən biri olaraq qalmaqdadır. ÜST-nin məlumatlarına görə, il ərzində 19 milyon təhlükəli abort icra edilir. Dünya üzrə ana ölümlərinin 13 faizi abortların fəsadları ilə əlaqədardır. Hər il 78000-dən artıq qadın abort səbəbindən həyatını itirir. 24 ölkədə aparılan tədqiqatların nəticələrinə əsasən qeydiyyata alınmış ana ölümlərinin 6-46 faizi abortların fəsadları ilə əlaqədar olmuşdur. Bir çox ölkələrdə ana ölümünün strukturunda abortlar 25 faiz təşkil edir. Azərbaycanda abortların fəsadları ilə əlaqəli ana ölümü halları aşağı səviyyədədir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları