Yuxarı

AXCP sədrindən "Yeni Müsavat"a təbrik

AXCP sədrindən

AXCP sədri Razi Nurullayev "Yeni Müsavat" qəzetinin 26 yaşının tamam olması münasibətilə baş redaktor Rauf Arifoğlu və qəzetin kollektivinə təbrik ünvanlayıb. Təbrikdə deyilir: "Heç çəkinmədən demək olar ki, 26 ildir ki, “Yeni Müsavat” öz dəst-xəttini və populyarlığını saxlayıb. 26 il öndə olmaq hər mətbu orqana qismət olmur. Bu qismət qəzetin xalqa onun istədiyi informasiyanı verməsi anlamından irəli gəlir.

Həm müxalifət sözünü demək, sərt tənqidlər yazmaq, məhkəmələrdə çəkişmək, həm də sevimli olmaq çətin məsələdir. Amma qəzet bunu bacarıb. “Yeni Müsavat” ona görə sevimlidir ki, zamanı nəbzini tutaraq addımlayır, mətbuat trendlərini gözəl izləyir və oxucuların qəlbinə yol tapacaq yazılarla çıxış edir. Şər-böhtandan uzaq olmaq, təhqirlərə yol verməmək, sözü olana tribuna tanımaq bir dəyərdir. Bu dəyəri “Yeni Müsavat” saxlamaqdadır. Amma bu dəyər özündən deyən, şər və böhtan yuvasına çevrilən “Azadlıq” qəzeti üçün çox yaddır. Dəyərləri müqayisə edərkən “Azadlıq” qəzetinin “Yeni Müsavat”a uduzduğunu görürük. Çünki şər və böhtan üzərində köklənən qəzet millətin sevimlisi ola bilməz. Qəzetin dəyərlərindən biri də elə Rauf Arifoğludur. Çünki jurnalistə və dostluğa dəyər verə bilir. Ən böyük kollektiv saxlamaq və onları ailə üzvünə çevirmək böyük dəyərdir. “Yeni Müsavat”ın özəlliklərindən biri də onun jurnalist kollektividir. Məhz, yeganə kollektivlərdən biridir ki, qəzetə iş yeri kimi yox, dəyərlərə söykənən bir ehkam kimi baxır. Hər kəs qəzeti özünün iş yeri olmaqla bərabər həm də ideoloji bir məkan kimi görür. Bu məkan həm də böyük öndər Məmməd Əmin Rəsulzadənin irsindən - Müsavatçılıqdan qidalanır. Keçən əsrin əvvəllərində olan məfkurədən. Əfsuslar və yazıqlar olsun ki, Müsavatın indiki rəhbərliyi əski Müsavatçılıqdan çox uzaq düşüb.

Əziz Yeni Müsavatçılar, əziz dostlar!

Bir daha 26 yaşınızın tamam olması münasibətilə sizi ürəkdən təbrik edir və sizə daha böyük zirvələr arzulayıram!"

Cebhe.info





Həftənin ən çox oxunanları