Yuxarı

Hər gün gülün, güclü olun

Hər gün gülün, güclü olun

gulmekÜrəkdən gülmək şəkərli diabetdən də qoruyur, bədxassəli şişlərdən də…

Aparılan araşdırmalara görə, ürəkdən gülmək psixoloji və fizioloji baxımdan sağlamlıq gətirir. Səhərlər ürəkdən qəhqəhə ilə gülən insan hər dəfə bədənindən 10 qram artıq yağ atır. Beləcə hər gün davamlı gülüş bədəni artıq çəkidən qoruyacaq. Unutmayın ki, yeni bir günə necə başlayırsınızsa, bütün günü əhvalınız o cür olacaq. Ona görə günə hərəkətli, xoşbəxt və sevinc dolu başlayın, ürəkdən güldüyünüz bir neçə dəqiqə sizə əlavə ömür də bəxş edəcək.

Gülüş xoşbəxtlik hormonunu artırır

Qəhqəhə ilə gülmək insanın xoşbəxt olduğunu göstərir, xoşbəxt bir insanın bədəni və bütün orqanizmi də xoşbəxtlik hormonu ilə zəngin olur, beləcə orqanizm özünü gümrah hiss edir. Araşdırmalara görə, ürəkdən gələn bir qəhqəhə üz, sinə, daxili orqanlar və həzm sistemindəki əzələləri hərəkətə gətirir. Bununla əlaqədar olaraq həzmetmə sürətlənir və nəfəs darlığı yox olur.  Gülmə əsnasında əzələlər daha çox hərəkət etdiyi üçün bədən idman etmiş kimi olur. Ağrıya dözüm məhz gülməyi çox sevən insanlarda daha çoxdur. İmmunitet sisteminə gülüşün təsiri isə artıq bir neçə dəfə araşdırmalar nəticəsində sübut edilib. Qəhqəhə zamanı mərkəzi sinir sisteminiz hərəkətlənir, beyin stress hormonlarını uzaqlaşdıraraq xoşbəxtlik hormonu ilə əvəzləyir.

Gülüş orqanizmdə xoşbəxtlik hormonu olan endofrini çoxaldır, qəhqəhə ilə bədəniniz bir növ gimnastika edir. Qəhqəhə sizin bir gün boyunca pozitiv olmağınıza səbəb olur, işdə uğurlarınızı artırır. Gülməklə qəzəb, qorxu və kin hisslərini uzaqlaşdırmış olursunuz.

Gülüşü sosial layihə kimi qəbul edin

Gün ərzində həm evdə, həm işdə müxtəlif problemlərlə qarşılaşırıq, bizi yoran, özümüzdən çıxaran saysız-hesabsız problemlərin olduğunu inkar etmək doğru deyil. Sosioloq Nail Nəbi deyir ki, problemə hansı bucaqdan baxmaq işin ən vacib qismidir: “Problemlər sizi yormasın, çünki psoxoloji yorğunluq həyatdan küsməyin birinci əlamətidir. Bütün problemlərə rəğmən sahib olduğumuz hər şeyə görə şükür edib gülümsəmək hər bağlı qapının açarıdır”. Müsahibimiz deyir ki, gülüşü sosial bir layihə kimi qəbul edin, hesab edin ki, siz bu layihə üçün xüsusi öhdəlik götürmüsünüz, hər gün onu yerinə yetirməlisiniz: “Həyatınızı elə qurun ki, sizi üzən, kədərləndirən hadisələrdən maksimum uzaq olasınız. Unutmayın ki, gülüş səmimiyyət, doğmalıq kimi hisslərlə qardaşdır. Qəhqəhə beyindəki güvənsizlik hissini uzaqlaşdıraraq sizi ətrafınızdakı insanlarla doğmalaşdırır. Xoşbəxtlik digər duyğu və hisslər kimi qarşıdakı insana sirayət edə bilir”.

Xoşbəxt insanlar kökəlmir

Xoşbəxtliyin fərdlərin fizioloji və psixoloji sağlamlığı baxımından olduqca çox xeyri var. Psixoloq Aygün Həsənzadə bildirir ki, psixoloji gərginlik keçirən, stress yaşayan insanlarda kortizol hormonu artır, bu artım xüsusilə şokalada və duzlu qidalara həvəs yaradır, bunun nəticəsində isə insan piylənməyə meyllənir: “Ətrafınızda depressiyaya girəndə daim yemək istəyən insanlar mütləq var. Xoşbəxt insanlar ifrat qida istehlak etmirlər, necə deyərlər, onlar hissləri və xoşbəxtlikləri ilə doyurlar”.

Psixoloq bildirir ki, ürəkdən gülmək orqanizmi rahatladır, beyni sakitləşdirir, insanlara zövq və ümid verir, problemləri və kədəri unutdurur: “Sevgi və hörmətin, özünə inamın, ünsiyyətcil olmanın, qorxunu azaltmanın və asan münasibət qurnamın yolu gülümsəməkdən keçir. Acıqlı insanlar həm ətraflarına, həm də özlərinə zərər verirlər, bütün günü qaşqabaqlı gəzərək ətrafda mənfi enerjilərin toplanmasına, neqativ enerjinin yığılmasına səbəb olurlar. İnsanlar gülümsəməklə özlərinə inamı gücləndirirlər, cəmiyyət özünə inanan insanlarla dolu olduqda isə hər şey qaydasında olur, insanlar daha asan münasibət qurur”.

Bir gülüş yetər...

Alman professoru Heiner Uberin “Gülmə prinsipi” adlı kitabında bildirilir ki, gülməyin nə qədər xeyirli olduğunu bilsəydilər, insanlar hər gün durmadan gülərdilər. Alim yazır ki, ən yaxşı həkim insan özü ola bilər, amma bir şərtlə ki, hər gün gülsün, qəhqəhə çəksin. Uber gülüşün insan orqanizminin düşməni olan xəstəliklərə qənim kəsildiyini yazır.

O yazır ki, daim gülən insanların cinsi həyatı yolunda olur, gülüş onları soyuqdəymədən qoruyur. “Şəkər xəstəliyi gülüşdən qorxur” deyən professor əsrin bəlasına tutulmamaq üçün özünün də hər gün səbəbli-səbəbsiz bol-bol güldüyünü etiraf edir. Bundan əlavə o yazır ki, qəhqəhə təzyiqi normada saxlayır, orqanizmdəki ağrıları azaldır, stresi yox edir,  xoşbəxt edir, qəzəbi uzaqlaşdırır, həm fiziki, həm psixoloji gərginlikdən xilas edir, həzm prosesini yaxşılaşdırır, bədxassəli şişlərlə mübarizə aparır.

Bütün neqativ hadisələrə rəğmən gülün

Ən yaxşı dərman gülüşdür, bunu əsrlərin sınağından keçmiş ata sözləri, el məsəlləri də təsdiqləyir. Məşhur bir məsəldə deyildiyi kimi, əgər ömrünü iki dəfə artırmaq istəyirsənsə, yediyinin yarısı qədər ye, amma indi güldüyünün 3,4, lap 10 dəfə artığını gül.

Məlumat üçün qeyd edək ki, əgər gündə 10 dəqiqə qəhqəhə ilə gülürsünüzsə, hər dəfə 30 kalori itirirsiniz. Əgər artıq çəki ilə bağlı probleminiz varsa, o zaman gülməyi həyatınızın bir vacib işinə çevirin.  Həyatımızda olan bütün neqativ hadisələrə qarşı inadla gülün, çünki siz güldükcə, ətrafınızda yaranan müsbət aura sizi həqiqətən rahatladacaq, xoşbəxt edəcək. Üstəlik, güldükcə, həm bədəninizdəki artıq çəkidən qurtulacaqsınız, həm də orqanizminiz inanılmaz olsa da, bütün xəstəliklərə “əlvida” deyəcək. Siz sadəcə, hər gün ürəkdən qəhqəhə ilə  gülün.

Lalə Mehralı





Həftənin ən çox oxunanları