Yuxarı

Saçları düzləşdirmək xərçəng yaradır

Saçları düzləşdirmək xərçəng yaradır

saclarTətbiq etdikləri “formaldehid” qadınlarda xərçəng yaradan ən böyük təhlükədir

Bütün dünyada məhşur olan, milyonlarla qadının xilaskar hesab elədiyi, saçlarını əmanət etdiyi “Braziliya keratini” sürətlə xərçəng yaratmaqdadır. Qlobal güclərin sayəsində reklamı yaxşı təşkil edilən və hər gün müştərisi daha da artan bu təhlükəli maddə qadınların öz həyatı ilə “aşıq atması” kimi bir şeydir. Saçları qıvrım olan qadınlar üçün keratin xilaskardır, çünki onun sayəsində 6 ay saçlar düz qalır.

Keratin kanserogendir!

Dünyanın ən məşhur, eyni zamanda ən təzadlı fikirlər nimayiş etdirən sağlamlıq təşkilatlarından biri olan Amerika Dərman və Qida Qurumu tərəfindən bir müddət əvvəl ciddi  bir xəbərdarlıq səsləndirildi. Qurumun alimləri son 5 ildə bərbər salonlarında tələbatı artan Braziliya keratininin yüksək səviyyədə kanserogen maddə ehtiva etdiyini bildirdilər. Quruma görə, keratinin tərkibində olan yüksək miqdarda formaldehid adlı maddə kanserogen maddələr sinfinə daxildir. Formaldehid maddəsinin əsas özəlliyi büzülməyin, burulmağın qarşısını almaqdan ibarətdir.

Cəsədlərə vurulan maddə qadın saçlarına hopdurulur

İstehsalçılar uzun müddət ütülü qalmasını istədikləri paltarlara bu maddəni təbbiq edirlər. Dırnaq boyalarının qıvrılmasının və büzüşməsinin qarşısını almaq üçün də bu maddədən istifadə edilir. Amma paltar və dırnaq boyasında bu məhluldan nisbətən az istifadə edilir, nəinki saçları düzləşdirmək üçün nəzərdə tutulan keratinin tərkibində. Formaldehid həm də morqdakı cəsədlərin çürüməsini önləmək məqsədi ilə də istifadə edilir.

Qeyd edək ki, Amerika Dərman və Qida Qurumu Braziliya keratininin tərkibi ilə bağlı laborator müayinələrinin də nəticəsini açıqlayıb. Testlər nəticəsində məlum olub ki, içərisində ən çox 0,2 faiz nisbətində formaldehid ola biləcək Braziliya keratininin tərkibində bu təhlükəli maddə 8,7-10,4 faiz təşkil edir.

6-8 aylıq gözəlliyin töhfəsi - xərçəng!

Xatırladaq ki, bu maddə ilə düzləşdirilən saçlar 6-8 ay davam edən düz quruluşa malik olur. Avropa ölkələrində 450-500 dollara tətbiq edilən bu məhsul Türkiyədə 200-500 manata təklif edilir. Qiymət saçın uzunluq və həcminə görə təyin edilir. Məhz bu səbəbdən də bir çox qadının rəğbət bəslədiyi bu üsul xərçəngin yaranma səbəbi ola bilər. Amerika Dərman və Qida Qurumu bildirir ki, kanserogen maddənin saçlara tətbiqi dəri xərçəngi və nəfəs yolu xərçəngi yarada bilər. Formaldehid bədənimizə tənəffüs yolu, həzm yolu və dəri məsamələri vasitəsi ilə daxil ola bilər. Keratin tətbiq edilən bütün insanlarda bu məhlul göz yaşarmasına, boğazın qıcıqlanmasına, asqırma və öskürməyə səbəb olur. Formaldehid bəzi həssas insanlarda burun qanamasına, yuxulama-mürgüləməyə də səbəb olur, dəri səpkiləri yaradır, baş ağrısı, baş gicəllənməsi, diqqət pozğunluğu və buna bənzər bir çox fərqli problemlər ortaya çıxarır. Formaldehidin astma yaratması isə Amerika Dərman və Qida Qurumu tərəfindən artıq təsdiq edilib.

Saçdığı dəhşəti bilsələr də, qadağan etmirlər

Daha maraqlısı isə odur ki, Amerikada Braziliya Keratinin zərərləri sübut edilsə də, hələ ki, tətbiqi qadağan edilməyib. Bu ölkədə dövlətin icazəsi ilə gözəllik mərkəzlərində və apteklərdə tərkibində yüksək nisbətdə formaldehid olan keratinlər satılır. Amma Kanada Braziliya istehsalı olan bu məhsulun ölkəyə girişini və tətbiqini qadağa edən ilk ölkədir. Bu ölkədə aparılan toksikoloji müayinələr nəticəsində isə məlum olub ki, keratinin tərkibindəki formaldehid normadan 42 dəfə çoxdur. Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzindən əldə etdiyimiz məlumata görə, Braziliya keratini ölkəyə gətiriləndə qeydiyyatdan keçmir. Mərkəzin rəsmisi bildirdi ki, bu məhlul kosmetik məhsul sayıldığından onun ölkəyə gətirilməsi və satılması üçün xüsusi icazəyə ehtiyac yoxdur.

Bəs qiyməti?

Bakıda fəaliyyət göstərən gözəllik salonlarında da qadınların saçlarını düzləşdirmək adı ilə xəstəlik yayılır. Hər 10 salondan 8-i bu işlə məşğuldur. Qıvrım saçlı xanımların arzusu olan düz və hamar saçlar yaradılır, əvəzində ona  yanmış və qurumuş saçlar bəxş edilir, böyük ehtimalla gələcəkdə yaranan xərçəng xəstəliyinin “toxumları səpilir”.

Bir neçə salona baş çəkdik, saçlarımı düzləşdirmək istədiyimi və keratinlə maraqlandığımı dedim, saçların uzunluğundan asılı olaraq qiymətlərin 80-200 manat arasında dəyişdiyini dedilər. Keratini hardan, necə əldə etdiklərini isə sirr kimi saxlayırlar. “Mən hardan bilim o saçlarıma zərər verməyəcək?” deyə irad bildirdikdə isə “indiyədək heç kim narazı qalmayıb” dedilər. Üstəlik, 200 manat ödəyib saçlarınızı düzləşdirməklə bitmir, siz saçınızın düz qalması üçün də xüsusi şampunlar və kremlər almalısınız ki, bunlar da ayda 40-50 manat civarında başa gəlir. Respublika Toksikologiya Mərkəzinin baş həkimi Azər Maqsudov isə keratinin zərərli təsirləri ilə bağlı onlara müraciətlərin olmadığını deyir: “Bu məsələ ilə bağlı hələ ki, zəhərlənmə qeydə alınmayıb, ona görə də, qəti nəsə demək  bir qədər çətindir”.

Lalə Mehralı

P.S. Yaradanın verdiyi görkəmə qane olun, süni yollarla əldə edilən heç bir gözəllik insana xeyir gətirmir. Qıvrım saçlarla gəzmək xərçənglə gəzməkdən yaxşıdır, elə deyil?





Həftənin ən çox oxunanları