Yuxarı

Nazir 80 yaşlı qadına verdiyi sözü tutmadı

Nazir 80 yaşlı qadına verdiyi sözü tutmadı

nazir80 yaşlı Nardaran sakini Asiya Məlikova Cebhe.info-ya müraciət edərək 3 ildir ki, müraciət etdiyi Əmək və Əhalinin Sosial Nazirliyi, eləcə də Həmkarlar İttifaqı Konfederasiyasından müalicə üçün yollayış ala bilməməkdən şikayətlənib. Onun sözlərinə görə, bir yollanış üçün döymədiyi qapı qalmayıb. Maraqlısı isə odur ki, müraciət etdiyi qurumlar tərəfindən yollanışın təşkil olunacağına dair ona vəd verilsə də, sonradan bu problem həll olunmamış qalıb:

“Uzun illərdir ki, ayaqlarımda, belimdə kəskin ağrılar var. Bu ağrılar baş qaldıran zaman özümdə olmuram. Baxanım yoxdur, tək qadınam. Ayaqlarımdakı ağrı elədir ki, hər an yıxıla bilərəm. Bəzən elə vaxt olur ki, ikiqat yıxıldığım yerdə eləcə qalıram. Bir yerə getdiyimdə kimsə qolumdan tutub aparmalıdır. Özümü idarə etməyim çətinləşib. Həkim müalicəmi hər il sanatoriyalarda davam etdirməyimi məsləhət görüb. Amma üç ildir bir yollayış nədir ki, onu mənə vermirlər. Hara gedirəmsə pul istəyirlər, müraciət etmədiyim yer qalmayıb. Axı mən də bu ölkənin vətəndaşıyam. Bir yollayış çox çətindir ki, bir yaşlı qadını neçə ildir süründürürlər? Havalar soyuyanda ağrılarım da da artır. Qaz olmadığına görə? istilik problemimiz var, bu da vəziyyəti çətinləşdirir”. Şikayətçi ötən ilin sentyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun qəbulunda olduğunu deyib: “2014-cü il sentyabrın 9-da şəxsən Səlim Müslümovun qəbulunda oldum. Mən şikayətimi, problemlərimi ona izah etdim. Özü şəxsən nazirliyin rəsmilərinə göstəriş verdi ki, bu qadına ildə bir dəfə yollayış verin. 15 gün keçdi yenə zəng etdim. Nazirlikdən bildirdilər ki, özümüz sizə yazacağıq. Elə bil quyuya daş atdılar. O vaxtdan bu tərəfə məni nə itirən, nə də axtaran var. Deməli, nazirin də sözünə əməl edən yoxdur. Məmur özbaşınalığı, rüşvətxorluq bax budur. Orada nə iş görürlər bilmirəm. Mən bu üç ildə bir daha əmin oldum ki, bu ölkədə pulsuz hərəkət etmək mümkün deyil. Mənim imkanım olsaydı özüm həll edərdim. Sadəcə pensiyam var. O da ayın axırına kimi güclə bəs edir. Məni yandıran odur ki, 45 il bu dövlətə tibb sahəsində xidmət etmişəm. 4 övlad yetişdirib onları müəyyən səviyyədə təmin etmişəm. İndi bu ölkədə nə oğullarım üçün iş yeri, nə də mən yaşlı qadına qayğı var. Bərbad vəziyyətdəyik. Heç kim özülə heç nə aparmayacaq. Lap elə rüşvətxorlar da... İnsanı bu qədər incitmək olmaz. Artıq bu ölkədən iyrənirəm. Mənim boğazımı üzsələr də, mən yenə “5 vur 5 25 edir” deyəcəyəm”. Asiya Məlikova bu məsələdə artıq carəsiz qaldığını və getdikcə ağrılarının çoxaldığını deyib. Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə yaratdıq. Qurumun mətbuat xidmətinin rəhbəri Elman Babayevin sözlərinə görə, nazirlik tərəfindən yollayış yalnız Qarabağ əlili və ailələrinə verilir: “Bu nazirliyin səlahiyyətində olan məsələ deyil. O qadın Həmkarlar İttifaqı Konfederasiyasına üz tutsun. Ona o qurum kömək edə bilər”.

Həmkarlar İttifaqı Konfederasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov isə Cebhe.info-ya “Bura ümumiyyətlə müalicə mərkəzi deyil.

Müalicə üçün xəstəxana var. Sanatoriya reablitasiya funksiyasını daşıyır. Qayda belədir ki, o xanım vaxtilə hansı orqanda çalışıbsa, oranın Həmkarlar İttifaqına, təqaüdə çıxdığı orqanın və yaxud səhiyyə işçilərinin Həmkarlar İttifaqına üz tutmalıdır.

Orada vəziyyət necədir, yollayışla təmin edirlər, etmirlər, o, başqa məsələdir. Konfederasiyada yollayış olmur. Mən mövcud vəziyyəti bildirdim. Konfederasiya hər hansı bir yerə yollayış verir desəm, yalan danışmış olaram”, deyə vurğulayıb.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları