Yuxarı

"Uşaqdan əvvəl valideynə psixoloq lazımdır"

usaq intihariUşaq intiharlarının qarşısına çəkilməyən sədd: ailə-məktəb birliyi Az qala hər gün intihar xəbəri eşitməyə adət etdiyimiz ölkəmizdə xəstəliklər, zərərli vərdişlər, “ağ ölüm” kimi intiharın da gəncləşməsi narahatlıq üçün çox ciddi əsas yaradır. Uşaqların intihar barədə düşünməsi belə dəhşətli olduğu halda, onların buna cəhd etməsi, bəzi hallarda da həyatlarına son verməyə nail olmaları üzərində daha ciddi düşünməli olduğumuz boşluqlardan xəbər verir. Uşaqların özünəqəsdə əl atmasının səbəbləri müxtəlifdir, bu barədə çox yazılıb. Psixoloq Şəhla Vəliyevanın sözlərinə görə, daha kiçik yaşlı uşaqlar üçün intihara cəhd daha çox ətrafdan diqqət çəkmək istəyi ilə bağlı olur:   “Belə uşaqlar xüsusən ailələrində özünə qarşı diqqətin az olduğunu düşünür. Belə fikirləşirlər ki, əgər valideynləri onu itirmək təhlükəsini hiss etsələr, daha çox sevəcəklər. Buna görə də, intihara oyun kimi baxırlar və nəticə isə əksər hallarda faciəli olur”.   İlk sevgi, ilk ümidsizlik Təbii ki, burda təbliğat vasitələrinin də rolu böyükdür. Nisbətən daha yuxarı yaşlarda ailələrin diqqətini cəlb etmək istəyinin yanında bir də ilk sevgi təzahür edir. Müşahidələr göstərir ki, gənc oğlanlar qızlara nisbətən rədd cavabını daha çətin qəbul edir, bəzi hallarda intihara cəhdlə xoşlandığı qızın sevgisini qazanmağa çalışırlar. Bu kimi meyllər uşaqların keçid dövründə daha çox müşahidə olunur. Buna görə də, valideynlərə məsləhət görülür ki, həmin dövrlərdə uşaqlarına “gizli nəzarəti” bir an belə əldən verməsinlər: “Demirik ki, uşaqların gözü qarşısında onun çantasına baxsınlar, ciblərini axtarsınlar, yaxud telefondakı mesajları oxusunlar. Bunu etsinlər, ancaq qətiyyən bundan uşağın gözü qarşısında yox. Əks təqdirdə bu da uşaqlara psixoloji təsir göstərə bilər. Çünki 13-14 yaşlı uşaqlar artıq özləri üçün bir kiçik dünya yaratmaq dövrünü yaşayırlar, həmin dünyaya kobud müdaxiləni qəbul edə bilmirlər”.   Anasının filmə baxmağa məcbur etdiyi uşaq intihar edib Psixoloqun sözlərinə görə, şəxsin davranışlarından onun intihar barədə düşündüynü müəyyən etmək mümkündür: “Doğrudur, istisnalar olur, amma uşaqlar o qədər məsumdurlar ki, onlarla söhbət, ürəkdən gələn səmimiyyət, sevgi onları bu dəhşətli fikirdən uzaqlaşdıra bilər. Yetər ki, valideynlər, müəllimlər daha diqqətli olsunlar”. Ümumilikdə isə, psixoloq uşaqları intihara aparan səbəbləri belə sadalayır: “Valideynin uşağı anlamaması, imtahan ərəfəsindəki hədə-qorxular, yeniyetməlik dövründə məcburi nikaha vadar etmə, ailədaxili zorakılıq, məktəbdə başqa şagirdlər, yaxud müəllim tərəfindən aşağılanma, cinsi zorlanma kimi səbəblər intihara aparır. Amma bu məsələ də uşağın psixikasından asılıdır. Uşağa müəyyən yaş həddində düzgün informasiya verməmək də intihara səbəb ola bilər. Məsələn, bir valideyn uşaq vaxtı zorlandığına görə guya uşağını qorumaq məqsədilə onu Fransa istehsalı olan bir filmə baxmağa məcbur etmişdi. Bu isə uşağa çox ciddi psixi təsir göstərmişdi, onun da başına belə bir iş gələ biləcəyini düşünüb intihar etmişdi”.  Psixoloq bildirir ki, ümumən asosial ailələrdə, nəzarətsiz həyat keçirən cütlüklərdə və zorakılıq hallarının tez-tez baş verdiyi ailələrdə uşaqlar arasında intihara daha çox rast gəlinir.   Ailə-məktəb birliyi: intiharın qarşısında sədd Bəzən isə kiçik bir diqqətsizlik uşaqları intihara sürükləyir: "14 yaşlı bir uşaq intihara cəhd edib. Hadisədən sonra məlum olub ki, o, intihar etmək istədiyini xoşlandığı, ancaq onu bəyənməyən qıza deyib, qız da sinif rəhbərinə xəbər verib. Ancaq sinif rəhbəri bunu ciddi qəbul etməyib, hətta valideyni xəbərdar etməyi belə düşünməyib. Doğrudur, o uşağı xilas etmək mümkün oldu, indi hadisədən 7-8 il keçib. Ancaq indiyə qədər də mən bu hadisənin baş verməsində valideynlər məhz müəllimi günahlandırır". Müsahibimiz deyir ki, uşaqların psixi problemlərindən yaranan intihar cəhdlərinin qarşısını almaq üçün ilk növbədə, ailə-məktəb birliyi vacibdir. Ancaq bu sahədə də ölkəmizdə vəziyyət ürəkaçan deyil. Qarşılıqlı ittihamlar problemi birlikdə müzakirə etməyə və aradan qaldırmağa mane olur. Hadisə baş verdikdən sonra tərəflər bir-birinə qarşı ittihamlar səsləndirir, məktəb uşağa ailənin nəzarət etməli olduğunu bildirir, ailə isə öz növbəsində məktəbdən gözləntilərini vurğulayır. Ancaq heç nə itirilmiş bir həyatı geri qaytarmağa kömək etmir.   Qanun nə deyir? “Təhsil Qanunu”na müvafiq olaraq təhsil sistemində uşaqların və yeniyetmələrin proqressiv psixi inkişafı, onların meyl, maraq və təbii imkanlarının reallaşdırılması, mümkün pozuntuların profilaktikasının təminatı üçün dövlət psixoloji xidmət üçün şərait yaradır. Qanuna əsasən psixoloji xidmət uşaq bağçalarında, müxtəlif tipli məktəblərdə, internatlarda təşkil edilməlidir. Psixoloji xidmətin təşkili və aparılması uşaqların əqli və fiziki inkişafının və sosial müdafiəsinin təmin olunması haqqında beynəlxalq və respublika aktları və qanunlarına əsaslanır. Psixoloji xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının təhsil sistemi üzrə qanunverici aktları və müvafiq normativ sənədləri və həmin Əsasnaməni rəhbər tutur. Psixoloji xidmət həm ümumi psixoloji hazırlıq, həm də uşaq, yaş və pedaqoji psixologiya, psixodiaqnostika, psixokorreksiya sahəsində həyata keçirilir. Məktəblərdə psixoloji xidmətin təşkili çoxsaylı problemlərlə yadda qaldı. Təhsil Nazirliyinin məlumatına görə, ilkin dövrlərdə əsas problem kadr çatışmazlığı olub. İxtisaslı psixoloq tapmaq və onların az maaşla məktəbdə işləməyə razı salmaq üçün cəhdlər göstərilib. Məktəbdə işləməyə razı olan psixoloqların işi isə çətinliklərlə müşayiət olunub. Kadr çatışmazlığını aradan qaldırmaq üçün hazırlanma kurslarından keçmiş müəllimlər psixoloji xidmət işlərinə cəlb olunub. Hazırda ölkənin məktəblərində psixoloq çatışmazlığı olmadığı bildirilir, ancaq kəmiyyətin hələ keyfiyyət olmadığını nazirlikdə də etiraf edirlər.   Hərənin öz psixoloqu, yoxsa yüzlərlə şagirdə bir psixoloq? Əsas problemlərdən biri məktəblərdə psixoloqlar üçün ayrılan ştat vahidinin azlığıdır. Yəni bir qayda olaraq məktəblərə bir psixoloq ştatı ayrılır ki, bu da ehtiyacı ödəmir. Bir neçə min şagirdi olan məktəbdə bir psixoloqun fəaliyyət imkanları xeyli zəifləyir. Məsələ bir neçə il əvvəl hökumət qarşısında məsələ qaldırılıb, hətta Bakı Şəhəri üzrə Təhsil İdarəsi müvafiq təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Daha sonra təklif Ailə, Qadın və Uşaq Problemləri zrə Dövlər Komitəsi tərəfindən də səsləndirildi. Ancaq ötən müddət ərzində problem həllini tapmayıb. Yəqin ki, bundan sonra da iqtisadi böhranın qapıda olduğu müddətcə də dövlət büdcəsindən əlavə ayırmalarla müşayiət olunacaq bu təkliflərin həyata keçməsi mümkün olmayacaq. Ümid qalır yenə məktəblərdə hələlik var olan psixoloqlara. Onların işi isə çox çətindir. Məsələn, şagirdlərlə qrup  halında konsultativ iş və nəticələrin tərtib edilməsinə  1,5-3 saat vaxt ayrılmalıdır. Bura  valideynlərə fərdi və qrup halında məsləhətin verilməsi, müəllimlərlə işgüzar oyunlar, treninqlər və psixoloji işin digər aktiv formalarının hazırlanmasını da əlavə etsək, psixoloqun görməli olduğu işin həcmini təsəvvür etmək çətin olmaz. İxtisaslı psixoloqların belə bu işin öhdəsindən çətinliklə gəldiyi bir zamanda, yenidənhazırlanma təhsili yolu ilə “Təhsildə sosial-psixoloji xidmət” ixtisasına yiyələnən psixoloqların vəziyətini təsəvvür etmək də mümkündür. Şagirdinin sayı yüzlərlə, bəzən isə minlərlə olan məktəbdə  psixoloqun uşaqlarla işləməsi ən azından zaman baxımından mümkün olmur. Bura uşaqlar, valideynlər arasında inamsızlığı, psixoloqa olan ənənəvi münasibətin hələ də dəyişməməsi, psixoloqun iş cədvəlinə şagirdlərlə yanaşı, valideyn və müəllimlərlə işin də daxil edilməli olduğunu nəzərə alsaq, vəziyyət daha da qəlizləşir. Yəqin elə bu səbəbdəndir ki, psixoloqlar işlərini dərs ilinin başlangıcında uşaqlar arasında insan xarakterinin müəyyən edilməsinə dair testləri paylamaqla bitmiş hesab edirlər. Valideynlər isə psixoloqları ümumiyyətlə, tanımır, bəziləri isə məktəbdə onların varlığından belə xəbərsizdirlər. Söhbətləşdiyimiz valideynlər arasında məktəb psixoloqunu tanıyana, onunla hansısa təmas qurana demək olar ki, rast gəlmədik.   Psixoloqdan direktora şikayət Ancaq bütün bunlar o demək deyil ki, məktəb psixoloqlarına qarşı ancaq tənqid prizmasından çıxış edək. 4 ilə yaxın müddətdə məktəbdə psixoloq işləyən Şəlalə Eyvazova deyir ki, işini çox sevdiyindən bütün çətinliklərə dözüb: “Uşaqlarla işləməyə sevgi lazımdır. Bu olmasa, sadəcə iş xatirinə işləmək nəticə verməyəcək. Mən məktəbə psixoloq kimi işə başlayanda sinif-sinif gəzirdim. Özümü təqdim edirdim, uşaqlar normal qarşılayırdı, valideynlər yox. Hətta bir dəfə aktiv bir şagirdin tədricən özünə qapardığını müşahidə etdim.  Bir ay davam edən müşahidələrdən sonra onunla söhbət etdim, müəyyən testlər keçirdik və məlum oldu ki, onda gələcəyə qarşı inamsızlıq yaranıb. Səbəb isə valideyn təzyiqi idi. 10-cu sinifdə oxuyan bu şagirdin çox gözəl rəssamlıq qabiliyyəti var idi. Ancaq atası müəllim, anası isə vəkil olmasını arzulayırdı. Hansı qrup üzrə hazırlaşacağını müəyyən edə bilmirdilər. Uşaq onların ikisinin arasında qalmışdı. Atası vəkilliyi qadına yaraşdırmırdı, “qızın işi müəllimlikdir” deyirdi. Anası isə qızını vəkil olmasını istəyirdi. Şagirdimiz isə rəssam olmaq arzusunda olsa da, ona hətta rəsm çəkməyi də qadağan etmişdilər ki, dərslərdən yayınar. Valideynləri mənim onunla test keçirdiyimi xəbər tutub məndən direktora, hətta yuxarı instansiyalara şikayət etdilər. Məni uşağın taleyinə müdaxilədə ittiham etdilər. Qəbul imtahanlarının nəticəsinə görə şagirdimiz keçid balını belə toplaya bilmədi, çünki çox böyük psixoloji təzyiq altında idi. 2 il sonra öyrəndik ki, ərə veriblər. Beləliklə bir istedadı məhv etdilər. Məktəbdən uzaqlaşsam da ondan mütəmadi xəbər tutmağa çalışıram. Depressiyadan hələ də çıxmadığını bildirdilər, baxmayaraq ki, artıq övladı da var”. Məktəbdən ayırılmasına gəlincə isə, həmsöhbətimiz bunu maaşın azlığı ilə izah edir: “Özəl müəssisələrdə, psixoloji xidmət mərkəzlərində  daha yüksək əmək haqqı verilir. Ümumiyətlə, psixoloq xidməti çox bahalı xidmətdir, dünyanın əksər ölkələrində bu belədir. Bizdə isə mətbuatda barəsində çox yazılan bir neçə psixoloq istisna olmaqla, əsasən saatı 20 manata xidmət göstərilir. Kifayət qədər də müraciət edənlər var. Maraqlıdır ki, məktəbdə psixoloqa müraciət etməyənlər kənarda 20 manat müqabilində bunu edirlər. Yəqin ki, bunun səbəbləri də insan psixologiyası ilə bağlıdır. İnsan işin dəyərini bir çox hallarda ona ödənilən vəsaitlə hesablayır. Digər tərəfdən, hələ də psixoloqlara yanaşma ümumi olaraq dəyişməyib. Valideyn övladını məktəbdə hamının gözü qarşısında psixoloqa getməsini istəmir. Bəzən isə uşaqdan əvvəl valideynə psixoloq xidməti lazım olur”. Sevil Ağazadə





Həftənin ən çox oxunanları