Yuxarı

İnşaatçıların maaş davası bitməyib

İnşaatçıların maaş davası bitməyib

azerinsaat“Azərinşaat”şirkətindən bir neçə aydır əmək haqlarını ala bilməyən işçilərin etiraz aksiyası Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dağıdılır. Bu haqda məlumatı Cebhe.info-ya “Azərinşaat” şirkətinin işçilərindən biri Seymur Ələsgərov verib. Onun sözlərinə görə, polis əməkdaşları onlara yürüşə başlamağa heç cür imkan vermir: “Aksiya keçirmək məqsədilə bura toplaşan 120 adamdan heç birimiz yerimizdən tərpənmirik. Vəziyyət elə də davam edəcək. Binəqədi rayon Polis İdarəsinin rəisi bizi xəbərdar etdi ki, aksiyanı dayandırın. Məsələ ilə bağlı sabah özümüz sizə cavab verəcəyik. İşçilər belə vədlərə artıq inanmırlar. Görək nəticə necə olacaq”.  “Azərinşaat” ın texniki departamentinin direktoru Hacı Rəcəb Heydərov fəhlələrin əmək haqlarının dünən veriləcəyinə dair söz versə də, vədinə əməl etməyib. Bu səbəbdən fəhlələr yenidən etiraz aksiyasına başlayıblar. 120 nəfərdən ibarət aksiya iştirakçıları “Azərinşaat”şirkətinin baş ofisi qarşısından, yəni “Dərnəgül” Ticarət Mərkəzinin yanından başlayaraq, “Azəryolservis”ə, oradan isə Prezident Aparatına doğru yürüş etməyi nəzərdə tutmuşdular.

“Azəryolservis” ASC-nin icraçı direktoru Kamran Rüstəmov “Dərnəgül” Ticarət Mərkəzinin qarşısında oturaq aksiya keçirən “Azərinşaat”ın fəhlələri ilə görüşüb. Belə ki, Kamran Rüstəmov 4 aydır ki, əmək haqlarını ala bilməyən şirkət işçilərindən 10 gün möhlət istəyib: “Kamran Rüstəmov bizə bildirdi ki, mənə bir həftə, 10 gün möhlət verin. Sizin əmək haqlarını hesablayıb sənəd şəklində banka göndərmişəm”. Seymur Ələsgərov onu da əlavə edib ki, aksiyaya toplaşanların heç biri bu vədə inanmır. Ancaq buna baxmayaraq 16 noyabrı gözləməklə bağlı təklifi qəbul ediblər: “O zamana qədər də gözləyəcəyik. Ancaq bu, son fürsət olacaq”. Xatırladaq ki, “Azərinşaat” ın texniki departamentinin direktoru Hacı Rəcəb Heydərov fəhlələrin əmək haqlarının dünən veriləcəyinə dair söz versə də, vədinə əməl etməyib. Bu səbəbdən 120 fəhlə yenidən etiraz aksiyasına başlayıb. Qeyd edək ki, şirkətin rəhbəri Məhəmməd Əli Alkan Türkiyə vətəndaşıdır və hazırda Azərbaycanda deyil. Şirkətin 1500 əməkdaşının 4 aydır maaş almadığı bildirilir. Şirkət işçiləri 5 gün əvvəl də əmək haqlarının verilməməsinə etiraz olaraq keçirib.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları